Ərdoğanın qəfil Suriya qərarı
15-12-2015, 12:54
Suriya hökumət qoşunları paytaxtın şərq ətraflarında yerləşən hərbi-hava bazası üzərində nəzarətini bərpa edib.
Dəməşqdən gələn xəbərlərə görə, Suriya müxalifətinin müşahidə qrupu bildirir ki, hökumət qoşunları bazar ertəsi Mərj əs-Sultan hərbi hava bazasını geri alıb və hazırda ətraf məntəqələrdə mövqelərini möhkəmlətməyə çalışır.
Hərbi mənbələrdən AFP-yə verilən məlumatlarda bildirilir ki, Mərj əs-Sultan şəhərinin özü də Əsəd qüvvələrinin nəzarətinə keçib.
Qiyamçı qüvvələr Quta kənd təsərrüfatı qurşağında yerləşən bu hərbi obyekti 2012-ci ildə zəbt etmişdilər.
Müşahidəçşilər bildirirlər ki, hökumət qüvvələri bir vaxtlar müxalifətin istehkamı sayılan ərazilərdə uğur qazanmağa başlayıb.
Mərj əs-Sultan üzərinə hücum əməliyyatı artıq bir ayrdır ki, davam edirdi.
Suriya müxalifəti bildirir ki, hökumət qoşunları ötən bazar Duma, Saqba, Arbin və Harasta məntəqələrini ağır bombardman ediblər və nəticədə azı 45 nəfər həlak olub.
Hökumət mənbələrindən alınan xəbərlərdə isə deyilir ki, qiyamçılar Dəməşqin bəzi hissələrini toplardan atəşə tutublar. 2 uşaq da daxil 6 nəfərin həlak olduğu deyilir.
BMT baş katibinin himanitar məsələlər üzrə müavini Stefan O'Brayn artmaqda olan zorakılıqlardan dərin narahatlıq ifadə edib və deyib ki, bütün bunlar münaqişənin siyasi yollarla həllinin zəruriliyindən xəbər verir.
Bu arada Türkiyənin "Anadolu" xəbər agentliyi bildirib ki, Ankara qoşunların bir hissəsini İraqdakı düşərgədən geri çəkmək qərarına gəlib.
Agentlik hərbi mənbələrə istinadən xəbər verib ki, 10-12 zirehli maşından ibarət karvan Başiqa düşərgəsindən çıxaraq şimala doğru hərəkətə başlayıb.
Türkiyə qoşunları İŞİD-in nəzarətində olan Mosul şəhəri yaxınlığında yerləşdirilmişdi. Ankara bildirirdi ki, Türkliyə əsgərləri İraqın şimalında İŞİD-ə qarşı döyüşən kürd qüvvələrinə təlim keçirlər.
Lakin Türkiyənin 150 əsgərlik hərbi qüvvəsinin Şimali İraqa yeridilməsi rəsmi Bağdadın hiddətinə səbəb olmuşdu.
İraq Ankaradan qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmiş, əks halda BMT Təhlükəsizlik Şurasına şikayət edəcəyini bəyan etmişdi.
Bunun ardınca Bağdad və Bəsrədə təşkil olunan anti-Türkiyə mitinqlərində şiə yaraqlılar türk əsgərlərinin üzərinə hücumlar ediləcəyi ilə hədələmişdilər.
Bağdad israr edirdi ki, Türkiyə qoşunları İraq hökuməti ilə məsləhət edilmədən yeridilib. Türkiyə qoşunlarını geri çəkməyəcəyini bəyan etmiş, lakin bunun ardınca Moskva tərəfindən kəskin tənqidə məruz qalmışdı.
Türkiyənin NATO müttəfiqi ABŞ da Ankaranın bu hərəkətini təqdir etmədiyini bildirmişdi.
Lakin bunların ardınca Türkiyənin baş naziri Əhməd Davudoğlu İraqdakı qoşunların “təkrar qruplaşdırılmasının” keçiriləcəyini elan etmişdi.
"Reuters" agentliyinin yazdığına görə, “təkrar qruplaşdırma” qoşunların bölgədən çıxarılması şəklində həyata keçirilib.
Bununla belə, “Hürriyyet” qəzeti İraqdakı kürd peşmərgə qüvvələrinə istinadən bildirib ki, sözügedən düşərgədən 144 əsgər çıxarılıb, lakin 450 Türkiyə əsgəri hələ də İraqdadır.
Təhlilçilər diqqəti belə bir məqama çəkirlər ki, Ankara İraq kürd qüvvələrini müttəfiq, Suriya kürd qüvvələrini isə rəqib hesab edir.