Ali Kamal bəy: "İngilis casusu və aşiqi", Boris Johnson-un ulu babası
2-08-2019, 08:39
Boris Johnson-a türk əcdadı Ali Kamal bəydən miras qalan qələm və siyasi əqidəsidir.
Britaniyanın yeni Baş naziri cənab Johnson da ulu babası Ali Kamal bəy kimi siyasətə jurnalistlikdən gəlib.
Liberal siyasi baxışları olan Ali Kamal bəy Türkiyəni Şərq ölkəsindən Qərb ölkəsinə çevirmək istəyirdi.
Boris Johnson da ölkəsini şərqdən, Avropadan ayırıb qərbə tərəf, Amerikaya yaxın etməyə çalışır.
Boris Johnson ulu babası ilə fəxr edə bilər, amma taleyini təkrarlamasa yaxşıdır.
Türkiyədə Ali Kamalı cəmiyyətin bir hissəsi "xain", o biri hissəsi isə "vətənpərvər" sayır.
Ali Kamal bəy və onun tərəfdarları rəqiblərinə üstün gəlib hakimiyyətdə qalsaydılar, Türkiyə İngiltərənin nəzarəti altına keçəcəkdi və bugünkü Türkiyədən daha kiçik və zəif olacaqdı.
Ali Kamal bəyin atası Hacı Ahmed Rıza İstanbul şamçılar birliyinin sədri olub.
Gənclik yaşlarında Ali Kamal bəy millətçi şair Namiq Kamalın heyranı imiş və adını da onun şərəfin Ali Kamal etmişdi, əsil adı isə Ali Rıza idi.
Siyasi fəaliyyətinə görə o, illərlə mühacirətdə yaşamalı olub.
Ali Kamal bəy Parisdə təhsil aldığı illərdə "Gənc türklər" hərəkatına qoşulur.
Bu hərəkatda türk cəmiyyətinin aristokrat və ziyalı zümrələrinin nümayəndələri təmsil olunurdular. Onlar Osmanlı imperiyasının zülmünə qarşı mübarizə apararaq islahatların keçirilməsinə nail olmaq istəyirdilər. Atatürk və onun silahdaşları da eyni mühitdə formalaşmışdılar.
Lakin Ali Kamal bəyin Osmanlı sultanı Abdul Hamid ilə gizli yazışmasının üstü açılandan sonra o, hərəkatdan ayrılmaq məcburiyyəti qarşısında qalır.
Onun həmin illərdə yaşadığı digər bir qalmaqal, qəzetdə dərc etmək üçün İstanbula göndərdiyi və özü yazdığını iddia etdiyi məqalələrin əslində Fransa mətbuatından götürülmüş yazıların tərcüməsi olması idi.
Osmanlı Türkiyəsində konstitusiya sistemi qurulduqdan sonra Ali Kamal ölkəsinə qayıdır, qəzetdə baş redaktor vəzifəsində çalışır, universitetdə tarixdən dərs verir və sultan Abdul Hamidin yaxın dostuna çevrilir. Universitetdə müəllimlik edərkən o, eləcə də tələbələrinə liberal baxışları, qərbyönümlüyü aşılamağa çalışır.
Ali Kamal bəy həmin illərdə "Birlik və Tərəqqi" partiyasının üzvü olur, apardığı siyasi fəaliyyətində üzə çıxan ziddiyyətlər onu siyasi çəkişmələrin mərkəzinə şəkir. Nəhayət, ölkədə baş verən üsyan və sultan Abdül Hamidin devrilməsi nəticəsində Ali Kamal bəy ölkəni tərk edərək Fransaya mühacirət etməyə məcbur olur.
Üç il sonra "Birlik və Tərəqqi" partiyası zəifləyəndən sonra o, əvf edilir və ölkəyə qayıdır.
Həmin dövrdə Ali Kamal Peyam adlı bir qəzet nəşr etməyə başlayır və siyasi fəaliyyətini bərpa edir.
Lakin Birinci Dünya Müharibəsi başlayanda Osmanlı liderlərinin və Atatürkün dəstəklədiyi "Birlik və Tərəqqi" partiyası yenidən hakimiyyətə gəlir və ölkədə fövqəladə vəziyyət rejimi elan olunur. Əli Kamal bey qəzetini bağlayır və siyasətdən uzaqlaşıb tacirliklə məşğul olur.
Müharibə bitəndən dərhal sonra o , ölkə hələ Müttəfiqlərin işğalı altında olarkən yenidən siyasətə qayıdır və bu dəfə Türkiyənin o dövrdə Baş nazir vəzifəsini icra edən Mehmet Ferit Paşa ilə dostlaşır.
Ferit Paşa Ali Kamal bəyi Təhsil naziri sonra isə Daxili İşlər naziri təyin edir.
Həmin illərdə Osmanlı imperiaysının qalıqlarında iki hökümət qurulmuşdu.
Birisi, xarici dövlətlər tərəfindən tanınan və Türkiyənin böyük hissəsini işğal etmiş Müttəfiqlərin nəzarəti altında fəaliyyət göstərən və İstanbulda mənzillənmiş hökümət idi.
Digər bir hökümət isə Mustafa Kamal Atatürk və onun silahdaşları tərəfindən Ankarada qurulmuşdu.
Milli Qüvvələr kimi tanınan bu hökümət xarici işğalçılara - Britaniya, Fransa, İtaliya, Avstraliya və Yunanıstan ordularına qarşı dörd il ərzində mübarizə apararaq onlara qalib gəlir və Türkiyə ərazisini işğaldan azad edir.
Əli Kamal bəy və onun birinci arvadı Winfred Brown
Həmin illərdə isə Ferit Paşa və Əli Kamal bey Britaniya protektoratı altında "Britaniya loyalistləri partiyasını" təsis edirlər. Onların məqsədi o dövrdə mövcud olan konstitusiya quruluşunu qorumaq və Müttəfiqlərlə bağlanmış müqavilələrə riayət etmək idi.
Həmin müqavilələrdə isə Türkiyə üçün onun indiki ərazisindən qat-qat kiçik olan bir ərazi ayrılmışdı və beləliklə, söhbət Osmanlı İmperiyasının tamamilə ləğv olunmasından gedirdi.
Atatatürk höküməti dörd il vuruşdu və xarici qüvvələri Türkiyənin müasir ərazisindən vurub çıxarmağa nail oldu.
Müharibənin son aylarında isə İstanbuldakı hökümət çökmək ərəfəsindəydi.
Həmin ərəfədə Ankara hökümətinin gizli polisi agentlərini İstanbula göndərir.
Onlar İstiqlal küçəsində yerləşən Tokatatlıyan otelində qalan Ali Kamal beyi oğurlayaraq ona məhkəmə qurmaq üçün Ankaraya aparırlar. Lakin Nizam limanına çatanda Nurəddin Paşa Ali Kamal bəyi zabitlərə təhvil verib.
Gənc zabitlərə daş və çəkiclə Ali Kamal bəyi diri-diri parçalamaq əmri verilir.
Kamal bəy iki dəfə evlənib.
Onun ilk həyat yoldaşı atası isveçrəli və anası ingilis olan Winfried Brown olub.
Həmin nikahdan Ali Kamal bəyin Osman adlı oğlu və Selma adlı qızı olub. Uşaqlar atalarını praktiki olaraq görməyiblər, çünki ataları - Ali Kamal bəy - İstanbula dönüb, anaları isə uşaqlar doğulandan bir neçə il sonra ölüb və uşaqlara ingilis nənələri baxıb.
Atatürk vəfat edəndən sonra Selmanın Türkiyəyə köçməsinə və ölkə vətəndaşı olmasına icazə verilir, Osman ingilis nənəsinin yanında qalır, onun adını dəyişib Wilfred qoyurlar, soyadı qismində də nənəsinin Johnson soyadını qəbul edir.
Wilfred böyüyür və atası ingilis və anası alman şahzadəsi olan İrene Williams ilə evlənir.
Onların oğlu, yəni Boris Johnson-un atası Stanley Johnson Britaniya parlamentinin və Avropa parlamentinin üzvü olub.
Ali Kamal bəyin ikinci evliliyi Osmanlı hökumətinin nazirlərindən biri olan Zeki Paşanın qızıı Sabiha xanım ilə olub.
Bu nikahdan Zeki Kuneralp adında oğul doğulub və o, Türkiyənin tanınmış və təcrübəli diplomatlarından olub.
Zeki Kuneralpın oğlu Selim də atası kimi diplomat olub, Türkiyənin İsveç və Cənubi Koreyadakı səfiri vəzifəsində çalışıb, hazırda təqaüddədir.
BBC