Ərdoğanla Putin niyə razılaşa bilmədi? – Şərh
25-01-2019, 15:20
Suriyada gedən proseslər elə bir dalana girib ki, orada olan problemləri bir, yaxud bir neçə görüşlə həll etmək mümkün deyil.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu Ərdoğan-Putin görüşü zamanı Suriya məsələsi ilə bağlı son qərarın verilmədiyi barədə yayılan məlumatı şərh edərkən deyib. O bildirib ki, Türkiyə və Rusiya prezidentlərinin keçirdiyi görüşün özü kifayət qədər ciddi əhəmiyyətə malikdir:
“Mən deməzdim ki, Suriya məsələsi ilə bağlı müəyyən addımların atılmasına bu görüşün heç bir təsiri olmayacaq. Bu görüşdən sonra müəyyən razılıqların əldə edilməsi, ən azından problemin həll edilməsi üçün müəyyən addımların atılması gözləniləndir. İkinci bir məsələ isə Türkiyənin Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması ilə bağlı təklifidir ki, bu, Türkiyənin maraqlarına cavab verən məsələdir və bu təklifin reallaşması təkcə Türkiyə-Rusiya münasibətlərindən asılı deyil. Bölgədə marağı olan digər ölkələr - İran, Suriya, Qərb faktoru da var. Bütün bunlar hamısı proseslərin yalnız ikitərəfli münasibətlərdən asılı və iki ölkə arasında müzakirə ediləcək bir məsələ olmadığını deməyə əsas verir”.
Analitik vurğulayıb ki, ümumilikdə götürəndə isə Türkiyənin Suriyanın şimalında bufer zona yaradılması ilə bağlı irəli sürdüyü təklif bir çox aktorun maraqlarına müəyyən qədər cavab verə bilər:
“Türkiyənin isə bunun müqabilində onlara nə təklif edəcəyi maraqlıdır. Görünür, həm İdlib, həm də Fəratın şərq sahilində Menbiç istiqamətində əməliyyatların aparılması, həm də Suriyanın şimalında bufer zonanın yaradılması məsələsi kompleks götürüləcək. Çünki bu məsələlərin kompleks müzakirəyə ehtiyacı var və müzakirələr zamanı bölgədə marağı olan digər ölkələrin də gedişləri nəzərə alınmalıdır”.
Analitik qeyd edib ki, Suriya o qədər sadə məsələ deyil ki, onunla bağlı tez nəticə əldə etmək mümkün olsun:
“Suriyada gedən proseslər hamısı bir-biri ilə zəncirvari bağlıdır. Ona görə də görünür, bu proseslər müəyyən bir vaxt tələb edəcək. Əlavə olaraq da Rusiya və İran rəsmi Dəməşqin razılığı olmadan Türkiyə ilə hər hansı razılığa gəlməkdə çətinlik çəkə bilər. Bu baxımdan Suriyanın şimalında bufer zonanın yaradılması əslində çox ciddi məsələdir”.