Təbrizin imam cüməsindən Qarabağ dəstəyi - Fotolar
15-10-2018, 09:10
Əli Haşim: “Biz Qarabağ məsələsində daim Azərbaycanla eyni mövqedə olmuşuq”
Azərbaycan Respublikasının vətəndaş cəmiyyətinə aid olan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən səfərdə əsas məqsəd İran ictimaiyyətinə Qarabağ həqiqətlərinin çatdırılması, iki qonşu ölkə arasında xoş münasibətlərin daha da inkişaf etdirilməsinə yardımçı olmaqdan ibarətdir.
İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti oktyabrın 14-də Təbrizin imam cüməsi Seyid Məhəmməd Ali Haşim ilə görüşüb. İmam cümənin iqamətgahında keçirilən görüşdə QAT sədri Akif Nağı, VİP sədri Əli Əliyev, QAT sədrinin müavini İlqar Əliyev, şərqşünas alim Əkbər Bağırov, Hacı Rövşən Əhmədov və Eldəniz Quliyevlə yanaşı, Təbriz Universitetinin tanınmış ziyalıları, həmçinin media mənsubları iştirak edib. “Yeni Müsavat”ın İrana ezam olunmuş əməkdaşı xəbər verir ki, əvvəlcə “Təbrizin səsi” radiosunun sədri Mehdi Nalbənd Azərbaycandan gəlmiş nümayəndə heyətini təqdim edib. Nümayəndə heyətinin Təbrizdə bir sıra görüşlər keçirdiyini, həmçinin Təbriz Universitetində (konfrans barədə ayrı yazı dərc olunacaq-E.P.) Qarabağın işğalına, o cümlədən dünyada mövcud olan terror və separatizmə həsr olunmuş geniş konfransın uğurla baş tutduğunu bildirib.
Hacı Rövşən Əhmədov imam cüməyə səmimi qəbul üçün təşəkkür edib. Eyni zamanda o, Təbrizin imam cüməsinə bu vəzifəyə təyin olunması münasibətilə təbriklərini çatdırıb. Ardınca Qarabağın Ermənistanın işğalı altında qalması, həmçinin regiondakı işğal, separatçılıq və terrorla bağlı konfrans barədə məlumat verib. Deyib ki, “Qarabağ İslam torpağıdır və müsəlmanlara qaytarılmalıdır” mövzusunda çox dəyərli çıxışlar oldu. “Azərbaycan dövlətinin güclü ordusu var. Amma sizdən də mənəvi dəstək istəyirik. Ümid edirik ki, bütün bu fəaliyyətlərin nəticəsində nəinki Qarabağ torpaqları, bütün İslm torpaqları işğaldan azad ediləcək. O zaman Təbriz qələbə xəbərinə ilk sevinənlərdən olacaq, o zaman biz bir yerdə şadyanalıq edəcəyik”- R.Əhmədov əlavə edib.
QAT sədri Akif Nağı də nümayəndə heyətinə vaxt ayırdığı üçün imam cüməyə təşəkkürünü bildirib. Azərbaycan ərazilərinin işğalından danışan QAT sədri “Qarabağ nəyin bahasına olursa-olsun işğaldan azad olunmalıdır. Ermənilər bizim torpaqlarımız da, mənəvi dəyərlərimizi də zəbt ediblər. Biz üz-üzə dayansaq, Ermənistanı qısa müddətdə məğlub edərik, bunu 2016-cı ilin aprel döyüşləri də sübut etdi”, A.Nağı bildirib. QAT rəhbəri İran-Azərbaycan münasibətlərinin önəmindən bəhs edib.
Eyni zamanda Qarabağın azadlığına nail olmaqdan ötrü birliyə ehtiyac olduğunu deyib: “İstəyirik ki, Qarabağ problemi İslam dünyasının müştərək probleminə çevrilsin. Biz də cəmiyyət olaraq bu münasibətləri daha da inkişaf etdirək. Əlaqələrimiz nə qədər sıx olsa, problemlərimizi qısa müddətdə həll edəcəyik”.
Təbrizin imam cüməsi Ali Haşim öz çıxışında əvvəlcə Azərbaycan nümayəndə heyətini səmimi salamladı. Daha sonra Təbriz Universitetinin məsullarına bu görüşü təşkil etdikləri üçün minnətdarlıq etdi. İmam cümə dedi ki, İran dini liderin Qarabağla bağlı mövqeyi bəllidir: “Qarabağ İslam torpağıdır və orada həlak olanlar şəhid hesab olunur. Biz Qarabağ məsələsində daim Azərbaycanla eyni mövqedə olmuşuq. Əlimizdən gələn qədər sizlərə dəstək vermişik. Biz Fələstinə necə dəstək veririksə, Qarabağ məsələsində Azərbaycanın yanında olmuşuq”. A.Haşim işğalı lənətlədi: “Biz özgənin torpağını işğal edən, o məmləkətin adamlarını öldürənlərə qarşıyıq. Gərək məsələlər danışıqla həll olunsun. Yoxsa sərhəddə birini öldürməklə məsələ həll olunmaz. Sizin bir uşağı öldürmüşdülər. Mən onda cümə namazında dedim ki, səy edin, məsələlər danışıqla həll olunsun, adam öldürməklə problem həllini tapmaz”.
İmam cümə dedi ki, İsrail dünya müsəlmanları arasında ixtilaf salmağa çalışır: “Həmçinin onlar Azərbaycan Respublikası müsəlmanları ilə bizim aramızda nifaq salmaq istəyir. Biz nəinki Qarabağ torpaqlarının, həmçinin bütün dünyadakı işğaldakı torpaqların azad olunmasını, müsəlmanların rahat yaşamasını arzulayır. Allah imkan versin, bütün dünyada müsəlmanlar bir-birinə daha da yaxın olsunlar”.
R.Əhmədov öz növbəsində imam cüməyə təşəkkür etdi. Dedi ki, Azərbaycanda onun cümə xütbələrini çox diqqətlə izləyirlər. “Ərdəbilin imam cüməsi Həsən Amulinin xütbələrini də hər zaman izləyirik. Sizin də moizələrinizdə lazım olan məsələləri eşidəcəyik, inşallah”.
A.Nağı isə qeyd etdi ki, Təbrizdəki dostlar imam cümədən çox razıdır. Onun təyin olunduğu qısa müddətdə xalqın yanında olmasından məmnunluq ifadə edirlər. İmam cümə isə “bizim işimiz odur ki, xalqla birgə olaq” dedi.