“Məhəbbət haqqında çəkilən verilişdə Könül niyə demədi ki, “Laçınım”ı o, bəstələyib?..”

9-09-2021, 19:37           
“Məhəbbət haqqında çəkilən verilişdə Könül niyə demədi ki, “Laçınım”ı o, bəstələyib?..”
Xəbər verdiyimiz kimi Əməkdar artist Könül Kərimovanın müsahibəsi zamanı “Laçınım” mahnısının bəstəsinin ona aid olduğunu deməsi bir neçə gündür ki, müzakirələrə səbəb olub. Bəstəkar Elnur Baxış da açıqlaması zamanı mahnının bəstəsinin Məhəbbəd Kazımova aid olmasını təsdiq edib və o zaman bu hadisənin şahidlərindən birinin də Xalq artisti Yasin Qarayev olduğunu bildirib.

Teref.az xəbər verir ki, Moderator.az-ın əməkdaşı məsələylə bağlı Xalq artisti Yasin Qarayevlə əlaqə saxlayıb və aktyor da öz fikirlərini bizimlə bölüşüb:

“Bu nə məsələdir ki, aləmi bir-birinə qatıblar. İndi durub məhkəmə qurmalıyam? O, kişini Allah rəhmət eləsin, indi haqq dünyasındadır, dünyadan köçüb. Məhəbbət böyük sənətkar idi, tarixə düşdü. İndi kimsə reklam xatirinə onun adını hallandırırsa, düzgün deyil axı. Biri durub ansamblının adını Məhəbbət Kazımovun adına adlandırır. Bu ad dövlət tərəfindən, Mədəniyyət Nazirliyi tərəfindən verilə bilər. Sənə kim deyib ki, bu adı ansamblına veribsən?

“Laçınım” şeirini Məhəbbət müəllimin yerlisi yazıb, vallah adlarını da unutmuşam. Mənim orda şeirə düzəlişim nə ola bilərdi ki, Laçının flora və faunasını bilmirəm. Yeganə rayondur ki, orda olmamışam, amma bütün Azərbaycanı gəzmişəm. Məhəbbət yazıq həmişə deyirdi ki, Laçın işğaldan azad edilsin torpaqlarımıza qayıdaq. Məsələn, mən Məhəbbətin böyük qardaşı Əhliyyətdən soruşmuşam ki, Laçında nə var? Deyib ki, Həkəri çayı var, demişəm ki, bunu şeirə əlavə edin.

Məhəbbət haqqında bir neçə veriliş olub və ora Könül xanım da çağırılıb. ATV-də Nanə xanımın verilişində bütün incəsənət xadimləri iştirak edib. Könül xanım da o verilişdə idi və niyə orda demirdi ki, mahnını o bəstələyib? Axı orda da bu məsələ qalxmışdı. Könül musiqi savadı olan bir müğənnidir, küçədən keçə müğənni deyil, o konservatoriyanı qurtarıb. Məhəbbətin bir neçə mahnısı var ki, onları indi Mirələm oxuyur. Məsələn, “Təkcə mənim olaydın” mahnısını dəqiq bilirəm ki, Könül yazıb. Könülü məşhur edən “Yar başına dönüm” sənin mahnısı idi. Əvvəla “Laçınım” mahnısı notla yazılmayıb, Məhəbbət rəhmətlik musiqini beynində tuturdu, ansambla zümzümə edirdi və belə mahnını ifa edirdilər. Orda mən olanda Könül olmurdu, mən olmayanda Könül olurdu. Yalandan durum deyim ki, ideyanı Könül verib, bilmirəm. Amma bir həqiqət var ki, Könül deyir ki, mahnını mən bəstələmişəm. Onun musiqi savadı var. Adətən bəstəkarlar mahnı bəstələyəndə hər bir musiqi aləti üçün onu bəstələyirlər, elə deyilmi? Qoy onda Könül xanım mahnının pianino variantını təqdim etsin. Desəm ki, “Qarabağ şikəstəsi”ni babam yazıb onda inanarsınız? Elə deyil axı, sübut lazımdır.

“Laçınım” mahnısını Məhəbbət yaza bilər, Könül yox. Çünki söhbət orda Laçın fəryadından gedir və onu da Məhəbbət oxuya bilər. Onda o yanğı var idi. “Laçınım” mahnısını Elnarə Abdullayeva oxudu, Allah canın sağ eləsin, yaxşı xanəndədir. Amma “Laçınım” mahnısı onluq deyil. Çünki musiqinin də öz qanunları var. Məsələn, Əlibaba Məmmədovun “Humayun” ansamblı var idi və “Humayun” muğamını qarabağlı qətiyyən oxuya bilməz. “Qarabağ şikəstəsi”ni də Ağaxan Abdullayev oxuya bilməzdi. Çünki hər bölgənin, hər yerin özünün xüsusi yeməkləri var. Bakının düşbərəsini Şəmkirdə hazırlaya bilməzlər, mən şəmkirliyəm. Bu qanunlarla onların yanında oldun və ya olmadın məntiq özü deyir ki, bu Məhəbbətə aiddir.

Məhəbbət çox vətənpərvər bir insan, müğənni idi. Siz bilirsiniz ki, Məhəbbətgil ailədə səkkiz bacı və dörd qardaş olublar. Böyük qardaşı Əhliyyəti əsgərliyə çağırıblar. Məhəbbətin isə heç ölənə qədər pasportu yox idi, nəsə lazım olanda mənim pasportumla edirdi. O vaxt Məhəbbət qardaşının yerinə üç il əsgərlik edib ki, Əhliyyət evdəki uşaqlara baxsın. Əsgərlikdən gələndən sonra öz əsgərlik vaxtı çatıb və yenidən ordu sıralarına qayıdıb. Bir daha təkrar edirəm ki, Məhəbbət çox vətənpərvər insan idi, Laçınım deyiləndə gözündən yaş axırdı. Nə Məhəbbəti, nə də Könülü tanıyım və qıraq yerdə olum desinlər ki, “Laçınım” mahnısını kim bəstələyib? Deyərdim ki, Məhəbbət bəstələyib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.