Türkiyədəki fövqəladə vəziyyət yerli aviaşirkətlərin işinə təsir edəcəkmi?

21-07-2016, 12:14           

Türkiyədə fövqəladə vəziyyətin elan olunması Azərbaycandan Türkiyəyə uçuşlar həyata keçirən aviaşirkətlərin işinə təsir etməyəcək.
"Azərbaycan Hava Yolları” QSC-nin məlumatına görə, sözügedən istiqamətdə aviareyslərdə heç bir dəyişiklik yoxdur: "Türkiyədə fövqəladə vəziyyət elan ediləndən sonra da bu istiqamətdə olan bütün aviareyslər əvvəlki qaydada həyata keçiriləcək".

"Türk Hava Yolları” (THY) şirkətinin Bakı ofisinin müdiri Seyfullah İlyas "Report”a bildirib ki, şirkət uçuşları adi qaydada davam etdirəcək: "Dövlət başçımızın da qeyd etdiyi kimi, hazırda Türkiyədə sabitlik bərpa olunub və heç bir ciddi təhlükə olmadığı üçün Azərbaycandan Türkiyəyə olan reyslərimiz əvvəlki qrafikə uyğun həyata keçiriləcək”.

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 3 ay müddətinə fövqəladə vəziyyət elan olunub. Bunu Türkiyənin Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Fövqəladə hal elanının qətiyyən demokratiyaya, hüquqa, azadlıqlara qarşı olmadığını deyən Ərdoğan, bunun, tam əksinə, sözügedən dəyərləri qorumaq və gücləndirmək məqsədi ilə edildiyini vurğulayıb.

report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.