Ərdoğanın Əsədə jesti: Suriya Türkiyə ilə yaxınlaşır...

29-10-2019, 08:50           
Ərdoğanın Əsədə jesti: Suriya Türkiyə ilə yaxınlaşır...
Türkiyə və Rusiya razılaşmasından sonra Suriyanın müəyyən istəklərinə rəsmi Ankaranın müsbət cavab verməsi onu göstərdi ki, Ərdoğan Suriyanın bölünməsinə deyil, əksinə, ərazi bütövlüyünün qorunmasına çalışır.

Bu sözləri Axar.az-a politoloq Vüqar Zifəroğlu Türkiyə-Suriya münasibətlərindən danışarkən deyib. O bildirib ki, Suriyanın hökumət qüvvələrinin Türkiyə sərhədinə - Ras əl-Eynə, Suriya Demokratik Qüvvələrinin (SDQ) boşaltdığı ərazilərə yerləşməsi Ankara-Dəməşq münasibətlərində müəyyən qədər yumşalmaya səbəb olacaq:

“Ümumiyyətlə, rəsmi Ankara “Sülh çeşməsi” əməliyyatına başlayanda bəyan etmişdi ki, əməliyyatın əsas məqsədi sərhədlərində təhlükəsizliyi qorumaqla yanaşı, Suriyanın hər hansı bir formada bölünməsinin qarşısını almaqdır. Düzdür, Ərdoğan Bəşər Əsədin apardığı siyasəti heç vaxt dəstəkləməyib və bunu da öz bəyanatlarında bildirib. Hətta o, hər zaman açıq şəkildə bəyan edib ki, Suriyada əsas problem Əsəd rejimidir. Amma Türkiyənin bu addımı bir daha dünyaya sübut elədi ki, onların məqsədi Suriyanı bölmək və ya işğalçılıq deyil, məqsəd sadəcə, milli maraqlarına və ərazi bütövlüyünə təhdid olan qruplaşmaları sərhədlərindən uzaqlaşdırmaqdır. Buna da nail oldu”.

Politoloqun sözlərinə görə, Suriya istənilən halda Türkiyənin atdığı addımlarla razılaşmağa məcburdur:

“Hesab etmirəm ki, iki ölkə arasında olan münasibətlər tam şəkildə yaxşılaşacaq. Çünki hər iki ölkənin keçmişdən bu günə qədər bir birinə qarşı səsləndirdiyi sərt ittihamlar var. Amma istənilən halda Suriya Türkiyənin atdığı addımlarla razılaşmağa məcburdur. Bu mənada düşünürəm ki, iki ölkə arasında gərginlik nisbətən azalacaq. Türkiyə ilə münasibətlərin az da olsa düzəlməsi rəsmi Dəməşqin maraqlarına xidmət edir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.