Qazaxıstan Prezidenti Elbaşıya "KƏLLƏ ATIR": "Tokayev Nazarbayevin boyunduruğundan çıxmaq üçün..." - Siyasi analitik

8-01-2022, 13:17           
Qazaxıstan Prezidenti Elbaşıya "KƏLLƏ ATIR":
“Düşünürəm ki, Qazaxıstanda son baş verən olaylar birbaşa Qasım Cömərd Tokayevlə bağlıdır”.

Bu fikirləri Qazaxıstanda baş verən etiraz aksiyalarının pərdəarxası məqamları haqqında danışan siyasi şərhçi Tehran Orucoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.
Tehran Orucoğlu bildirib ki, Qazaxıstan Prezidenti Qasım Cömərd Tokayev Elbaşı Nursultan Nazarbayevin asılılığından qurtulmaq üçün kortəbii aksiyalardan yararlandı:

“Elbaşı Nazarbayev qurduğu plan əsasında hakimiyyətdən getsə də, faktiki olaraq ölkə idarəetməsini öz əlində tuturdu. Elə Nazarbayev tərəfindən dəstəklənən Tokayev də ölkəyə rəhbərlik etdiyi ilk vaxtlarda Elbaşının dəstəyinə arxalanırdı. Prezident seçildiyi bir il ərzində analitiklər tərəfindən “yetərsiz” kimi qiymətləndirilən Tokayev daha sonra onun prezident olmasında böyük rolu olan, daha dəqiq desək, onu “prezident edən” Nazarbayevə bir növ “kəllə atmağa” başladı. Görünür, Tokayev düşünürdü ki, ölkəni müstəqil şəkildə idarə edə bilmə potensialına malikdir. Tokayevin Nazarbayevə baş qaldırışının ilk qığılcımı isə Elbaşının qızı Dariqa Nazarbayevanın Senat sədri vəzifəsindən uzaqlaşdırılması oldu. Ölkənin rəsmi media quruluşlarının yayım xəttinə nəzər saldıqda da eyni şeyi görürük: Tokayev Nazarbayevlə səssiz savaş aparır. Bu da, təbii ki, onun müstəqilləşmə arzusundan qaynaqlanır”.

Qazaxıstanda baş verən son iğtişaşların kiçik tələblə başladığını deyən siyasi şərhçi etirazların həcminin genişlənməsinin Tokayevin işinə yaradığını bildirib:

“Hökumət etirazçıların tələbini yerinə yetirsə də, etirazlar səngimədi və geniş bir hal aldı. Əslində, Qazaxıstanın bu etirazların qarşısını almaq üçün kifayət qədər gücü var idi. Lakin Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmək qərarına gəldi. Düşünürəm ki, Tokayevin bu addımı atmasına səbəb Nazarbayevin boyunduruğundan tam çıxmaq arzusudur. Tokayevin Nazarbayevi Təhlükəsizlik Şurasının sədri vəzifəsindən uzaqlaşdıraraq yerinə özünün gəlməsi də bunu sübut edir. Halbuki Nazarbayev həmin vəzifəyə ömürlük seçilmişdi və Tokayevin onu vəzifəsindən azad etmək kimi səlahiyyəti yoxdur. Bu da bir daha təsdiq edir ki, Tokayev bütün bu proseslərdən öz mənafeyi üçün istifadə edir. Nazarbayevin güc strukturları arasındakı adamlarının həbs edilməsi də bu fikrimizi qüvvətləndirir. Fikrimcə, Tokayev bütün bunları tək başına planlayacaq iqtidarda deyil. KTMT-nin Qazaxıstana gəlməsi isə bu planın arxasında hansı gücün durduğunu daha da dəqiqləşdirməmizə yardımçı oldu. Çünki Rusiya Nazarbayevin siyasəti ilə heç cürə razılaşa bilməzdi. Nazarbayev Qazaxıstanda Rusiyanın təməllərini əsaslı şəkildə sarsmışdı. Tokayev də indi Rusiyanı arxasına alaraq ölkənin Nazarbayevi olmaq istəyir. Onu da qeyd etmək lazımdır ki, Tokayevin “müstəqillik” arzusu ilə ölkəyə xarici qüvvələri çağırması Qazaxıstanın suverenliyinə böyük təhdid formalaşdırır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.