Qərbi Azərbaycan vilayəti bölünür –Layihə İran parlamentində

19-08-2019, 00:00           
Qərbi Azərbaycan vilayəti bölünür –Layihə İran parlamentində
Xəbər agentlikləri mərkəzi Urmiyə olan Qərbi Azərbaycan vilayətinin şimalında yeni bir vilayətin təşkilinə dair layihənin İranın İslami Şura Məclisinin gündəmində olduğunu bildirirlər.

İSNA agentliyinin xəbərinə görə, layihədə təklif edilən yeni vilayətin adı “Sərhəd Azərbaycan”, mərkəzi isə Qərbi Azərbaycan vilayətinin ikinci ən böyük şəhəri Xoy olacaq.

Türk fəallar layihəni Pəhləvi döbəmindən bəri yürüdülən “Azərbaycanın tarixi torpaqlarını parçalama siyasətinin” davam etdirilməsinin ortaya qoyulduğunu önə çəkirlər.

Pəhləvilər və İran İslam Respublikası dövrlərində inzibati bölmələrin dəyişdirilməsi ilə bərabər İran Azərbaycanında təşkil olunan yeni vilayətlər üzərindən Azərbaycan adı götürülüb.

İran Radio Televiziya Təşkilatına bağlı olan “Gənc Jurnalistlər Klubu” Xoy millət vəkili Seyyid Tağı Kəbiri ilə yeni layihə haqqında danışıb.

Kəbirinin dediklərinə görə, Xoyun Qərbi Azərbaycan vilayətindən ayrılmasına dair layihə “bölgənin iqtisadi, mədəni, ictimai və siyasi infrastrukturlarının inkişafı məqsədi ilə” gündəmə gətirilib və 67 millət vəkili tərəfindən imzalanıb.

1993-cü ildə Ərdəbil vilayəti təşkil ediləndə də əsas məqsəd olaraq iqtisadi inkişaf göstərilmişdi. Ondan əvvəl Ərdəbil şəhəri mərkəzi Təbriz olan Şərqi Azərbaycan vilayətinin tərkibində idi.

Daha əvvəl Amerikanın Səsinə müsahibə verən Umud Şükrinin sözlərinə görə, “Ərdəbilin vilayət olması ilə üzərindən Azərbaycan adı götürüldü, amma Ərdəbilə inkişaf gətirilmədi.”

İranın Zəncan, Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərindən əlavə Həmədan və Qəzvin vilayətləri, habelə bir neçə başqa vilayətdə yerləşən bəzi şəhərlər adətən Azərbaycan bölgələri olaraq tanınır. İran dövlətinə bağlı “Ümumi Mədəniyyət Şurası”nın göstəricilərinə görə bu altı vilayətdə yaşayan əhalinin əksəriyyətini türklər təşkil edir. (amerikaninsesi.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.