İraqda daha bir türkmən nazir postuna gəlir

22-10-2018, 21:52           
İraqda daha bir türkmən nazir postuna gəlir
Fevzi Əkrəm Tərzioğlu
Yaxın günlərdə İraq Respublikası Mədəniyyət naziri vəzifəsinə namizədliyi İraq Parlamentində müzakirəyə çıxarılacaq Feyzi Əkrəm Tərzioğlunun Azərbaycan Respublikasına qarşı xüsusi rəğbəti vardır. Belə ki, Tərzioğlunun AR-lə bağlı müsbət məqamları özündə ehtiva edən bir sıra müsahibələri olmuşdur.
Fevzi Əkrəm Tərzioğlu 1960-cı ildə İraqın türkmənlərin çoxluq təşkil etdiyi Tuzxurmatı şəhərində anadan olmuşdur. Ailəlidir, 5 uşağı var. İraq Texniki Universitetinin Kimya mühəndisliyi fakültəsini bitirib. Buna baxmayaraq jurnalistika və ədəbiyyata olan maraq onun peşəkar jurnalist kimi formalaşmasına səbəb olmuşdur.
1980-90-cı illərdə İraq radio və televiziya qurumunun türkmən bölməsində çalışıb.
Türkməneli televiziyası və Kərkükdəki Türkmən radiosunun qurucularındandır. Babagürgür qəzetinin baş redaktorudur. İraq, Azərbaycan, Türkiyə və Ərəb ölkələrinin müxtəlif qəzetlərində məqalələri çap olunub.
Türk, azərbaycan, türkmən, ərəb dillərində oxucular tərəfindən yüksək qiymətləndirilən nəzm əsərlərinin müəllifidir. Əsərlərində əsasən xalqının ictimai-siyasi problemləri, millətçilik, türk birliyi kimi mövzulara toxunmuşdur. 2003-cü ildən İraq Yazıçılar Birliyinin türkmən ofisinin sədridir. Azərbaycan və Türkiyədə Yazıçılar Birliyinin üzvüdür.
Azərbaycan Respublikası Qızıl Qələm mükafatı laureatıdır. Qənirə Paşayeva, Sabir Rüstəmxanlı kimi müasir Azərbaycan ədəbiyyatı nümayəndələri ilə dərin və səmimi münasibətləri mövcuddur.
Siyasi fəaliyyəti İraq Respublikasında türkmənlərə qarşı ayrıseçkiliklə mübarizəyə, onların hüquq və azadlıqlarının qorunmasına yönəlmişdir. 1990-cı ildə qardaşları ilə birlikdə Şabaniyə Hərəkatına qatılıb və bu səbəbdən atası həbs olunub. 1999-cu ildə Səddam rejiminə qarşı müxalif fikirlərinə görə bir sıra Tuzxurmatılı türkmən yazıçı yoldaşları ilə birlikdə həbs olunub. Çoxsaylı məhdudiyyətlər və haqsızlıqlara baxmayaraq 2005-ci ildə millətvəkili seçilmişdir. 2006-2010-cu illərdə İraq Parlamentində millətvəkili kimi türkmənlərin siyasi, sosial-iqtisadi və mədəni maraqlarını cəsarətlə dilə gətirmiş və müdafiə etmişdir. Həm siyasi həm də ədəbi fəaliyyətinə görə türkmən fəalları arasında böyük nüfuza malikdir.
Azər Yusifoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.