Türkiyə lirəsi ətrafında baş verənlər olduqca maraqlı məqamları üzə çıxardı

25-11-2021, 13:08           
Türkiyə lirəsi ətrafında baş verənlər olduqca maraqlı məqamları üzə çıxardı
Cari il ərzində ABŞ dollarına nisbətdə 40 faiz ucuzlaşan Türkiyənin milli valyutası olan lirə son iki gün ərzində tədricən möhkəmlənməyə başlayıb. Hazırda birjalarda 1 dollar 11 lirə ətrafında alınıb-satılır. Halbuki, noyabrın 23-də dolların lirəyə nəzərən qiyməti qısa müddətə 13 lirə həddini keçmişdi.

Bununla belə, müşahidəçilərə görə, hazırda Türkiyə iqtisadiyyatı 2001-ci ildən bəri ən böhranlı dövrünü yaşayır. İqtisadi çətinliklər şəraitində yaşayan əhalinin əsas müzakirə mövzusu da ölkənin gələcəyi ilə bağlı narahatlıqlardır. Ölkənin bank-maliyyə sektorunun təmsilçiləri faiz dərəcələrini yüksəltməklə böhranın həllinə inandıqları halda, prezident Rəcəb Tayyip Ərdoğan buna qarşı birmənalı mövqe ortaya qoyub. O, hakim Ədalət və İnkişaf Partiyasının parlament qrup toplantısında çıxışı zamanı qeyd edib: “Birlikdə addımladığımız yoldaşlarımızdan faizi müdafiə edənlər inciməsinlər. Mən faizi müdafiə edənlərlə bərabər ola bilmərəm, olmaram. Bu vəzifədə olduğum müddətdə faizlə mübarizəmi sonuna qədər davam etdirəcəyəm. İnflyasiya ilə mübarizəmi də davam etdirəcəyəm". Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 16%-dən 15%-ə endirib. Faiz dərəcələrinin bundan sonra da aşağı salınması istisna edilmir. Elə Rəcəb Tayyib Ərdoğan da yenidən uçot dərəcəsinin aşağı salınmasının tərəfdarı olduğunu bildirib. Indilikdə ölkənin içində olduğu iqtisadi böhran müxalifət partiyalarının hərəkətliliyini artırıb. Müxalifət erkən parlament və prezident seçkilərinin keçirilməsi çağırışlarını bir daha gündəmə gətirib. Lakin Ərdoğan seçkilərin nəzərdə tutulduğu kimi 2023-cü ildə keçiriləcəyini bildirib: “Önümüzdə 1,5 il var. Görüləcək işlərlə 2023-cü ili yeni zəfər ilinə çevirəcəyik".

Türkiyə lirəsi ilə bağlı baş verənlər Azərbaycanda da diqqətlə izlənir və ölkələrimiz arasında ticari münasibətlərə təsir edir. Bu, iki istiqamətdə özünü göstərər. Birinci istiqamət Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələr və qurduğu müəssislərdir. Söhbət ilk olaraq SOCAR müəssisələrindən gedir. “SOCAR Türkiyə"nin maliyyə risqləri üzrə əlaqələndiricisi Əli Ağaoğlu şirkətin "YouTube" kanalında yayımlanan müsahibəsində bu xüsusda mühüm açıqlamalar verib. O hesab edir ki, lirənin məzənnəsinin azalması SOCAR-ın Türkiyədə gəlirlərinə az təsir edəcək: "Birincisi, bizim satışlarımız dollara bağlıdır. Biz dövlətin təyin etdiyi qiymətlərlə neft satırıq, amma dövlət də burada neft qiymətləri və dolların məzənnəsini nəzərə alaraq qiymətlərin dəyişməsinə imkan verir. Hazırda SOCAR-ın Türkiyədəki gəlirlərinin 78 faizi xarici valyutanın payına düşür, 22 faizini isə lirə təşkil edir. Bununla əməkdaşların əməkhaqları ödənilir, qaz və elektrik üçün ödənişlər edilir". .Ağaoğlunun sözlərinə görə, ikincisi isə "SOCAR Türkiyə"nin öz məhsuluna tələbatla bağlı da problemi yoxdur: "Petkim" neft-kimya kompleksi Türkiyənin yeganə neft-kimya şirkətidir və onun payına bu sahədə məhsulun ölkə üzrə tələbatının 18 faizi düşür. Türkiyə idxalçı ölkədir. Ona görə də “Petkim"in məhsulu ölkə daxilində çox rahat istehlak edilir". Lirənin ucuzlaşmasının Azərbaycana digər istiqamətlərdə də təsiri var. İqtisadçı deputat Vüqar Bayramov bu fonda qeyd edir ki, lirənin ucuzlaşması gözlənilən idi. Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı mütəmadi qərarlar qəbul etdi. Amma bu addım lirənin ucuzlaşmasının qarşısını almağa imkan yaratmadı. İqtisadçının sözlərinə görə, burada iqtisadi və siyasi səbəblər var: "Xüsusilə də xarici hesablaşmalar balansında olan kəsir və bəzi ölkələrlə Türkiyə arasında siyasi münasibətlərdə olan gərginlik lirəyə təsirsiz ötüşmür. Türkiyə Azərbaycanın qeyri-neft ixracında ən böyük tərəfdaşlarından biridir. Belə ki, 2 milyard dollarlıq qeyri-neft ixracatımızda Türkiyə Rusiyadan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Ümumi qeyri-neft ixracatımızın təxminən üçdəbiri Türkiyənin payına düşür. Bu isə ondan xəbər verir ki, 2021-ci ildə də ölkələrimiz arasında qeyri-neft ixracatı təxminən 700 milyon dollardan çox olacaq”.

Vüqar Bayramov bildirib ki, lirənin ucuzlaşması qonşu ölkələr, o cümlədən Azərbaycan üçün psixoloji təsirlər baxımından arzuolunan deyil: “Çünki qonşu ölkələrdə azalmalar müşahidə olunursa, avtomatik olaraq bu, valyuta bazarlarına psixoloji olaraq mənfi təsir göstərir. Azərbaycan investisiyası Türkiyədə enerji sektorundadır və o qiymətlər tənzimlənir. Xammal olaraq birbaşa milli valyuta ilə bağlı olmayan qiymətlərdir. Ona görə də bu, Azərbaycanın Türkiyədəki investisiyasına ciddi təsir göstərməyəcək. Eyni zamanda qeyri-neft ixracatımızda da Türkiyəyə ixrac etdiyimiz məhsullar strateji məhsullardır. Lirənin ucuzlaşması Azərbaycan məhsullarının Türkiyə bazarında bahalaşmasına gətirib çıxarır. Amma bütövlükdə qeyri-neft ixracatımızda ciddi dəyişikliyin olacağı gözlənilmir. Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin əhəmiyyətli hissəsini enerji, xüsusən də mavi qaz nəqli təşkil edir. Mavi qazın da qiyməti dünya bazarında müəyyən edildiyi üçün lirənin məzənnəsində dəyişiklik enerji əməkdaşlığımıza xüsusi təsir göstərmir". Onun sözlərinə görə, iqtisadi əlaqələr baxımından lirənin ucuzlaşmasının xüsusi təsirləri olmayacaq, amma lirə dəyər itirdikcə bu, Azərbaycanın valyuta bazarına mənfi psixoloji təsir göstərir: "Lirənin ucuzlaşması Türkiyə mallarının ucuzlaşmasına gətirib çıxarda bilər. Amma lirənin ucuzlaşması ilə yanaşı, Türkiyədə inflyasiya, qiymət artımları da müşahidə olunur. Ona görə də gözlənilir ki, bir sıra türk mallarının qiymətlərində və ya xərclərində müəyyən dəyişikliklər olsun. Amma bütövlükdə Türkiyənin özündə, xüsusən son aylar inflyasiya yüksək olduğuna görə lirənin dəyərdən düşməsi türk mallarının ucuzlaşmasına ciddi təsir göstərməyəcək. O baxımdan hələlik Türkiyə mallarının Azərbaycan bazarında ucuzlaşması gözlənilmir". Lakin istənilən halda, türk lirəsinin ucuzlaşması Azərbaycan bazarı üçün yeni şərait formalaşdırır.

Ramil QULİYEV












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.