Türkiyənin yeni “Pəncə 3" əməliyyatı nəyə hesablanıb?
24-08-2019, 12:34
Xəbər verdiyimiz kimi Türkiyə yeni əməliyyata başlayıb.
"Yeni Sabah" bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu əməliyyatın bir neçə məqsədi olduğunu bildirib:
"Türkiyə ordusunun dünən axşamdan İraqın şimalında başladığı növbəti “Pəncə 3” hərbi əməliyyatının bir neçə məqsədi var. Birincisi, bu əməliyyatla terrorçu PKK təşkilatının Kandildən Türkiyə sərhəddinə qədər olan uzun məsafə nəzarət altına almaq hədəflənib. Yəni Türkiyə ordusu PKK-nın bazası sayılan Kandillə arasındakı məsafəni qısaldır ki, terrorçular özlərini güvəndə hiss etməsinlər. Başqa sözlə Türkiyə ordusu terrorçuları sərhəddən çox uzaqda qarşılayaraq onları neytrallaşdırmağa çalışır. İkincisi, əməliyyat əsasən Suriya sərhədinə yaxın Hakurk bölgəsini əhatə edir. PKK bu bölgənin imkanlarından geniş istifadə edərək Suriyadakı uzantılarıyla əlaqə yaradır. Türkiyə bu əlaqəni də zəiflətməyə çalışır. Üçüncüsü, PKK ölümə göndərdiyi terrorçularının önəmli hissəsini məhz Hakurkda hazırlayaraq Türkiyəyə göndərir. Dördüncü, Türkiyə ordusu “Pəncə 3” əməliyyatı ilə PKK-nın qışa hazırlıqlarını əngəlləyir. Hakurk bölgəsinin bombalanması PKK üzvlərinin həm Türkiyə sərhəddinə yaxınlaşmasını, həm də geri Kandilə dönməsini çətinləşir".
Politoloqun fikrincə, teni əməliyyatın Türkiyə üçün geosiyasi əhəmiyyəti də var:
"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir neçə gündən sonra Moskvaya rusiyalı həmkarı Vladimir Putinlə görüşə gedir. Türkiyənin Suriyanın İdliblə bağlı mövqeləri zəifləyir, Suriya ordusu bu şəhərə xeyli yaxınlaşıb ki, bu Türkiyənin Suriyadakı maraqlarının əleyhinə işləyir. Türkiyənin İdlib istiqamətdəki mövqeyi zəifləyərkən Ankara PKK və PYD ilə mübarizədə əlini gücləndirməyə çalışır. Əgər keçmiş illərdə İraqın mərkəzi hökuməti və Şimali İraqın kürd liderləri Türkiyənin oxşar əməliyyatlarına etiraz edirdilərsə, hazırki əməliyyata etiraz yoxdur. Türkiyənin terrora qarşı haqlı mübarizəsi anlayışla və ya səssiz qarşılanır. Bu Türkiyənin də maraqlarına uyğundur".