Çinin yuxusunu qaçıran uyğur ozanı həbsdə vəfat etdi: Ankara Pekinə barmaq silkələdi VİDEO
10-02-2019, 12:18
Türkiyə Xarici İşlər Nazirliyi Çinə uyğur ozanı Əbdürrəhman Heyitin həbsxanada ölümünü sərt üslubla qınayıb.
Ovqat.com-un məlumatına görə, Çinin Şərqi Türküstanda qurduğu insan tərbiyəetmə düşərgələrinin də sərt tənqid olunduğu yazılı bəyanatı nazirliyin sözçüsü Hami Aksoy yayıb.
Bəyanatda Çindən tərbiyəetmə düşərgələrinin təcili bağlanması tələb edilir, bunun “bütün dinləri və inancları çinliləşdirmək” siyasəti olduğu, xüsusilə son iki ildə sözügedən siyasətin ağırlaşdığı vurğulanır.
2017-ci ilin oktyabr ayından etibarən Çinin rəsmi assimiliya siyasəti kimi elan olunan bu siyasəti “bölgədəki uyğur türkləri ilə yanaşı, digər müsəlman icmaları, etniki, dini və mədəni kimlikərin aradan qaldırılmaq istiqamətində yeni addım” kimi dəyərləndirən bəyanatda daha sonra deyilir:
"Səbəbsiz həbslərə məruz qalan bir milyondan çox uyğur türkünün toplama düşərgələrində və məhbəslərdə işgəncə və siyasi beyin yıxamalara məruz qaldıqları artıq sirr deyil. Düşərgələrdə uyğurlar da böyük təzyiq altında qalırlar. Xaricdə yaşayan uyğur əsilli soydaş və vətəndaşlarımız bu bölgədəki qohumlarından xəbər ala bilmirlər. Minlərlə uşaq valideynlərindən uzaqlaşdırılmış, yetim qalmışdır. 21-ci əsrdə toplama düşərgələrinin yenidən ortaya çıxması və Çin siyasi dairələrinin uyğur türklərinə qarşı sistematik assimilyasiya siyasəti insanlıq adına böyük bir utanc qaynağıdır”.
Bəyanatda uyğur ozanı Əbdürrəhman Heyitin həbs olunduqdan 2 il sonra həbsxanada dünyasını dəyişməsinə də toxunulur və həmin üzücü hadisənin “Türk ictimaiyyətinin Sincan Bölgəsindəki ağır insan haqları pozuntularına sərt reaksiyasını daha da qüvvətləndirdiyi vurğulanır: “Bu haqlı reaksiyanın Çin orqanları tərəfindən nəzərə alınmasını gözləyirik”.
Ədbürrəhman Heyitin Türk və müsəlman şəxsiyyətlərini müdafiə etmək üçün həyatını itirdiyini vurğulayan Aksoy Çini Uyğur türklərinin fundamental insan hüquqlarına hörmət göstərməyə və toplama düşərgələrini bağlamağa çağırıb: “Beynəlxalq cəmiyyəti və BMT-nin Baş katibini də Sincan bölgəsindəki insanlıq faciəsinin sona çatdırılması üçün təsirli addımlar atmağa dəvət edirik".
Türkiyəni Çinlə qarşı-qarşıya gətirən Əddürrəhman Heyit kimdir?
Uyğurların tarixini və mədəniyyətini əks etdirən mahnılarıyla tanınan məşhur ozan Abdürrəhim Heyit, 1964-cü ildə Sincan Uyğur Muxtar Vilayətinin Qaşqar rayonunda dünyaya gəlib. Qaşqar İncəsənət Məktəbində təhsilini tamamlayan Heyit ikitelli çalğı aləti dutarıyla səsləndirdiyi mahnılarıyla qısa müddətdə dünya tərəfindən tanınan bir ozana çevrildi. Heyit bir çox uyğur mahnılarının bəstəkarı kimi tanınır.
Onun ən məşhur əsəri "Uçraşkanda" (Qarşılaşınca) adlı türküsü məzmun və forma baxımdan Azərbaycanın qədim “O dedi yox, yox” xalq mahnısına oxşayır. Uyğurustanın məşhur siyasət və ədəbiyyat adamı olan Ədbürrəhim Ötkürün sözlərinə bəstələnmiş mahnı geniş coğrafiyalara yayılmış və yüzillərlə müxtəlif imperialist qüvvələrin əsarətində yaşayan türk xalqlarının bütün assimiliyasiya siyasətlərinə rəğmən hələ də eyni ruhu daşıdıqlarının ən gözəl örnəklərindəndir.
Mərhum Ədürrəhman Heyit 2015-ci ildə Türkiyənin Qazi Universitetinin dəvətiylə bu ölkəyə gəlmiş və həmin ali məktəbdə konsert vermişdi. Konsertdə uyğur türküləri ilə yanaşı, Türkiyə mahnıları səsləndirən uyğur ozanı böyük rəğbət qazanmışdır.
Heyit 2017-ci ildə bir mahnısına görə Urumçi şəhərində saxlanılaraq səkkiz il həbs cəzasına məhkum edilmişdir. O, bundan bir neçə il əvvəl də sözləri şair Əbdürrəhim Abdullaha aid “Atılar” (Atalar) adlı mahnısını səsləndirdiyinə görə Çin polisi tərəfindən bir neçə dəfə sorgulanmışdı.
Sənətkarın Çinin yuxusunu qaçıran mahnısı
İnsan Haqqları İzləmə Təşkilatı (HRW) bir müddət əvvəl yayımladığı hesabata görə, son iki ildə Sincan Uyğur Muxtar Bölgəsində çox sayda adamın "proflaktik detektiv tədbirlər" adı altında günahsız yerə saxlanılmış və siyasi baxımdan təhlükəli olaraq qiymətləndirilən fərdlərin hər hansı bir məhkəmə qərarı olmadan "siyasi təhsil mərkəzləri” bəhanəsiylə "həbs düşərgələrinə" göndərilmişdir.
Birləşmiş Millətlərə bağlı bir sıra insan hüquqları təşkilatları da keçən il avqust ayında Çinin Şərqi Türküstan bölgəsində 1 milyona yaxın Uyguru öz istəkləri xaricində düşərgələrdə tutduğunu dair hesabatlarını dünya ictimaiyyətinə təqdim etmişdilər. Bu hesabatdan sonra əvvəl hadisəni yalanlayan Çin rəhbərliyi, nəhayət, Uyğur türklərinin 'təhsil' adı altında düşərgələrdə saxlanıldığını qəbul etmişdi.