Tanınmış Azərbaycan əsilli amerikalı musiqişünas Aida Hüseynova ABŞ-da vəfat edib
22-06-2022, 08:48

Tanınmış Azərbaycan əsilli amerikalı musiqişünas, İndiana Universitetinin Ceykob Musiqi Məktəbinin müəllimi Aida Hüseynova ABŞ-da vəfat edib.
Aida Hüseynova “Mərkəzi Asiya musiqisi”, “Kembric xor oxucusu”, “İslam mədəniyyətlərində qadın ensiklopediyası” və Alman musiqi ensiklopediyası olan “Die Musik in Geschichte und Gegenwart” jurnallarının müəlliflərindən biri olub.
Görkəmli musiqiçinin irsi musiqişünaslığa, musiqi ifaçılığına və təhsilə verdiyi töhfələr, xüsusilə də “Azərbaycan musiqisi: muğamdan operaya” adlı mükəmməl monoqrafiyası ilə davam edəcək. Bu monoqrafiya ABŞ-da və bütün dünyada Azərbaycan musiqisinin əsaslarını və xüsusiyyətlərini ətraflı təsvir edən ilk hərtərəfli tədqiqat kimi tarixə düşəcək.
O, Yo-Yo Manın bədii rəhbərliyi altında olan “İpək Yolu” Ansamblında elmi məsləhətçi vəzifəsində çalışıb, eləcə də 2016-cı ildə Mark Morrisin rəqs qrupununa elmi məsləhətçilik edib. A.Hüseynova həmçinin “Kronos Kvarteti” qrupunun Azərbaycan musiqiçiləri ilə əməkdaşlığı üzrə elmi məsləhətçisi olub. Bu layihə çərçivəsində o, 2012-ci ildə Stanford Universitetində və Berkli Kaliforniya Universitetində konsert öncəsi çıxışlar edib, seminarlar keçirib.
Aida Hüseynovanın ABŞ və Avropanın bir çox universitetlərində, o cümlədən İndiana, Harvard, Prinston, Kolumbiya, Ohayo, Kaliforniya (Berkli), Çikaqo, İllinoys və bir çox başqa ali təhsil müəssisələrində mühazirələri dinlənilib.
Ruhu şad olsun!
azertag.az