Atambayev təslim olmaq istəmir: Nə baş verir? - VİDEO -YENİLƏNİB
8-08-2019, 07:30
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevlə bağlı müxtəlif xəbərlər yayılmaqdadır. Əvvəlcə onun xüsusi təyinatlılar tərəfindən saxlanıldığı bildirilsə də, bu məlumat öz təsdiqini tapmayıb.
Atambayevin hazırda evində olduğu bildirilir. Bu dəqiqələrdə yayılan digər məlumata görə, eks-prezident təslim olmaq niyyətində deyil və silahlılara müqavimət göstərir.
Onun evinin ətrafına yığışan 300-ə yaxın tərəfdarı ilə xüsusi təyinatlılar arasında qarşıdurma davam edir. Ərazidən atışma səsləri eşidilir. Hər iki tərəfdən yaralıların olduğu, hətta bir nəfərin öldüyü deyilir.
"RİA Novosti" isə yaralı sayının 15 nəfər olduğunu yazıb. Qeyd edilib ki, Koy-Taşe kəndində yerləşən iqamətgaha hücum nəticəsində azı 15 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Rəsmi qurumlar isə hələlik susmağa çalışırlar, indiyədək baş verənlərlə bağlı ictimaiyyətə heç bir açıqlama verilməyib.(Azvision.az)
***
Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev saxlanılıb.
APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda xüsusi təyinatlılar sabiq prezidentin iqamətgahında əməliyyat keçirir.
***
Saat 19:07
Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilir.
APA-nın 24.kg saytına istinadən verdiyi xəbərə görə, xüsusi təyinatlılar Koy-Taş kəndində A. Atambayevin iqamətgahına hücum əməliyyatına başlayıb.
İqamətgahın ərazisinə xüsusi təyinatlılar yeridilib, atəş səsləri eşidilir. Məlumata görə, sabiq Prezidentin tərəfdarları arasında 10-a yaxın şəxs yaralanıb.
Xəsarət alanlar arasında jurnalist Aida Cumaşova da var.
Qeyd edək ki, Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü Prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.