İstanbulun "səfiri" kim olacaq: İmamoğlu, yoxsa Yıldırım...

7-02-2019, 21:44           
İstanbulun "səfiri" kim olacaq: İmamoğlu, yoxsa Yıldırım...
Türkiyənin ən böyük şəhərinə rəhbərliyə iddialı şəxslər və onların şansları...
Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Türkiyədə bələdiyyə seçkiləri zamanı İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərlə yanaşı kiçik kəndlərə də muxtar seçilir. Bu mənada bələdiyyə seçkiləri siyasi partiyaların yerlərdə dayaqlarının formalaşması baxımından çox vacib hadisə hesab olunur.

Xüsusən də böyük şəhər bələdiyyələrə sədrlərin müəyyən olunması partiyalar üçün mühüm əhəmiyyət kəsb edir. Bu həm də partiyaların parlament seçkiləri üçün məşqi hesab olunur. Hazırda bələdiyyə seçkilərinə hazırlıqlar davam edir. Təbii ki, Türkiyədə bələdiyyə seçkilərində əsas yarış ölkənin ən böyük şəhəri, dünyanın ən məşhur turizm və ticarət mərkəzlərindən biri hesab olunan İstanbul meri postu uğurunda olacaq.

Artıq Türkiyənin hakim partiyası və ana müxalifət özünün İstanbul meri namizədlərini müəyyən edib. AKP və MHP-nin birləşdiyi “Cumhur İttifaqı” koalisiyası 31 mart seçkilərində AKP üzvü, bir neçə gün əvvələ qədər Türkiyə parlamentinin sədri postunu tutmuş. Keçmiş baş nazir Binali Yıldırımın namizədliyini irəli sürüb.

ÐаÑÑинки по запÑоÑÑ Binali Yıldırım

Binali Yıldırım 1955-ci il dekabrın 20-də Türkiyənin Ərzincan vilayətinin Refahiyə rayonunda anadan olub. İstanbul Texnik Universiteti Gəmi İnşaatı və Dəniz Elmləri Fakültəsində təhsil alıb. Daha sonra eyni ixtisas üzrə magistr dərəcəsi alıb. İngilis və fransız dillərini bilir. Türkiyə Gəmiçilik Sənayesi Baş İdarəsində çalışıb. İstanbul Bələdiyyəsi Dəniz Nəqliyyatı idarəsinə rəhbərlik edib. Türkiyənin AKP dövründə 58, 59 və 60-cı hökumətləri zamanında nəqliyyat naziri, daha sonra isə nəqliyyat, dənizçilik və rabitə naziri olub. 2016-cı ilin mayında Əhməd Davudoğlunun istefa verməsindən sonra baş nazir və AKP sədri seçilib. Binali Yıldırım həm də Türkiyə tarixinə sonuncu baş nazir kimi düşüb. 2017-ci ildə keçirilən referendumdan sonra Türkiyədə dövlət idarəçiliyi sistemi dəyişib və bununla da baş nazir postu ləğv olunub. ötən il isə Binali Yıldırım Türkiyə parlamentinin sədri seçilib. Ancaq bacarıqlı təsərrüfatçı, hökumət adamı olan Binali Yıldırım seçkilərdə o qədər də aktiv deyil. 2014-cü ildə AKP İzmirdən bələdiyyə sədrliyinə Yıldırımı namizəd irəli sürsə də, seçkilərdə uduzub. Binali Yıldırım Semiha Yıldırım ilə evlidir, Əhməd, Büşra və Erkan adlı 3 övladı var.

31 mart seçkilərində Binali Yıldırım və “Cumhur İttifaqı”nın əsas rəqibi CHP-nin namizədi Əkrəm İmamoğlu olacaq. Yeri gəlmişkən, CHP və Meral Akşenerin rəhbərlik etdiyi İYİ Partiya 31 mart seçkilərində bir sıra dairələrdə, o cümlədən İstanbul bələdiyyəsində vahid namizədlə gedirlər. Yəni İYİ Partiya da İmamoğlunu dəstəkləyir.

ÐаÑÑинки по запÑоÑÑ Ekrem Ä°mamoÄlu

CHP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi nisbətən gənc və bundan əvvəlki seçkilərdə uğur qazanmış şəxsdir. İmamoğlu 2014-cü il bələdiyyə seçkilərində Beylikdüzü bələdiyyə sədri seçilib.

Əkrəm İmamoğlu 1970-ci ildə Trabzonda dünyaya gəlib. İstanbul Universitetinin menecment ixtisası üzrə təhsil alıb. 1992-ci ildə əmək fəaliyyətinə ailəsinə məxsus şirkətdə inşaat mühəndisi kimi başlayıb. Tezliklə şirkətin rəhbərliyinə gətirilib. Futbol həvəskarı olan İmamoğlu Trabzonspor futbol klubunun rəhbərliyində təmsil olunub. Eyni zamanda Trabzonspor basketbol klubunun qurucusu və sədr müavini vəzifəsini tutub. Daha sonra isə Beylikdüzü klubunun rəhbərliyində təmsil olunur. Bundan başqa Atatürkçü Düşüncə Dərnəyi və daha bir neçə vətəndaş cəmiyyəti qurumlarında təmsil olunur.

İmamoğlu ənənəvi CHP elektoratından deyil, sağ mühafizəkar cinahdandır. Yeri gəlmişkən, Türkiyənin hazırkı prezidenti və hakimiyyətdə təmsil olunan bir sıra şəxslər məhz İmamoğlunun mənsub olduğu Qara dəniz bölgəsindədir. İmamoğlu siyasi fəaliyyətə Turqut Özalın Ana Vətən Partiyasında başlayıb. Ailəsi dindar mühafizəkar olsa da, İmamoğlu universitet illərində sosial-demokrat camiəyə yaxınlaşıb. 2008-ci ildə isə aktiv siyasətə gələndə CHP-ni seçib. 2009-cu ildə Beylikdüzü bələdiyyəsinə namizədliyini versə də, partiyadan namizədliyi qəbul olunmayıb. Ancaq bir neçə ay sonra CHP-nin Beylikdüzü təşkilatına sədr seçilir. 2014-cü il seçkilərində bələdiyyə seçkilərində Beylükdüzündən namizədi olub və 50,83 faiz səslə bələdiyyə sədri seçilib. Hal-hazırda İmamoğlu Beylikdüzü bələdiyyəsinin sədridir. Ailəlidir, 3 övladı var.

Qeyd etmək lazımdır ki, CHP ənənəvi olaraq İzmirdə güclü olsa da, AKP bir qayda olaraq İstanbul bələdiyyəsində sədr postunu qazan bilib. Bunu İstanbulda mühafizəkar kəsimin, yəni dindar elektoratın daha güclü olması ilə izah edirlər. Bu mənada AKP-MHP ittifaqının şansları yüksək qiymətləndirilir.

Lakin CHP-nin hazırkı İstanbul namizədi də o qədər zəif fiqur sayılmamalıdır. Məsələ ondadır ki, İmamoğlu gəncdir, üstəlik Beylükdüzündə bələdiyyə sədri kimi 5 illik təcrübəsi və iş nümunəsi var. Daha bir mühüm məqam İmamoğlunun ənənəvi CHP elektporatından deyil, Türkiyədə indi daha populyar olan sağ mühafizəkar, dindar kəsimdən olmasıdır. Yəni İmamoğlu CHP-nin ənənəvi elektoratı ilə yanaşı Qara dəniz bölgəsinin və İstanbulda çox güclü olan dindar mühafizəkar kəsimin səsini də qazana bilər. Bu isə onun şansını artırır. Seçkilərə 50 gündən çox vaxt qalıb, Türkiyə siyasətində bir çox dəyişikliklər ola bilər. ancaq mövcud siyasi vəziyyət və eləcə də irəli sürülən namizədlər İstanbul uğurunda ciddi mübarizənin gedəcəyini göstərir.

Kənan Rövşənoğlu,
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.