Nadir Qafarzadə ilə Flora Kərimova arasında "çörək davası"
5-10-2015, 12:39
Müğənni Nadir Qafarzadə ilə xalq artisti Flora Kərimova arasında qalmaqal yaşanıb. Lent.az-ın məlumatına görə, xalq artistinin N.Qafarzadə haqqında söylədiyi “Sənə çörəyi mən vermişəm” sözləri ikincinin xoşuna gəlməyib.
N.Qafarzadə F.Kərimovanın fikirlərini cavabsız qoymayıb. O, deyib ki, hər zaman özündən böyüklərə hörmət edib, Flora xanıma da hər zaman hörmətlə yanaşıb: "Amma bu o demək deyil ki, mənlə duet oxuduğunu başıma vurmalıdır. Hər dəfə müsahibəsində “Sənə çörəyi mən vermişəm” deyə məni pərt etməməlidir. Hər bir bəndənin çörəyini Allah yetirir. Sadəcə biz vasitəçiyik. Ona qalsa, mən də sayı bilinməyən işlər görmüşəm. İndi durub onu kiminsə başına vurum? Uşaq deyiləm, 44 yaşım var. Yetər artıq. İnsanın səbr kasası deyilən bir şey var. Artıq susmayacağam. Bundan sonra barəmdə danışan olsa, layiqli cavablarını alacaqlar. Hələlik isə bəzi yaşlı nəslin nümayəndələrindən xahiş edirəm ki, biz cavanları rahat buraxın. Elə edin ki, hər zaman hörmətli olasınız. Sözlərim bəzilərini aiddir. Bundan sonra məndən hörmət görmək istəyən yaşlı nəslin nümayəndələri özlərini ağsaqqal və ağbirçək kimi aparsın".
N.Qafarzadə bildirib ki, o, Flora xanımla düşmən deyil, qarşılaşsa, Allahın salamını verəcək: "Alsa da sağ olsun, almasa da. Xatırladım ki, mən bu sənətə hələ 80-ci illərin əvvəlində öz zəhmətimlə gəlmişəm. Allah da məni mükafatlandırıb. Çünki Allahıma xor baxmamışam və naşükür olmamışam. Şadam ki, əziyyətim hədər getməyib. Xalq tərəfindən sevilmişəm və bu günə qədər də sevilməkdəyəm. Özümdən razı deyiləm. Bu sözləri dəvət olunduğum tədbirlər və məclislər sübut edir. Azərbaycanda 5 oxuyandan biri mənəm. Heç kimlə işim yoxdur. Başımı aşağı salıb, öz işimlə məşğulam. Və son xəbərdarlığımdır. Bundan sonra yaşından aslı olmayaraq mənə sataşan bütün ifaçılar öz cavablarını pis formada alacaqlar".
Müğənninin sözlərinə görə, Flora xanım onun uşaqlıq illərinin sənətkarıdır: "İstəməzdim ki, belə olsun. Amma bunu ona yaraşdırmadım. Mənim onunla işim yoxdur. Hər zaman kiçiklik etmişəm. Amma daha bəsdir, yetər. Hər şeyin bir sonu var. Kişi müğənniləri mənim paxıllığımı çəkəndə anlayıram, amma qadınlar paxıllıq çəkəndə məəttəl qalıram. Bəlkə Azərbaycandan köçüm? Azərbaycanda kimin yerini dar etmişəm?".
Qeyd edək ki, N.Qafarzadə F.Kərimova ilə “Darıxmışam sənin üçün”, “Dözmür ürək” adlı mahnıları duet oxuyub.