Yens Stoltenberq: Türkiyə NATO üçün çox vacib müttəfiqdir
11-03-2021, 09:01
Türkiyə NATO üçün çox vacib müttəfiqdir. Belə bir bəyanatla Şimali Atlantika alyansının Baş katibi Yens Stoltenberq çıxış edib. Məlumatı Türkiyənin “Anadolu” agentliyi yayıb.
Stenford Beynəlxalq Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzi tərəfindən təşkil olunmuş “NATO-ya adaptasiya” mövzusunda videokonfransda çıxış edən alyans rəhbəri bildirib: “Əgər siz sadəcə olaraq xəritəyə baxsanız, Türkiyənin nə qədər vacib olduğunu aydın şəkildə görə bilərsiniz”. Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı təşkilat çərçivəsində yaranmış mübahisələri şərh edən Stoltenberq qeyd edib ki, NATO üzrə müttəfiqlər arasında fikir ayrılıqlarının mövcudluğu yeni məsələ deyil. Baş katib deyib: “Əslində, NATO belə fikir ayrılıqlarını, mövcud problem və onların həlli yollarını müzakirə etmək üçün yaxşı meydandır”.
Baş katibin sözlərinə görə, NATO-dakı tərəfdaşların S-400 kompleksləri, eləcə də Şərqi Aralıq dənizindəki vəziyyət və miqrasiya problemləri ilə bağlı narahatlıqları Türkiyə tərəfinin nəzərinə çatdırılıb: “Bütün bunlarla bərabər, biz yaxşı başa düşürük ki, Türkiyə çox vacib tərəfdaşdır. Türkiyənin blok üçün əhəmiyyətini şərtləndirən faktorlar arasında Stoltenberq bu ölkənin Suriya və İraqla həmsərhəd olmasını, Ankaranın İŞİD terror qruplaşması ilə mübarizəyə böyük töhfələr verməsini, infrastrukturunu, eləcə də ərazisində yerləşmiş aerodromları göstərib. Baş katib onu da bildirib ki, Brüssel NATO üzrə tərəfdaşlar arasında gərginliyi azaltmağa və mövcud problemləri həll etmək üçün düzgün qərarlar qəbul etməyə çalışır.
Belə cəhdlər çərçivəsində blok daxilində münaqişələrin həlli üçün mexanizm yaradılıb və əhəmiyyətli tərəqqi əldə edilib.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”