Britaniyalı model Lusiana Kertis, əri və 11 yaşlı oğlu Braziliyada qaçırılıb.
Bu barədə Daily Mail məlumat yayıb.
Beyonse ilə birlikdə çalışmış, “Marie Claire” və “Cosmopolitan” jurnallarının üz qabığına çəkilmiş Lusiana Kertis San-Pauluda restorandan çıxarkən fotoqraf əri Enrike Gendre və 11 yaşlı uşağı ilə birlikdə girov götürülüb. Silahlı soyğunçular onları pusquya salaraq təxminən 12 saat saxlayıb, avtomobillərini oğurlayıblar və onları azad etməzdən əvvəl bank hesablarından pul götürüblər.
Hadisə noyabrın 28-də axşam saatlarında məlum olub. Ailənin böyük oğlu valideynləri və qardaşının evə qayıtmadığını görərək, polisə müraciət edib. Lusiana Kertis, əri və kiçik uşağı polis onları axtarmağa başlayanda cinayətkarlar tərəfindən sərbəst buraxılıb. Hüquq-mühafizə orqanları kömək üçün yerli sakinlərə müraciət edib, bundan sonra cütlük təhlükəsiz yerə aparılıb./Lent.az