Sürücülük vəsiqəsinin müddəti bircə gün keçirsə… - Təklif
4-11-2017, 10:15

Sürücülük vəsiqənin müddəti bitən adam sürücülük hüququ olmayan sayılır. Qanunun formal tələbi belədir.
Axar.az xəbər verir ki, bu sözləri “Digesta” hüquq firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov sürücülük vəsiqəsinin etbarlılıq müddətinin bitməsi ilə bağlı sürücülərin yaşadığı problemdən danışarkən deyib. Onun sözlərinə görə, qanunun tələbi belədir ki, hətta etibarlılıq müddətindən bir gün ötübsə, şəxs sürücülük hüququ olmayan hesab edilir:
“Öz səliqəliliyi, intizamlılığı və qanunsevərliyi ilə seçilən tanışlardan biri bu günlərdə sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə 100 manat cərimə olunub. Mənə təəccüblə zəng vurub deyir ki, bəs diqqət etməmişəm, vəsiqənin etibarlılıq müddəti cəmi 5 gün əvvəl bitib. Polis sadə bir səbəbə görə saxladı, yoxlayanda məlum oldu ki, müddət bitib. Ona görə diqqətli olmaq və vaxt keçməmiş vəsiqəni dəyişmək lazımdır”.
Ə.Hüseynov təklif edir ki, Dövlət Yol Polisi sürücülərin telefonlarına qayda pozmaları, protokollar barədə mesajlar göndərirsə, sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi barədə də məlumat göndərə bilər:
“DYP-nin mərkəzi informasiya sistemində hər kəsin sürücülük vəsiqəsinə aid və başqa məlumatlar var. Sürücülərin törətdiyi qayda pozuntularının qeydiyyatı, onlara görə sürücülərə məlumat verilməsi də bu sistem vasitəsilə edilir. Məsələn, çoxlarına SMS gəlir ki, qaydanı pozmusan, barəndə protokol var. Bu sistemdən sürücünün vəsiqəsinin müddətinin bitməsinə az qalmış ona xəbərdarlıq SMS-i göndərmək üçün heç bir problem olmaz. Necə ki, indi bunu İcbari sığortalar bürosu (9707) edir. Eyni şeyi DYP də özü və ya “Asanpay” vasitəsilə edə bilər”.