ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə mindi
27-08-2018, 09:02

Solsberi hadisəsi ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Vaşinqton vaxtı üzrə 00:00-da (Bakı vaxtıilə 8:00-da –red.) qüvvəyə minib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti tərəfindən dərc edilmiş sənəddə deyilir.
“Sərəncam 27 avqustda qüvvəyə minir. Dövlət Departamenti müəyyən etdi ki, Rusiya Federasiyası beynəlxalq hüququ pozaraq öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etdi”, - Dövlət Departamentinin məlumatında qeyd edilib.
Sanksiyalara uyğun olaraq xarici kömək haqqında qanun üzrə Rusiyaya Amerikanın istənilən köməyi dayandırılmalıdır.
Moskva kimyəvi silahı bundan sonra tətbiq etməyəcəyi barədə inandırıcı zəmanətlər verməsə, ABŞ hakimiyyəti 3 ay sonra - 2018-ci ilin payızında Sergey Skripal işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketini qəbul etmək niyyətindədir.
Sanksiyaların ikinci paketi diplomatik münasibətlərin əhəmiyyətli ixtisarını, “Aeroflot” dövlət aviaşirkətinin ABŞ-a uçuşlarının dayandırılmasını, həmçinin ixrac və idxala demək olar ki, tam məhdudiyyətin tətbiqini özünə daxil edə bilər.
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London və Vaşinqton hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.