Türkiyədə soğan böhranı: Azərbaycandan alıb aparacaqlar…

22-01-2019, 20:05           
Türkiyədə soğan böhranı: Azərbaycandan alıb aparacaqlar…
Türkiyənin kənd təsərrüfatı məhsullarının topdansatış bazarlarında soğan sürətlə bahalaşır. Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən həftədən soğanın kiloqramı 6 lirəyə (2 AZN-ə) satılır. Türkiyə qiymətləri Azərbaycandan soğan idxal etməklə azaltmağa çalışır.

Ölkənin Kənd Təsərrüfatı İstehsalçılar Birliyinin rəhbəri Yüksel Tavşan yerli mətbuata açıqlamasında firmaların Azərbaycandan soğan almaq üçün danışıqlara başladıqlarını deyib. Soğanın qiymətinin alınma, daşınma, saxlama kimi xərclərlə birgə 2,5-3 lirə arasında olacağı ehtimal edilir.

“Soğan ixracı anbarların boşalmasına, yəni iş adamlarının əldəki məhsullarını sürətlə bazara çıxarmasına səbəb olacaq. Anbarlardakı məhsulların bazara çıxarılması isə qiymətləri azaldacaq. Soğandan əlavə bibər, pomidor və badımcan kəskin ucuzlaşmayacaq, qış mövsümündə bu məhsullar 1-2 liraya satıla bilməz”,-birlik rəhbəri əlavə edib.


Onun sözlərinə görə, bölgələrdə aramsız yağışların, sel və tufanın təsərrüfatlara vurduğu ziyanla yanaşı fermerlərin daha çox qazanmaq istəyi ilə qiymətləri süni artırması da bahalaşmaya səbəb olub. Amma Azərbaycandan soğan alınandan sonra yerli fermerlər də qiyməti azaltmağa məcbur olacaqlar.

Bəs məhsulun xaricə daşınması Azərbaycan bazarında qiymətlərə təsir edəcəkmi? Hazırda yerli bazarda soğan neçiyədir?

Araşdırdıq ki, türklər Azərbaycan soğanının kiloqramına təxminən 20 qəpik təklif edir, təlabat isə daha çox Ağdam və Bərdədə istehsal edilən “Dollar”, “Sabir”, eləcə də “AKT” sortlarınadır. Təklif qəbul olunarsa qonşu dövlətə təxminən 4-5 milyon dollarlıq məhsul satıla bilər.


Azərbaycanda ötən il 233 min ton soğan istehsal edilib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2018-ci ildə ölkəyə ancaq toxumluq məqsədilə soğan gətirilib. Çünki yerli istehsalla təlabatı tam ödəmək mümkün olub.

Qiymətlərə gəldikdə isə, hazırda yerli bazarda qiymətlər növə görə 45 qəpik-1 manat 20 qəpik arasında dəyişir.

Nazirliyin Aqrar Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Pərviz Əliyev virtualaz.org-a bildirib ki, Türkiyə firmaları soğanın hər tonuna 118 dollar təklif edir. Ötən illər isə Azərbaycan qonşu dövlətə soğanın tonunu 231 dollardan satıb. “Əgər onların təklif etdiyi qiymətə satış olarsa təxminən 4 milyon dollarlıq məhsul satıla bilər. Qiymət artarsa qazanc da çox olacaq”, -Əliyev deyib.


Hazırda anbarlarda kifayət qədər soğan ehtiyatı var. Baş mütəxəssis söyləyir ki, anbarda qalan məhsul satışa çıxarıla bilər, belə olduqda yerli bazarlarda qiymətlərə təsir etməyəcək. “Soğan bazarı fərqlidir, yəni bir qədər tərəddüdlü bazar hesab edilir. Məhsul istehsalı gah artır, gah da azalır. Azərbaycan Rusiya və Ukrayna bazarına da soğan satır, amma bu qiymətlərə təsir etmir, əksinə ölkəyə valyuta daxil olur”, -Əliyev əlavə edib.

Qeyd edək ki, Türkiyə hökuməti soğana 49,5 faizlik gömrük rüsumunu ləğv edib. Qərara əsasən, quru soğan (və ya baş soğan) idxalı üçün tətbiq edilən gömrük rüsumu bu il fevralın 28-dək sıfırlanıb. Fermerlər bundan yararlanaraq məhsulunu qonşu bazara çıxara bilərlər. Əliyev hesab edir ki, satılacaq məhsulun həcmi artarsa qiymətlərə cüzi də olsa təsir edə bilər. Hələlik isə yerli bazarda qiymət təlabata və fəsilə uyğun hesab edilir.


Bərdəli fermer Nemət Məmmədov isə sayta bildirib ki, ötən il istehsal edilən soğana alıcı tapmaqda çətinlik çəkiblər, məhsul bol, qiymət isə aşağı olub. Üstəlik anbarda ehtiyat soğanı da qalıb. Amma Türkiyə bazarı onun kimi fermerlər üçün əlçatmazdır. Çünki soğan elə məhsuldur ki, təlabatı hesablamaq olmur, bolluq olan kimi qiymət azalır, xərci borcun ödəmir. Hələ bunun daşınması üçün xüsusi maşın, məhsulu saxlamaq üçün anbar tapmaq kimi dərdləri var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.