Ərdoğan-Paşinyan görüşü: - Nəyi dəyişəcək?

12-09-2022, 19:32           
Ərdoğan-Paşinyan görüşü: -
Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.

Toplantıya üzv və müşahidəçi statusa malik ölkələrlə yanaşı, 15 dövlətin rəhbəri dəvət edilib. Onların arasında Türkiyə və Azərbaycan Prezidentləri, həmçinin Ermənistanın Baş naziri də var. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Səmərqəndə gedəcəyi artıq təsdiqlənib. Çünki onun sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərədə tutulub. Ərdoğanla Putinin Ukraynadakı vəziyyəti, o cümlədən “taxıl dəhlizi” nin fəaliyyətini müzakirə edəcəkləri gözlənilir.

Prezident Ərdoğanın Rusiya taxılının da Türkiyə üzərindən dünya bazarına çıxarılmasını təklif edəcəyi bildirilir. Türkiyə Prezidentinin başqa ölkələrin liderləri ilə də görüş proqramı hələ açıqlanmayıb. Ancaq onun Özbəkistan, Azərbaycan, Çin, İran, Qazaxıstan, Qırğızıstan prezidentləri ilə ikitərəfli müzakirələr aparacağı proqnozlaşdırılır. Digər ehtimallardan biri cənab Ərdoğanın Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməsi ilə bağlıdır. Hər iki ölkə liderinin rəsmi səviyyədə olmasa da, sammit çərçivəsində qısa söhbət edəcəyi və ya ayaqüstü görüşünün keçiriləcəyi istisna edilmir.

Qeyd edək ki, Ərdoğan və Paşinyan arasında ilk birbaşa təmas bu il iyul ayının 11-də telefon söhbəti vasitəsilə baş tutub. Bundan sonra Türkiyə Prezidenti ilə Ermənistan Baş nazirinin növbəti dialoqunun birbaşa olacağı, yəni hansısa tədbir çərçivəsində görüşəcəyi barədə məlumatlar yayıldı. Telefon danışığından sonra Ərdoğanla Paşinyan ilk dəfə olaraq sammit müstəvisində bir araya gələcək.

Yəni Türkiyə və Ermənistan liderlərinin görüşməsi üçün siyasi şərait yaranıb. Azərbaycan və Ermənistan arasında cari ilin sonuna qədər sülh sazişi layihəsinin hazırlanacağına dair rəsmi açıqlamalar verildiyi bir vaxtda Ərdoğanla Paşinyan arasında “tet-a-tet” fikir mübadiləsinin aparılması prosesə yeni təkan verə bilər. Bu, eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması baxımından da tərəflərin anlaşmasına kömək edər. Teref.az-ın məlumatına görə, politoloq Toğrul İsmayıl Cebhe.info-ya açıqlamasında Türkiyə və Ermənistan liderlərinin Səmərqənddə görüşünün mümkün olduğunu deyib. Lakin ekspert hesab edir ki, Ərdoğan və Paşinyan arasında söhbət bölgədə sülhün təmin olunması üçün yetərli deyil:

“Bu cür beynəlxalq və regional toplantılarda ikitərəfli və çoxtərəfli görüşlər olur. Ona görə də Türkiyə Prezidenti ilə Ermənistan Baş nazirinin görüşmək ehtimalı yüksəkdir. Hazırda Türkiyə-Ermənistan münaaibətlərinin normallaşmasına dair xüsusi nümayəndələrin görüşləri davam edir. İki ölkə arasında diplomatik əlaqələrin kəsilməsinin əsas səbəbi Azərbaycan ərazilərinin işğalı olub. Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir. Buna paralel olaraq, Türkiyə ilə Ermənistan arasında dialoq var. Lakin Türkiyə öncə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasını tələb edir. Türkiyə yalnız bundan sonra Ermənistanla münasibətlərin qaydaya düşməsini mümkün hesab edir. Ona görə də görüşlərin olması normaldır. Amma bunun davamlı olması barədə danışmaq hələ tezdir. Yəni Ərdoğan və Paşinyan arasında ayaqüstü görüş də, ikitərəfli görüş də keçirilə bilər. Bunlar diplomatik proseslərdir. Türkiyə və Ermənistan arasında münasibətlər olmasa da, hər iki ölkənin varlığı gerçəklikdir. Hər iki liderin görüşməsi ehtimalı var və bu, mümkündür. Yəni belə bir görüşün keçirilməsi ayaqüstü olsa belə, normal prosedurdur. Liderlərin görüşü müsbət addımdır. Amma dövlətlərarası münasibətlərdəki məsələlərin həlli qrafik şəklində nəzərdən keçirilir”.

Ekspert bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinə artıq “Şuşa Bəyannaməsi” çərçivəsində baxmaq lazımdır:

“Prezident Ərdoğanın Nikol Paşinyanla ehtimal olunan görüşü baş tutarsa, bu, sülh münasibətlərinin normallaşmasına yönəlik növbəti jest ola bilər. Bu görüş baş tutmaya da bilər. Ancaq belə səviyyədə toplantılar keçirilirsə, liderlər mütləq görüşəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.