Türkiyənin qoruduğu ölkənin erməni sevgisinə səfirdən - Reaksiya
15-02-2019, 10:46
Mətbuatda yayılan xəbərlər var, ancaq bu haqda qəti bir fikir bildirmək doğru olmaz. Yalnız Qətərin rəsmi açıqlamasından sonra ciddi bir addım atmaq olar.
Bu sözləri Axar.az-a geniş müsahibəsi zamanı Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral Qətərdə Ermənistan səfirliyinin açılması və bu səfirliyin saxlanılması üçün lazım olan vəsaitin 110 min dollarının Qətərin ödəyəcəyi barədə yayılan məlumata münasibət bildirərkən deyib.
Səfir bildirib ki, Qətərin üçüncü ölkələrlə münasibət qurması özünün qərar verdiyi bir məsələdir:
“Qətər həm Azərbaycanın, həm də Türkiyənin dostu olan bir ölkədir. Əlbəttə, Qətərin üçüncü ölkələrlə də münasibət qurması, əlaqə saxlaması normaldır. Bu, Qətərin özünün qərar verəcəyi şeylərdir. Lakin bunu edərkən də Türkiyə və Azərbaycanla olan münasibətlərini diqqətdə saxlayacağına inanırıq. Hazırda mətbuatda yayılan xəbərlər var və bu haqda qəti bir fikir bildirmək doğru olmaz. Yalnız Qətərin rəsmi açıqlamasından sonra ciddi bir addım atmaq olar. Bunu da həm sizin, həm də bizim Xarici İşlər nazirliklərimiz yoluna qoyacaq”.
Qeyd edək ki, Qətərə qarşı koalisiya yaradılarkən və qadağalar tətbiq edilərkən Türkiyə bu ölkəni ciddi şəkildə müdafiə edib. Dohaya qarşı koalisiyanın başında duran Səudiyyə Ərəbistanının Azərbaycana görə Ermənistanla hələ də heç bir diplomatik münasibət qurmaması və bu ölkəni işğalçı kimi birmənalı tanımasına baxmayaraq, Bakı Körfəz böhranında bitərəfliyini qoruyub və Qətərlə münasibətlərini davam etdirib. Ona görə də Ermənistanın uzun illərdən sonra Qətərdə səfirliyinin açılması və səfirliyinin xərclərinin əhəmiyyətli hissəsinin Qətər tərəfindən ödəniləcəyi barədə məlumatların yayılması birmənalı qarşılanmayıb.