"Fələstinlilərin əksəriyyəti Ermənistan-Türkiyə məsələsində Ermənistanın tərəfini tutur" - FAKT BUDUR!

12-10-2022, 09:03           
"Fələstinlilərin əksəriyyəti Ermənistan-Türkiyə məsələsində Ermənistanın tərəfini tutur" - FAKT BUDUR!
"Türkiyə və İsrail arasındakı diplomatik münasibətlərin müsbət mənada inkişaf etməsinin, əlbəttə ki, həm cənubi, həm də şimali Azərbaycana və Türk dünyasına da ümumiyyətlə, Türkiyənin özünə də çox- çox xeyri vardır. Çünki Türkiyənin illər boyu çox ağır əziyyət çəksə də, dəstək verdiyi fələstinlilərin əksəriyyəti Ermənistan-Türkiyə məsələsi gələndə Ermənistanın tərəfini tutur. Yəni bu baxımdan çox təəccübedici idi ki, niyə Türkiyə o məsələyə diqqət etmir. Və sevindiricidir ki, bu məsələ artıq həllini tapdı və İsrail ilə Türkiyənin dostluğu başlayır"
TEREF.AZ xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına GünAz Televiziyasının təsisçisi, azərbaycanlı fəal Əhməd Obalı danışıb. Onun sözlərinə görə, bu məsələdə Azərbaycanın da rolu var.

Əhməd Obalı bildirib ki, Türkiyənin İsrail ilə arasındakı problemi həll etməsi çox sevindirici bir haldır. Çünki bu problem hər iki ölkə üçün lazım olmayan bir problem idi.

“Bir tərəfdən Avropa Yunanıstanı Türkiyənin üzərinə aqressiv şəkildə yönləndirirdi, digər tərəfdən İsrail problemi süni şəkildə qabardılırdı. Ölkələrin bir-birinə dostluq münasibətini əks etdirən qarşılıqlı səfirlərin təyini, gələcək üçün olduqca müsbət bir addım idi. Bu addımın başqa faydaları da var. Məsələn, İran hər zaman çalışır ki, Türkiyəni NATO-dan və Qərbdən uzaqlaşdırsın. Və Türkiyə, məhz onların üstünlük verdiyi tərəfə yaxınlaşsın. Türkiyə isə, ağıllı və güclü siyasətə malik olan bir ölkədir. Son illərdə Türkiyə hansısa bir tərəfə qoşulmaq əvəzinə öz birliyini yaratmaq istəyir. Rusiya və Amerika ilə də öz mövqeyinə uyğun bir siyasət aparır. Rusiya-Ukrayna müharibəsində də görürük ki, həm Rusiya ilə münasibətlərini yaxşı saxlayır, həm də Ukraynaya yardım edir, dron verir və silah verir. Rusiyanı bu məsələdə sakit saxlaya bilir. Bu da Türkiyənin böyüklüyünü, gücünü və əhəmiyyətli olduğunu göstərir”,- deyə Əhməd Obalı qeyd edib. Onun sözlərinə görə, Azərbaycan ilə 2020-ci ildə Qarabağ savaşından sonra artıq Türkiyə-Azərbaycan birliyi regionda real bir gücə çevrilib.

Əhməd Obalı vurğulayıb ki, İran ümidi İsraillə Türkiyə arasında münaqişənin böyüməsinə və Türkiyənin bu problemlərinin NATO-ya daşınmasına idi. Amma bunu edə bilmədi, ümidləri boşa çıxdı. Bu səbəbdən də artıq İran məcburdur ki, Türkiyə ilə sadəcə dostca rəftar etsin.

Obalının sözlərinə görə, İran dövləti iki ideologiya üzərində qurulub: “Birincisi farsçılıqdır. İkincisi isə, farsçılığa qulluq edən fars-şiə islamçılığıdır. Farsçılıq ideologiyasının düşməni də birinci Türklərdir, ikinci ərəblər. İran Türkiyə ilə nə qədər dostça hərəkət etməyə çalışsa da, əməldə əlindən gələn zərəri Türkiyəyə vurmağa çalışacaq. Bunu heç vaxt gizlətmir. Azərbaycan da Türk olduğu üçün Azərbaycana da düşməncə baxılır”.

“Dostca söz desə də, düşmən kimi əməl edir. Bu baxımdan Türkiyənin güclənməsi, Azərbaycanın İsrail ilə Türkiyənin münasibətlərinin möhkəmlənməsi, bu üçlüyün getdikcə bu regionda bir-birinə yaxınlaşması fonunda İran xarici siyasətini, hətta bəzən daxili siyasətini, cənub Azərbaycan məsələsini biraz tənzimləməyə məcbur olacaq. Bu baxımdan İsrail-Azərbaycan-Türkiyə inkişafı fonunda İran da müəyyən qədər siyasətində ən azı səthi dəyişikliklər aparmağa məcbur olacaq. Amma yenə deyirəm ki, İranın dövlətçiliyi farsçılıq üzərinə qurulduğu üçün Türkə düşmənlik edir. Bu, tarixdə də belə olub və təəssüf ki, belə də davam edəcək” - deyə Obalı vurğulayıb. Onun sözlərinə görə, Türkiyə və İsrail arasında olan əlaqələrin inkişafı təbii ki, Azərbaycan -İsrail arasında olan münasibətlərin gedişatına müsbət təsir göstərəcək.

Əhməd Obalı hesab edir ki, İsrailin müdafiə naziri Bakıya gəldikdən sonra mətbuatda verilən analizlər və danışılan söhbətlər artıq açıq-aydın bəlli oldu ki, Azərbaycan-İsrail münasibətləri strateji dostluq üstündə qurulan bir münasibətdir. Bu səbəbdən də balaca dalğalar ilə, kiçik inkişaflar ilə dərin dəyişikliklər müşahidə edilməməlidir.

“Əksinə, bu əlaqələr getdikcə biraz da güclənəcək. Həm müsəlman dünyasında Azərbaycanın yəhudilərə və ümumiyyətlə dini azlıqlara tolerans münasibət göstərməsi, həm tarixən azərbaycanlılarla yəhudilər arasında heç bir problemin olmaması, eyni zamanda bu iki ölkənin bir-birinə qarşılıqlı ehtiyacları, dostluq ehtiyacları və eyni zamanda ortaq düşmənin olması bu iki ölkəni, İsraillə Azərbaycanı daimi dost kimi bir-birinə yaxın edəcək” - deyə Əhməd Obalı əlavə edib. O, bildirib ki, Qafqaz adlanan regionda bir ölkə var ki, həm Rusiya, həm də İranla həmsərhəddir, qonşudur. Bu da Azərbaycandır. Bu baxımdan Azərbaycan çox strateji mövqeyə malikdir. Bunu Qərb də, İsrail də başa düşür.

“Yəhudilər bilir ki, Cənubi Azərbaycanda 30 milyona yaxın azərbaycanlı yaşayır və bunların əksəriyyəti getdikcə, öz kimliyinə qayıdır. Onlaröz etnik, milli kimliyini əsas götürərək, Şimali Azərbaycan dövlətini öz dövləti hesab edir. Bu baxımdan Şimali Azərbaycan və İsrail əlaqələrindən danışan zaman Cənubi Azərbaycan faktorunu da mütləq xatırlamalıyıq ki, cənubda yaşayan Azərbaycan Türklərinin - bizim milli azadlıq hərəkatımız, əslində İsrail və Azərbaycan dostluğunu biraz daha da əhəmiyyətli edir. Bizim ümidimiz, arzumuz budur ki, İsrail-Azərbaycan hər zaman dost olsun, güclü strateji şərik olsunlar. Hər hansı kiçik nüanslar ilə bu dostluğa, strateji şərikliyə ziyan dəyməsin” - deyə Əhməd Obalı qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.