İraqın Mosul vilayətinin Başika qəsəbəsində hərbi qüvvə saxlayan Türkiyəyə Bağdaddan növbəti reaksiya gəlib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının üzvü Falih Elhazali türk əsgərini “işğalçı” adlandırıb.
“Türk əsgəri İraq torpaqlarından ancaq hərbi əməliyyatla çıxarılacaq. “Haşd Şabi” könüllü müqavimət gücləri də bu işğala qarşı döyüşməyə və türk əsgərini İraqdan çıxarmağa hazırdır. Döyüş variantı İraq hökumətinin gündəliyindədir”, - iraqlı millət vəkili deyib.
Komissiya üzvü İraqın diplomatik və hüquqi yolları sınaqdan keçirdiyini, BMT Təhlükəsizlik Şurasına şikayət edildiyini, lakin İraqın şimalında “torpaq işğalı”nın hələ də davam etdiyini söyləyib.
O, həmçinin türk əsgərlərinə qarşı döyüşün hazırda mümkün olmadığını, bunun ancaq Mosulun İŞİD-dən azad edilməsindən sonra mümkün olacağını dilə gətirib.