Rusiya razılıq verməyəcək: Türkiyə hücum edərsə... – Şərh
18-01-2019, 09:28
Rusiya Suriya ilə sərhədi boyunca təhlükəsizlik bölgəsi yaratması üçün Menbiçi Türkiyəyə verməyəcək.
Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev deyib.
Politoloq bildirib ki, Rusiya Suriyaya dair danışıqları Əsəd başı üzərindən aparmır:
“Yəni Rusiya Əsədin mövqeyini Türkiyəyə vermir. Ancaq söhbət təhlükəsizlik bölgəsinin yaranmasından deyil, bu zolağın genişliyindən gedir. Rusiya Suriya ilə sərhədi boyunca təhlükəsizlik bölgəsi yaratması üçün Menbiçi Türkiyəyə verməyəcək. Halbuki Menbiç çox vacib bir şəhərdir. Belə vəziyyətdə Türkiyənin yalnız bir seçimi qalır. Böyük ehtimalla, Türkiyə Əsəd qüvvələrinin Menbiçə girməsinə razılıq verməli olacaq. Beləliklə də Menbiç daxil, digər bölgələr Əsədin nəzarətinə qaytarılacaq”.
Politoloq hesab edir ki, Rusiyanın ancaq YPG-nin mövqeləri üzərindən Türkiyə ilə bazarlıq aparması mümkündür:
“Bu mənada Rusiya Türkiyəyə bəzi bölgələrdə təhlükəsizlik zolağı yaratmağa razılıq verə bilər. Bu zaman sual oluna bilər ki, Türkiyə buna niyə getməlidir? Çünki bölgədə Azad Suriya Ordusunun döyüşçüləri var və Türkiyə onları öz ərazisinə buraxmaq istəmir. Ancaq Türkiyə uzun müddət bu döyüşçüləri dəstəkləyib və indi birdən-birə onlardan üz döndərməsi də mümkün deyil. Birinci məqsəd həmin döyüşçülərin daimi şəkildə yaşayacağı bir bölgənin olması, ikincisi isə heç bir halda kürdlərin birləşməsinə şərait yaradılmamasıdır. Türkiyə bunu yaxşı başa düşür. Ona görə də təhlükəsizlik bölgəsinin yaradılması Türkiyə üçün çox vacibdir. Türkiyə bu məsələni Rusiya ilə razılaşdırmadan riskə getməyəcək. Ona gröə əməliyyatların yaxın vaxtlarda başlayacağını düşünmürəm”.
F.Mehdiyev hazırda Türkiyə üçün ən çətin məqamın Əsədlə bağlı olduğunu bildirib:
“Bildiyiniz kimi, Türkiyə bugünə qədər Əsədə qarşı çıxıb. Ancaq indi elə bir şərait yaranıb ki, Türkiyə Əsədin legitimliyini qəbul etməyə məcburdur. Türkiyə Əsədə görə Rusiyadan vaz keçə bilməz. Artıq digər dövlətlər də Əsədin legitimliyi ilə barışıblar. O üzdən də Türkiyə bir bəhanə ilə artıq Əsədi qəbul etməlidir ki, bu məsələ də yoluna düşsün”.
Siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ və Rusiya Türkiyənin Suriya ilə sərhədi boyunca təhlükəsizlik bölgəsi yaratmasının əleyhinə deyillər:
“Türkiyə Prezidenti bu məsələni yanvarın 23-də rusiyalı həmkarı ilə Moskvada müzakirə edəcək. Əlbəttə, Ankaranın məramı aydındır. Ancaq tampon bölgə Suriyada PKK-YPG-PYD problemini həll etməyəcək. Çünki həmin güclər tampon bölgəyə daxil olmasalar da, özlərinin nəzarətindəki bölgədə güclənəcəklər”.