Xocalının ilk şahidi - Ukraynalı pilot Bakıya gəlir
23-02-2016, 13:18
Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviç sabah Bakıya gələcək. Vertikal.az xəbər verir ki, bu barədə məlumatı Azadinform-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Ukraynadakı baş koordinatoru Hikmət Cavadov verib.
H.Cavadov bildirib ki, Kraveç Leonid Markoviç fevralın 24-27 tarixlərində Bakıda UABD-nin Xocalı qətliamına həsr olunmuş silsilə tədbirlərində iştirak edəcək. O, Azərbaycana səfərini Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayacaq. Daha sonra onun UABD sədri Hikmət Cavadovun müşayiəti ilə Hərbi Prokurorluqda, Diasporla iş üzrə Dövlət Komitəsində və BDU-da görüşləri olacaq.
Fevralın 25-də saat 11:00-da Kraveç Leonid Markoviç Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlər üçün brifinq keçirəcək, Xocalıda gördüklərini danışacaq. Mətbuat konfransının ardınca UABD-nin təşəbbüsü ilə Ukraynadan gətirilmiş və Xocalı soyqırımından bəhs edən rəsm əsərlərinin sərgisi təşkil olunacaq. Əsərlərin müəllifi – Ukrayna Rəssamlar İttifaqının üzvü və UABD-nin fəallarından Rasim Seydimov çəkdiyi əsərlər haqqında geniş məlumat verəcək.
Leonid Kraveç Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tövsiyəsi və dəstəyilə çəkilmiş “Cəhənnəmi görmüş pilot” sənədli filminin təqdimatına da qatılacaq. Leonid Kraveçin də çəkildiyi film fevralın 26-da saat 11:30-da Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbirdə təqdim olunacaq layihələr sırasındadır. Film Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb. Layihənin müəllifi və rəhbəri UABD-nin sədri Hikmət Cavadov, rejissoru isə Elmar Məlikovdur.
Fevralın 27-də Kraveç Leonid Markoviç Azərbaycan KİV nümayəndələrilə Gəncə şəhərinə səfər edəcək.
Qeyd edək ki, Kraveç Leonid Markoviç Gəncədə hərbi xidmətdə olub, yaşayıb və məhz 24 il əvvəl Xocalıya Gəncədən uçub.
[media=https://www.youtube.com/watch?v=px5XBWos1ZQ]