MALAZGİRD SAVAŞI 948 il bundan öncə ...

26-08-2019, 13:08           
MALAZGİRD SAVAŞI 948 il bundan öncə ...
Sultan Toğrulun ölümündən sonra Alp Arslan Böyük Səlcuq sultanı oldu (1063-1072). 460-cı ildə (miladi təqvimlə 1067-1068) abxaz-gürcü hakimi IV Baqratın Bərdəni qarət etməsi sultanın qərbə doğru yürüşə çıxmasına səbəb oldu.
Yürüşün önündəki qoşuna Savtəkin Alxas başçılıq edirdi. Rumluların ordusunun içərisində ən döyüşkən dəstələr firəng süvarilərindən və Şəki piyadalarından ibarət idi. Şəki vilayətində Axsartan hakimlik edirdi. Bu vilayətin sıx meşələrində Rum və Abxazdan gələn quldurlar sığınacaq tapmışdılar. Sultan bu meşələrin bir hissəsini məhv etdirdikdən sonra orada iki qala aşkar olundu. Bu qalaların hakimlərilə Şəki hakimi arasında ədavət olduğundan onlar sultanın hüzuruna gələrək, islamı qəbul edib təslim oldular. Sonra Şəki hakimi Axsartan sultanın yanına gəldi və doqqazda dayanaraq, onun hüzuruna girməyə cəsarət etmədi. Sultan Alp Arslan qulluqçularına buyurdu: «Adlı-sanlı nəsildən olan bu zatı içəri dəvət edin». Sultan çadırına buraxılan Axsartan söylədi: «İnsana xas olan yanlışlıqdan əl çəkərək sənin hüzuruna gəlməkdə mənim məqsədim xristianlıqla tamamilə üzülüşmək və İslamı qəbul etməkdir». Taxtdan enən sultan onun alnından öpdü və ikisi də göz yaşlarını saxlaya bilməyərək ağladılar. Məlik Axsartan şəhadət gətirdikdən sonra ona sünnət edildi və yanına göndərilən fakih Quran surələrini izah etdi.
1067-ci ilin dekabrında sultan Alp Arslan Tiflis əmiri Əli ibn Cəfər və Gəncə hakimi Fəzlun ibn Əbüləsvarın müşayiətilə Tiflis şəhərinə gəldi. O, burada Süleyman peyğəmbərin tikdirdiyi hamamı gördü. Bu hamamın suyu yerdən isti çıxırdı. Sultan burada Cümə məscidi inşa etdirdi (Tiflisdə ilk məscid, ərəb mənbələrinə görə, hələ Həzrət Əli dövründə (656 -661) tikilmişdir). Beş ay Borçalıda qalan sultan Gəncəyə, oradan Bərdəyə da gəldi. Araz çayını keçən sultan onun sahilindəki Larcan kəndində yaşı iki yüzə çatan şeyxi ziyarət etdi və ona min dinar verdi.
Sultan Azərbaycanda olarkən Bizans imperatoru Roman IV Diogenin 300 minlik ordu ilə Azərbaycan üzərinə yeridiyini eşitdi. Bizans imperatorunun ordusunda ermənilər, gürcülər, Qərbi Avropa cəngavərləri, yunanlar, ruslar, çərkəzlər, habelə xristian oğuzlar, peçeneqlər və xəzərlər də var idi. İbn əl Vərdinin verdiyi məlumata görə, Bizans ordusunda 400 mindən çox əsgər, 1000 araba silah, 400 araba nalbənd ləvazimatı, 1200 döyüşçünün qulluq etdiyi və hər biri 10 kintar ( 1 kintar 97,5 kq - müəllif ) daş atan taran var idi. Bizans ordusunun yerlə-yeksan etdiyi Minbicə şəhərinin əhalisi kömək üçün sultan Alp Arslana müraciət etdilər. Sultan Alp Arslanın ordusunda isə 15 min atlı var idi. O, vəziri Nizamülmülkə və arvadına belə bir məktub göndərdi: «Mən ordumla düşmən üzərinə gedirəm. Əgər sağ qalsam, bunu Allahın mərhəməti sayacağam, şəhid olsam, bu, Allahın lütfüdür. Mənim varisim oğlum Məlikşah olsun».
14 avqust 1071-ci ildə sultan Əhlətlə Malazgird əz–Zöhrə adlanan yerə gəldi və Savtəkin Alxası Bizans imperatorunun yanına sülh danışıqlarına göndərdi. Təkəbbürlü imperator elçiyə belə söylədi: «Bizim atlar axşam Təbrizdə su içəcək, səhər isə Reydə danışıqlar apararıq!». Savtəkin imperatora belə cavab verdi: «Atlarınız həqiqətən axşam Təbrizdə su içəcək, ancaq o atların süvariləri siz olmayacaqsınınız!». Sultanın faqihi əbu Nəsr Məhəmməd ibn Əbdülməlik əl Buxari əl Hənifi danışıqların alınmamasından narahat olan Alp Arslana dedi: «Sən Allah dini uğrunda döyüşürsən! Mən inanıram ki, uca Allah bu qələbəyə sənin adını yazacaq. Hücuma xətiblərin minbərlərdən allahsızlara qarşı döyüşənlərə qələbə duaları etdikləri müqəddəs cümə günündə başla. Onda o dualar müstəcəb olacaq». İraq, Xorasan və Mazandaranda araqarışdıranların baş qaldırmamaları üçün vəzir Nizamülmülk Həmədana gəldi. Döyüşə atılan sultan öz döyüşçülərinə belə müraciət etdi: «Kim istəyirsə çıxıb gedə bilər, çünki burada nəyəsə icazə və ya qadağa qoyan sultan hakimiyyəti yox, Allahın hökmü keçir!» Ox-yayını yerə atan sultan qılıncı əlinə aldı və atını dulladı (Qədim türk ənənəsinə görə, döyüşdə öldürülmüş əsgərin atının quyruğu ya kəsilir, ya da düyünlənirdi. Bu mərasim dullama adlanırdı - müəllif). Bizans imperatorunun ordusunun sağ və sol cinahlarında quzlar (xristian oğuzlar) və peçeneqlər, aryeqardda (qoşunun arxasında) isə Andronik Dukanın başçılıq etdiyi erməni-gürcü-yunan və s. xalqlardan ibarət dəstələr yerləşdirilmişdi. Səlcuqlu ordusu döyüşə qədim türk adəti üzrə «ura» və islam qaydası üzrə «Allah, Allah» nidaları ilə başladılar. «Ura» sədalarını eşidən quz və peçeneqlər qarşılarında öz soydaşlarının olduğunu bilərək, səlcuqlular tərəfinə keçdilər. Axşama yaxın döyüş başa çatdı. Sultan ordusunda xidmət edən məlüklərdən biri bizans imperatorunu əsir tutdu. Bu qulamı Nizamülmülkə bağışlamış Sədəddövlə onu təriflədikdə, Nizamülmülk demişdi: «Əşi, sən də bu qulamı elə tərifləyirsən ki, guya o bizə Rum hökmdarını tutub gətirəcək!». Allahın hökmü ilə doğrudan da bu qulam Bizans imperatorunu əsir tutdu. Gürcü mənbələrinə görə, əsir tutulan Bizans imperatoru ilə sultan Alp Arslan arasında belə söhbət olmuşdu:
Alp Arslan: - Sən məni əsir tutsaydın nə edərdin?
Roman IV Diogen: - Mən səni dəhşətli ölümə məhkum edərdim.
Alp Arslan: - Axı sizin dininizə görə adam öldürmək günah sayılır.
Roman IV Diogen: - Bunun müsəlmanlara aidiyyəti yoxdur.
Alp Arslan: - Mən isə öz dinimə uyğun olaraq səni azadlığa buraxıram. Gedə bilərsən.
Sultan Alp Arslanın Roman IV Diogeni öldürməməsində hansısa bir siyasi məqsəd olduğundan şübhələnən Bizans əyanları onun gözlərini çıxartdıraraq, monastra göndərdilər. Sultan Alp Arslana əmirəlmömin əl Qaim Biəmrillahdan gələn təbrik məktunda yazılmışdı: «Dinin dirəyi, ərəblərin və əcəmlərin hakimi, bütün müsəlmanların sultanı, müslümlərin pənahı, əmirəlmöminin gücünün təsdiqisən!».
1072-ci ilin sentyabrında Tabğac hakimi Şəms əl–Mülkə qarşı hərbi əməliyyatlar zamanı əsir tutulmuş Yusif əl Xarəzmi sultan Alp Arslanı ağır yaraladı. Onun bu hərəkəti kimin tovlatması ilə etməsi hələ də məlum deyil. Çünki, sultanı ağır yaralayan Yusif onun erməni fərraşı tərəfindən mızraqla öldürüldüyündən bu sui-qəsdi tam araşdırmaq mümkün olmamışdır. Ağır yaralanmış sultan 465-ci il rəbüiləvvəl ayının sonuncu şənbə günü ( miladi təqvimlə 8 dekabr 1072-ci il) vəfat etdi və Mərvdə atası ilə əmisinin yanında dəfn olundu. Onun ölümündən sonra 6 oğlu qaldı: Məlikşah, Təkiş, Ayaz, Tutuş, Börübars, Arslan Ərgün. Müasirlərinin yazdığına görə, ləyaqətlə həyat sürmüş böyük sultan ədalətli, mömin, din yolunda qalibiyyətli ərən olmuş, hər gün kasıblar üçün 50 qoyun kəsdirmişdir.
Məlikşah Böyük Səlcuq dövlətinin sultanı elan olundu (1072-1092).
Kərəm Məmmədli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.