Salmanın Ərdoğana qarşı çox gizli planı aşkarlandı - TƏFƏRRÜATLAR
7-08-2019, 00:00
Londonda nəşr edilən və Yaxın Şərq xəbərləri üzrə ixtisaslaşan ingilisdilli “Middle East Eye” internet portalı Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi, ölkənin faktiki hökmdarı Məhəmməd bin Salmanın Türkiyəyə qarşı “çox gizli planını” ələ keçirib.
Teref.az virtualaz.org-a istinadən xəbər verir ki, həmin plan jurnalist Camal Xaşouginin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda Salmanın agentləri tərəfindən doğranıb öldürülməsinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt reaksiyasına, Salmanı gözdən salmağa yönəlmiş təbliğatına qarşı cavabdır.
Portalın yazdığına görə “Türkiyəyə qarşı strateji plan” artıq işə salınıb. Məlumatda deyilir ki, həmin plan Səudiyyə Ərəbistanının müttəfiqi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən kəşfiyyat məlumatları əsas götürülərək hazırlanan gizli hesabatda əksini tapıb. Kəşfiyyat hesabatı Əmirliklərin xüsusi xidmət orqanlarına bağlı “Emirates Policy Center” adlı beyin mərkəzinin aylıq qapalı yayınlarından biridir.
“Səudiyyə Ərəbistanı barəsində aylıq hesabat, sayı 24, may, 2019-cu il” adlı hesabat məhdud abunəçilər arasında yayılır və mərkəzin internet səhifəsində yerləşdirilməyib. Buna baxmayaraq “Middle East Eye” onun bir nüsxəsini ələ keçirə bilib.
Orada deyilir ki, 2019-cu ilin may ayında Ər-Riyadda Türkiyəyə qarşı hazırlanan “strateji plan”ın işə salınması üçün təlimat verilib. Plan Ərdoğan hökumətinə təzyiq göstərməyi, onu zəiflətməyi, daxili problemlərlə məşğul olmağa məcbur edilməsini və bu məqsədlərlə bütün mümkün alətlərdən istifadə edilməsini nəzərdə tutur. Ər-Riyad rejiminin məqsədi Türkiyənin regional təsirlərini məhdudlaşdırmaqdır.
Hesabatda deyilir: “Krallıq Türkiyə iqtisadiyyatını hədəf almağa, bu ölkədəki investisiyalarını mərhələli şəkildə məhdudlaşdırmağa, Türkiyəni ziyarət edən səudiyyəli turistləri alternativ marşrutlar yaradaraq azaltmağa, türk mallarının idxalını məhdudlaşdırmağa və ən önəmlisi islami məsələlərdə Türkiyənin regional təsirlərini azaltmaq üçün təzyiqlərə başlayacaq”.
Hesabata əsasən Krallığın faktiki lideri Məhəmməd bin Salman Türkiyəyə qarşı təzyiqlər barədə qərarını jurnalist Xaşouginin öldürülməsi ilə bağlı qalmaqaldan sonra verib. Vəliəhd şahzadə hesab edir ki, Ərdoğan şəxsən onu və Səudiyyə Ərəbistanını qaralama kampaniyasında “çox uzağa gedib”.
Bildirilir ki, Türkiyəyə qarşı planın həyata keçirilməyə başladığına dair ilk əlamətlər ötən həftə müşahidə edilib. Səudiyyə məmurları türk tekstil malları və kimyəvi maddələr daşıyan 80 Türkiyə TIR-ının Duba limanından ölkəyə daxil olmasını əngəlləyib.
Portala adının açıqlanmaması şərti ilə danışan Türkiyə rəsmilərindən biri isə deyib ki, bu ölkədən ixrac edilən meyvə-tərəvəzlə dolu 300 konteyner də Ciddə limanında saxlanılır.
Habelə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı rəsmi rəqəmlər görə bu ölkəyə 2019-cu ilin ilk altı ayı ərzində gələn səudiyyəli turistlərin sayı 15 faiz azalıb.
O da bildirilir ki, Səudiyyə rəhbərliyi Ərdoğanla münasibətləri kəsdiyini nümayiş etdirmək üçün onun Məkkədə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı sammitinə dəvət edilməməsi üçün təklifi kral Salman tərəddüdsüz dəstəkləyib. Nəticədə Ərdoğanın adı Suriya diktatoru Bəşər Əsəd, İran prezidenti Həsən Ruhani və Qətər əmiri şeyx Tamimlə birlikdə sammitə dəvət edilməyənlər sırasına daxil edilib.
Nəşrin bildirdiyinə görə Türkiyə hakimiyyəti vəliəhdin ikitərəfli münasibətləri kəsmək barədə təşəbbüslərindən xəbərdardır və bunun qarşısını almaq üçün birbaşa kralın özü ilə təmasa keçib. Prezident Ərdoğan Səudiyyə limanlarında saxlanılan türk malları ilə bağlı problemə diqqəti cəlb etmək üçün ötən həftə krala zəng vurub. Adının açıqlanmasını istəməyən türkiyəli rəsmi qaynaq deyib ki, telefon danışığı səmimi olub və Ərdoğn vəliəhd şahzadə də daxil olmaqla kral ailəsinin üzvlərini Türkiyəyə səfərə dəvət edib.