Nadir onları yerdən-yerə vurdu: - “Qadağa qoyulsun, töhmət verilsin!”
20-11-2023, 18:38
“Televiziyalardakı vəziyyət faciəvidir, bu, sondur, artıq burdan o tərəfə yoxdur. Mən həm bir ifaçı, həm də vətəndaş olaraq rica edərdim ki, bu məsələyə dövlət səviyyəsində baxılsın və bir çoxuna qadağa qoyulsun”.
Bu sözləri Yenisabah.az-a müğənni Nadir Qafarzadə deyib. O, televiziyalarımızdakı vəziyyətin illərdir acınacaqlı olduğunu bildirib:
“Televiziyaya baxıb dərs götürməyi bacaran insanlar var, biz zamanında efirə baxıb aktyor, aktrisalardan, müğənnilərdən bir çox yaxşı xüsusiyyətləri götürürdük, telekanalda yaxşıları təbliğ edirdilər. Bu günsə tamaşaçını qınayırıq ki. onların zövqü pisdir. Amma onların zövqünü biz özümüz pis etdik, bəzi müğənnilər etdi. Ona görə də tamaşaçını qınamaq lazım deyil. Hər şeyi tamaşaçının üstünə atmaq lazım deyil, biz tamaşaçıya yaxşını təbliğ etsək onlar da baxacaq, baxmaq istəmədikdə də əlində pult var, çevirəcək başqa kanala. Başqa kanalda da yaxşı şeyləri təbliğ etsələr, tamaşaçı da görəcək ki, bütün telekanallar belədir və məcbur olacaq ki, buna baxsın. Ona görə də bu barədə mütləq tədbir görmək, məsələni çözmək lazımdır”.
Sənətçi qeyd edib ki, problem kökündən həll edilməli, telekanalların səviyyəsini aşağı salan şəxslər mütləq cəzalandırılmalıdır:
“Bu problem kökündən həll edilməlidir. Bu qaydalara uymayan verilişlərə də xəbərdarlıq edilsin, töhmət, cərimə olunsunlar. Bəzi verilişlərə və aparıcılara bunu tətbiq etmək lazımdır.
Özünə hörmət edən sənət adamları, içi mən qarışıq çox vaxt televiziyadan qaçır, onlar verilişlərə getmək istəmir. Demirəm ki, mən ideal insanam, əsla! Mənim də zamanında səhvlərim olub, bəlkə bu gün də var, amma çalışıram ki, onları təkrar etməyim. Yəqin ki, bu açıqlamamdan sonra da bəziləri yazacaq ki, “guya sən özün nəsən?!” amma qeyd edim ki, mən özüm də ideal deyiləm. Heç kəs ideal deyil”.