Əhməd Ağaoğlu-Əlimərdan bəy Topçubaşov: problemli dostluq

8-08-2019, 20:15           
Əhməd Ağaoğlu-Əlimərdan bəy Topçubaşov: problemli dostluq
Bunu ki, mən demirəm. Bunda tarixi sübutlarla və mənbəsiylə sübutu. Nuru paşa Azərbaycanı qurtarmağa yox, Osmanlıya birləşdirməyə gəlmişdi:

1918-ci il iyunun ortalarında Osmanlı Məclisi-Məbusanın (Parlament) üzvü Əhməd Ağaoğlu V Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın siyasi məsələlər üzrə müşaviri kimi on illik ayrılıqdan sonra vətəninə gəldi. Həmin günlərdə Bakıdakı daşnak-bolşevik cəhənnəminin dəhşətlərindən bir möcüzə sayəsində xilas olmuş Əlimərdan bəy Topçubaşov da Azərbaycan Cümhuriyyətinin müvəqqəti paytaxtında - Gəncədə idi. Heç şübhəsiz, vətənin, soydaşlarının taleyinin tükdən asılı olduğu bu məqamda onlar görüşmüş, gələcəyə baxışlarını ortaya qoymuşdular. Məsələ açıq konfrontasiya səviyyəsinə qalxmasa da, burada iki köhnə həmkarın Azərbaycanın dövlət müstəqilliyinə münasibətdə fərqli mövqelərdə dayandıqları aşkara çıxmışdı. Şəxsi münasibətlərdəki anlaşılmazlıq və bəyənməzliklərə ictimai-siyasi çalar da əlavə olunmuşdu. Əslində, bu çalar 1905-ci ildən sonrakı mövqe və münasibətlərində özünü davamlı şəkildə, həm də artan xətt üzrə göstərməkdə idi.

İyunun 4-də Osmanlı hökuməti ilə imzalanmış dostluq anlaşmasına görə, Nuri Paşa torpaq bütünlüyünün təmin etməyə və Bakını işğaldan qurtarmağa can atan Azərbaycana yardım göstərməli idi. Lakin Fətəli xan Xoyskinin rəhbərlik etdiyi ilk hökumət kabinəsinin tərkibi Nuri Paşanın xoşuna gəlməmişdi. Türk alimi, “Ağaoğlu Əhməd bəy” kitabının müəllifi Fəxri Sakal yazır: “Paşa solçu, müsavatçı və rus tərəfdarı olaraq gördüyü şəxsləri idarəçiliyə gətirmək istəmir, panislamist və pantürkist kişilərlə bir Azərbaycan Cümhuriyyəti qurmağı düşünürdü. 1918-ci il iyunun ortalarında Nuri Paşa aralarında xoşlanmadığı nazirlər olan Xoyski kabinetini təsdiq etməyincə ciddi bir böhran yaşandı. Böhranı həll etmək üçün gələn Azəri liderlərini dinləyən Paşa özünün əsgər olduğunu və siyasətdən çox da baş çıxarmadığını bildirərək onları siyasi müşaviri Əhməd Ağaoğlu ilə görüşməyə göndərmişdi”. Nuri Paşa məramını açıq bildirməsə də, Azərbaycanı gələcəkdə çağdaş və demokratik dəyərlərə söykənən müstəqil türk dövləti kimi yox, Osmanlı imperiyasının bir vilayəti kimi görmək istəyirdi.

Hadisələrin canlı şahidlərinə əsaslanan “Azərbaycan istiqlal mücadiləsinin tarixi” kitabının müəllifi, mühacir-tarixçi Hüseyn Baykaranın yazdığına görə, həmvətənləri Ağaoğlundan yardım görəcəklərini düşündükləri halda tamamilə əks mənzərə ilə üzləşmişdilər - Əhməd bəy onlara istefaya getməyi və Nuri Paşaya hökuməti istədiyi şəkildə formalaşdırmağa imkan yaratmağı məsləhət görmüşdü.

Nəhayət, kompromis variant kimi Milli Şura buraxılmış və Fətəli xan Xoyskinin rəhbərliyi ilə yeni kabinə qurulmuşdu. Avqustun 18-də Əlimərdan bəy Azərbaycan Cümhuriyyətinin Osmanlı dövləti yanında fövqəladə və səlahiyyətli naziri kimi İstanbula yola düşmüşdü. Baş nazir Fətəli xan Xoyskinin imzası ilə ona verilmiş təlimat məktubunda qarşısında istər Osmanlı sarayında, istərsə də digər ölkələrin təmsilçiləri ilə görüşlər zamanı Azərbaycan Cümhuriyyətinin müstəqil daxili və xarici siyasət yürüdən, heç kimin tərkibinə qatılmaq istəməyən azad, suveren dövlət olduğunu bütün mümkün vasitələrlə diqqətə çatdırmaq vəzifəsi qoyulmuşdu. Əslində, Əlimərdan bəy də bu düşüncəni tam şəkildə paylaşırdı. Və Birinci rus inqilabından sonra Əhməd bəy Ağayevlə siyasi fikir ayrılıqlarının mərkəzində də liberal-demokratik düşüncənin tərəfdarı olması dayanırdı.

Fikrimcə, Hüseyn Baykaranın aşağıdakı müşahidələri ilə razılaşmaq lazımdır ki, “Ə.Ağaoğlu və Ə.Hüseynzadədən fərqli olaraq, Ə. Topçubaşov islamçılıq və türkçülük kimi utopik axınların heç birində iştirak etməmişdi. Dərin bilikli hüquqşünas olan Əlimərdan bəy bütün həyatı boyu realist və uzaqgörən bir şəxs kimi tanınmışdır”, yaxud “Ə.Topçubaşovda Ə.Ağayevin geniş və dərin teosentrik panislamizmi yox idi. Sanki o, belə bir ideyanın uğurla başa çatmayacağını qabaqcadan hiss etmiş və anlamışdı. Bu məqsədlə də o, 1905-ci il inqilabının gətirdiyi nemətlərdən Azərbaycan xalqı üçün daha çox pay qoparmağa çalışmışdı”.

Nəticədə ilkin mərhələdə bir qədər üstüörtülü şəkildə də olsa, İstanbuldan Azərbaycanı Osmanlı imperiyasına ilhaq etmək təlimatı ilə göndərilən Əhməd bəy Ağayevdən fərqli olaraq Əlimərdan bəy Topçubaşov İstanbula azərbaycanlıların bundan sonra da Anadolu türkləri ilə qardaş, lakin müstəqil Cümhuriyyətin vətəndaşı kimi qalmaq niyyətini, əzm və iradəsini bəyan etmək üçün getmişdi.

Əhməd Ağaoğlu-Əlimərdan bəy Topçubaşov: problemli dostluq

Filologiya elmləri doktoru Vilayət Quliyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.