Ermənipərəst müğənni Kaliforniyada boykot edildi - FOTO
3-02-2019, 19:20
Dünən Kaliforniyanın Santa Klara şəhərində Cənubi Azərbaycandan olan ermənipərəst müğənni Rəhim Şəhriyarinin konserti olub. Konserti bir qrup azərbaycanlı boykot edib.
Bu barədə musavat.com-a Kaliforniya Azərbaycan Mədəniyyət Evinin rəhbəri Həmid Azəri məlumat verib.
Müsahibimizin dediyinə görə, sözügedən müğənni farsların və ermənilərin sevimlisidir. Daha öncə bir neçə dəfə Kaliforniya Azərbaycan Mədəniyyət Evinə də konsert təşkilatçılığı üçün müraciət etsə də, rədd cavabı alıb: "Biz onun konsertini hər dəfə boykot edirik. Bu şəxs Cənubi Azərbaycanda da bizim fəallarımızı polis vasitəsilə tutdurub. Bu dəfəki konsert zamanı bizim fəallarımız əlləri ilə bozqurd şəkli göstərərərk öz etirazlarını nümayiş etdiriblər".
H.Azəri bildirib ki, bu şəxs Azərbaycanda da konsert proqramı keçirib və azərbaycanlı müğənnilərlə də yaxşı əlaqələr qurub: "Bu dəfəki konsertini də "Azerbaycan music koncert" adı ilə reklam edirdi. Çalğıçıları ermənidir. Konsert zamanı onları ayağa qaldıraraq tamaşaçılara təqdim edib və deyib ki, bizim ermənilərlə, fars və kürdlərlə heç bir problemimiz yoxdur”.
H.Azəri bildirdi ki, Azərbaycanda da bu şəxslər olduğu kimi təqdim edilməli, ölkədə konsert verməsinə şərait yaradılmamalı, eyni zamanda yerli müğənnilər də onunla dostluq münasibətlərinə bir daha baxmalıdır.
Musavat.com