ŞİRKƏT RƏHBƏRİ BORCLU OLDUĞU ŞƏXSƏ HÜCUM ETDİ! – “Hər şey kameraların qarşısında baş verdi, 102-yə şikayət etmişəm”

8-08-2018, 22:57           
ŞİRKƏT RƏHBƏRİ BORCLU OLDUĞU ŞƏXSƏ HÜCUM ETDİ! – “Hər şey kameraların qarşısında baş verdi, 102-yə şikayət etmişəm”
“Hermes S” MMC-nin Bakının mərkəzi hissəsində tikdirdiyi 17 mərtəbəli otel binasında işləyən 20-yədək usta və fəhlənin pulunun verilmədiyi haqda məlumat vermişdik. Bu barədə “AzPolitika.info”ya şikayət ərizəsilə müraciət edən şəxslərdən biri – briqadir Hakim Kərimov təxminən 1 saat əvvəl “Hermes S” MMC-nin sahibinin hücumuna məruz qalıb.

H.Kərimov əməkdaşımıza bildirib ki, bu gün qarşı tərəfin dəvəti ilə şirkətin borclu olduğu şəxslərdən biri olan Oqtay Talıbovla birlikdə “Hermes S” MMC-nin məsul şəxslərindən olan Akif müəllimlə görüşüblər. “Akif “AzPolitika”ya şikayəti kimin etdiyi ilə maraqlandı. Bildirdik ki, biz etmişik, bu bizim hüququmuzdur. Gərginlik yarandığından Oqtay görüşü tərk etdi. Mən onunla bir qədər də söhbət etdikdən sonra oranı tərk edirdim. Bu zaman şirkətin sahibi Ağa ilə qarşılaşdıq. O məndən soruşdu ki, mənə borcları varmı. Təsdiq edəndən sonra mənə hücum etdi, yumruq, təpiklə zərbələr endirməyə başladı. Sözsüz ki, mən onun cavabını layiqli şəkildə verə bilərdim. Lakin təxribata uymadım. Akif və digərləri araya girib, onun qarşısını aldılar. Hadisə müşahidə kameralarının qarşısında baş verdi”.

H.Kərimov bildirib ki, şirkətin ofisini tərk etdikdən dərhal sonra DİN-in 102 xidmətinə zəng vurub, şirkət rəhbərinin hücumuna məruz qaldığı haqda məlumat verib.

“İnanıram ki, hadisə obyektiv araşdırılacaq və Ağa məsuliyyətə cəlb olunacaq. Bir daha qeyd edirəm ki, hər şey kameraların qarşısında baş verdi”.

Xatırladaq ki, 20-yə yaxın usta və fəhlə “Hermes S” MMC-dən ümumilikdə 30 min manata yaxın zəhməthaqqını ala bilmədiklərini iddia edirlər. “AzPolitika”nın dünənki buraxılışında bu barədə geniş məlumat verilib.

“Hermes S” şirkətinin mövqeyini öyrənməyə çalışırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.