Babacanın Ərdoğan yolu getmək şansı azdır

13-07-2019, 09:35           
Babacanın Ərdoğan yolu getmək şansı azdır
Türkiyədə 20 ildən sonra mühafizəkar partiyadan ayrılma baş verir, Ərdoğan-Ərbakan münasibətləri bu dəfə Babacan-Ərdoğan münasibətlərinə çevrilə bilər
Türkiyə gündəminin əsas mövzusu AKP-nin qurucularından olan Əli Babacan, Abdullah Gül və Əhməd Davudoğlunun hakim partiyadan ayrılıb yeni siyasi təşkilat qurmasıdır. Artıq Babacan AKP-dən istefa verib, yaxın aylarda onun yeni partiya yaradacağı gözlənilir. Abdullah Gül və Davudoğlunun isə sonrakı mərhələdə Babacana qoşulacağı və ya AKP-dən ayrılıb kənardan da ola dəstək verəcəyi haqda xəbərlər var.

Bu xəbərlərə prezident Ərdoğan da reaksiya verib. Türkiyə prezidenti bu şəxsləri “ümməti parçalamaqda” günahlandırıb. Eyni zamanda uğur qazana bilməyəcəklərini deyib.

Sitat: “Mən Əli Babacan bəyin özünə də söylədim, yolunuz yolunuzdur, amma bu ümməti parçalamağa haqqınız yoxdur. Siz bunu edirsiniz. Bunun parçalanması ilə bir yerə gedə bilməyəcəksiniz”.

Ərdoğan deyib ki, Babacanla bir qədər əvvəl görüşüb, ölkədəki və partiyadakı vəziyyəti müzakirə ediblər. Onun sözlərinə görə, Babacan partiya qurmağı düşünmədiklərini, amma bir platforma kimi fəaliyyət göstərəcəklərini deyib. Türkiyə prezidenti etiraf edib ki, Əli Babacanla daha əvvəl faiz mövzusunda (Babacan həmin illərdə baş nazirin iqtisadi sahəyə cavabdeh müavini olub - K.R.) anlaşa bilmədiklərini, eləcə də Gəzi parkı hadisələri zamanı onları mövqeləri “ciddi narahatlıq” yaradıb.

Ərdoğan ad çəkməsə də, jurnalistlərlə söhbətində Abdulla Gül və Davudoğlunu da tənqid edib. O deyib ki, vəzifəyə gələndə hər şey gözəl və yaxşı olduğu halda sonradan dəyişdi. Ərdoğan ad çəkmədən Gülün prezidentlikdən sonra yenidən AKP-yə üzv olmadığını xatırladıb.

Jurnalistlərin “bu şəxslərdən incidinizmi” sualına cavab olaraq Ərdoğan “bunlardan inciməyib, kimdən olacaq” deyə cavab verib və əlavə edib ki, bu inciklik yeni deyil. Ərdoğan söyləyib ki, bu şəxslər referendumda AKP əleyhinə səs veriblər. Eyni zamanda gözləsə də, hər 3 şəxsdən heç biri son İstanbul seçkilərində Binəli Yıldırıma dəstək çıxışı etməyib.

Qeyd edək ki, Əli Babacanın AKP-dən ayrılıb yeni partiya yaradacağı haqqında xəbərlər və Ərdoğanın reaksiyası geniş müzakirələrə səbəb olub. Bir çoxları təxminən 20 il əvvəl baş verənləri xatırladıb, Babacanın bir zamanlar Ərdoğanın Rifah Partiyası sonrası lideri Nəcməddinə Ərbakandan ayrılması ilə müqayisə ediblər. Hətta bunu taleyin gərdişi kimi qeyd edənlər də var. Bir çoxlarına görə, Babacanın indi etdiyinin bənzərini o zaman Ərdoğan Ərbakana qarşı etmiş, yeni partiya yaratmaqla Ərbakan ətrafındakı əsasən gənc və parlaq kadrları öz partiyasına - AKP-yə - çəkmiş və nəticədə AKP təkbaşına iqtidar olmuş, Ərbakan isə bir daha parlamentə düşə bilməmişdi.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın siyasi karyerasının 20 ildən çoxu Nəcməddin Ərbakanın rəhbərliyi altında keçib. Ərdoğanın siyasətə gəlişi 1976-cı ildə Nəcməddin Ərbakanın rəhbərlik etdiyi Milli Səlamət Partiyasına üzvlüyü ilə bağlayıb. Həmin il İstanbul Beyoğlu rayonunda və qısa müddət sonra isə İstanbul şəhər təşkilatının gənclərinin sədri seçilib. Ancaq 1980-ci ildə baş verən hərbi çevrilişdən sonra MSP bağlanır və Ərdoğan siyasi fəaliyyətini dayandırmalı olur. Lakin 1983-cü ildə Ərdoğan yenidən Ərbakanın qurduğu Rifah Partiyasına üzv olur. 1984-cü ildə Rifah Partiyası Beyoğlu rayon təşkilatının sədri, 1985-ci ildə isə İstanbul (vilayət) şəhər təşkilatının sədri və partiyanın Mərkəzi İdarə Heyətinin üzvü seçilir. 1986-91-ci illərdə deputatlığa namizəd olub. 1991-ci ildə seçilsə də, sonradan YSK nəticələri dəyişib və Ərdoğan deyil, başqa bir namizəd deputat olub. 1989-cu ildə Beyoğlu, 1994-cü ildə isə Rifah Partiyasından İstanbul şəhər bələdiyyəsi sədriliyinə namizəd olur və seçilir.

1998-ci ilin yanvarında Rifah Partiyası bağlanır, ardınca isə Siirtdə oxuduğu şeir səbəbilə Ərdoğan bələdiyyə sədrliyindən uzaqlaşdırılır və 10 aylıq həbs cəzasına məhkum olunur. 4 ay həbsdə qalan Ərdoğan azadlığa çıxdıqdan sonra yeni partiya yaratmağa çalışır və 2001-ci il avqustun 14-də AKP-ni təsis edən Rəcəb Tayyib Ərdoğan yeni partiyanın sədri, 2002-cü il seçkilərindən sonra isə təkbaşına iqtidar olan yeni partiyanın sədri kimi üzərindəki məhkumluq götürüldükdən sonra 2003-cü ildə Türkiyənin baş naziri olur.

Ərbakan isə Rifah Partiyası bağlandıqdan sonra növbəti 4-cü partiyasını, Səadəti yaradır. Ancaq Türkiyə siyasi islamının babası artıq yaşlanmışdı, bu səbəbdən də Milli Görüş Hərəkatının lideri kimi qalır, partiyanın sədri isə Rəcai Kutan seçilir. Ancaq Türkiyədə uzun illər sağ mühafizəkar-dindar camiədə Ərdoğanın yeni partiya yaratması birmənalı qarşılanmayıb, zaman-zaman hətta mərhum Ərbakanın özü tərəfindən tənqid olunub. Eyni zamanda Ərdoğan özü də bir neçə dəfə AKP-nin Milli Görüş şinelindən çıxmış siyasi təşkilat olduğunu etiraf edib.

Əli Babacanın AKP-dən getməsi müəyyən mənada oxşarlıqlar olsa da, ciddi fərqlər də var. Ən əsası da Babacanın siyasi səhnədə uğur qazanması o qədər də parlaq perspektiv vəd etmir. Çünki bu gündən fərqli olaraq 20 il əvvəl Rifah Partiyası bağlanmışdı, siyasi səhnədə ciddi boşluq vardı. Ərdoğan məhz bu boşluğu tuta bildi. İndi isə Babacanın ayrıldığı AKP Rifahdan fərqli olaraq iqtidar partiyasıdır, partiyanın sədri isə dövlət başçısıdır. Yəni Babacanın müstəqil siyasi karyerası həm də tərk etdiyi partiya ilə mübarizə şəraitində başlayacaq. Hər iki cəbhədə mübarizə aparmalı olacaq, həm qarşısındakı siyasi rəqiblərlə, həm də keçmiş partiyadaşları ilə. Üstəlik Ərdoğan da çox güclüdür.

Bu mənada Babacanın 20 il əvvəlki Ərdoğan olması şansı xeyli azdır. Amma istənilən halda Türkiyə siyasətində yeni səhifə olacaq. AKP-dən və mühafizəkar elektoratdan dəstək alması gözlənilən Babacan Türkiyə siyasətində yeni mərhələyə keçidə səbəb olacaq.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.