“Əgər bu ada layiq deyiliksə, desinlər, məktub yazıb kağız sənayemizə zərbə vurmayım...” - ETİRAZ

29-11-2021, 19:09           
“Əgər bu ada layiq deyiliksə, desinlər, məktub yazıb kağız sənayemizə zərbə vurmayım...” - ETİRAZ
“Vallah, mən bu haqda nə deyə bilərəm?! Hər şey göz qabağındadır. Millət vəkilləri belə danışırsa, biz sıravi adamların danışmağa heç ehtiyacı da yoxdur. Bu barədə nə qədər danışmaq olar”.

Bunu Moderator.az-a açıqlamasında “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov deyib

“Teatrımızın 25 illiyindən bu günə kimi artıq beş ildir ki, yalvara-yalvara qalmışam. Məktub qalmayıb yazmayım. Bizim elə aktyorlarımız var ki, 20-ci əsrin çempionlarıdır, amma fəxri adsız qalıblar. Hansı ki, mədəniyyət sahəsində canlarını qoyublar. Çox təəssüflər olsun ki, indiyə kimi fəxri ad almayıblar. Yaxşı olardı ki, fəxri adlarla bağlı meyarlar qoyulsun və biz də işimizi bilək. Bəlkə biz doğrudan da buna layiq deyilik, desinlər, mən də boş-boşuna məktub yazıb kağız sənayemizə zərbə vurmayım... Beş il ərzində məktublar yazmışam, indi də teatrın otuz illiyidir və ilin əvvəlindən də məktublar yazıram. Dəfələrlə soruşuram ki, bizim xahişimiz, yalvarmağımız Cənab Prezidentə çatırmı? Vallah, mən axırıncı məktubu yazanda söz verdim ki, nə yalvarmayacam, nə də heç nə istəməyəcəm. Axı adamın da öz mənliyi olmalıdır.

Məsələ burasındadır ki, bizdən sonra gələn “müğənniciklər” artıq Xalq artistidir. Bəs onda bu meyar hardadır, bu nə dərəcədə düzgündür?! Mən belə başa düşdüm ki, yəqin biz buna layiq deyilik. Ona görə də fəxri adları ala bilmirik”.

Qeyd edək ki, bir neçə gün əvvəl mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında fəxri adların verilməsi ilə bağlı meyarların hazırlandığını demişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.