Nura Surinin tövsiyə etdiyi dərmanla bağlı həkim rəyi - “Təhlükəlidir, immuniteti zəiflədir”

18-06-2020, 18:37           
Nura Surinin tövsiyə etdiyi dərmanla bağlı həkim rəyi -

Tanınmış müğənni Nura Surinin sosial şəbəkələrdə koronavirusa qarşı istifadə üçün məsləhət gördüyü dərman preparatları müzakirəyə səbəb olub.
İfaçının “Deksametazon” və “Prednezalon” adlı dərmanları məsləhət görməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar müğənnini insanların sağlamlığını təhlükə altında qoymaqda və dərman şirkətləri ilə çalışaraq onları reklam etməkdə ittiham ediblər.
Yenisabah.az-a danışan N.Suri bu ittihamların yersiz olduğunu, heç bir şirkətlə əməkdaşlıq etmədiyini bildirib:
“Mən o dərmanı paylaşdıqdan sonra sosial şəbəkədə “apteklərdə dərman tapılmır” yazaraq məsxərəyə qoyanlar öz dostlarımdır. Həmin dərman preparatları haqqında bütün saytlarda yazılıb, mən də öz səhifəmdə paylaşaraq yazmışam ki, bu şey onsuz da var idi. Guya ki, indiyə qədər həkimlər bilmirdi ki, “deksametazon”la ciyər açılır, nəfəs almaya kömək edir? Bütün xarici saytlar paylaşıb bunu. Bu açıqlamanı bütün dünya alimləri verib ki, virusun müalicəsində digər dərmanlardan əlavə, bunlardan da istifadə edilir. Protokola uyğun dərmanların siyahısı paylaşılıb.
Sonradan həmin statusu yazanlar da mənim öz dostlarımdır. Onlar o adamlarla məzələnirlər ki, hansılar ki, deyirlər Nura xanım yazdı hamı gedib apteklərdən o dərmanı aldı. Noldu, ölkə mənim dediyimlə oturub-durur? Belə ittihamlar yazan adamların ağlı topuğundadır. Mən öz başıma gələn hadisəni yazmışam ki, oğlum dünyaya gələndə belə olmuşdu. Bu dərmandan istifadə etmişdim. Bunu şişirtmək lazım deyil. Heç bir şirkətlə əməkdaşlıq etmirəm”.
Qeyd edək ki, bəhs edilən dərman haqda həkimlər xəbərdarlıq ediblər.
Tanınmış həkim Fərhad Qarayev sosial şəbəkədə bu barədə fikirlərini bölüşərək vətəndaşları ehtiyatlı olmağa səsləyib:
“Mediada koronanın müalicəsində istifadəyə tövsiyyə olunan axırıncı "ucuz dərman" haqqında bilmədikləriniz. Ehtiyatlı olun. Bu camaatın “qarmanalni” deyib qəbul etmədiyi həmin dərmandır. Ucuz deyib keçməyin. Hipertenziya, şəkərli diabet, osteporoz (sümüyün əriməsi), mədə xorası (mədə deşilməsi) kimi yan təsirlərindən əlavə, immuniteti də zəiflədir. Onsuz da COVİD-19 dan əziyyət çəkən pasiyentlərə bu dərman verilir. Pnevmaniyanın müəyyən mərhələsində - alveolların autoimmune fibrozlaşması başladıqda. Qısası, xüsusi göstəriş olduqda. Yəni ondan tez verildikdə mənasız və fəsadlıdır, gec verildikdə də mənasızdır. Yəni bu məqaləni oxuyan insanlar adi öskürəkdən qorxaraq bu dərmanı alıb atmağa başlasa, yuxarıda sadaladığım digər orqanlara olan yan təsirlər bir kənara, koronavirusa yoluxmasa belə, immun sistemi bu dərmanla zəiflədiyi üçün özü özünü heç nədən bakterial pnevmaniyaya düçar edə bilər”.
Azərbaycan Tibb Jurnalının baş redaktor müavini, tanınmış tibb işçisi Fuad İslamzadə də sözügedən dərmanın preparation yoluxma riskini artırdığını qeyd edib:
“Deksametazon adlanan sintetik hormon preparatının yeni infeksion xəstəlik olan kovir 19-un müalicəsində müsbət effekt verdiyi haqqında xəbərlər çox sürətlə yayılıb və hətta telekanallarımızın xəbərlər proqramına da yol tapıb. Buna görə vətəndaşlarıma xəbərdarlıq edirəm ki, bu preparatı almaqdan ötrü apteklərə getməyə tələsməsinlər. Məsələ ondadır ki, bu preparat yeni növ koronovirusun törətdiyi xəstəliyin yalnız ağciyər ağırlaşmaları ilə müşayiət edilən son mərhələsində müəyyən təsir göstərə bilər. Deksametazonun profilaktik məqsədlə istifadə edilməsi isə bu xəstəliyin inkişafının qarşısını ala bilməz və hətta immun sistemin fəaliyyətini zəiflətmək yolu ilə yoluxma riskini artıra bilər. Yadınızdadırsa, koronovirusun yayıldığı ilk vaxtlarda guya zəncəfilin bu xəstəliyin qarşısını aldığı haqda geniş təbliğat aparıldı və bu təbliğat zəncəfilin qiymətinin 7-8 dəfə artımına səbəb olmaqdan başqa heç bir effekt vermədi.Amma zəncəfilin faydası olmasa da, ən azı mənfi təsiri də yox idi. Deksametazon isə çoxsaylı yan təsiri olan və orqanızmdə arzuedilməz dəyişikliklər törədə bilən preparatdır və bu preparatı yalnız müvafiq bilgilərə malik olan, onun müsbət təsirinin hansı hallarda yan təsirlərindən üstün olduğunu müəyyənləşdirə bilən həkimin təyinatından sonra tətbiq etmək lazımdır”.
Paylaş:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.