Bursada polisləri heyrətə gətirən taktika - Oğurluq etmək üçün əvvəlcə hamilə qalırlar - VİDEO

3-03-2024, 11:58           
Bursada polisləri heyrətə gətirən taktika - Oğurluq etmək üçün əvvəlcə hamilə qalırlar - VİDEO
Türkiyədə oğru qadınların taktikası hüquq mühafizə orqanları əməkdaşlarını şoka salıb. Belə ki, onlar əvvəlcə hamilə qalırlar, sonra cinayət əməllərini həyata keçirirlər. Səbəb isə yerli qanunlara görə, hamilələr və ya körpəsi olan şəxslərin həbsxanaya salınmamasıdır.

Bunun üstü doqquz aylıq hamilə olan 22 yaşlı E.B.-nin işi araşdırılarkən ortaya çıxıb. 31 cinayət qeydi olan qadın daha bir mənzilə girərək 500 min lirə dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Ev sahibinin şikayətindən sonra polislər istintaqa başlayıblar. Müşahidə kameralarını araşdırdıqdan sonra qarətçilərin 22 yaşlı E.B. ilə yanaşı 89 cinayətdə adı hallanan 24 yaşlı E.U. olduğu ortaya çıxıb.

Məlum olur ki, qadınlar binaya yaxınlaşır və blokda hər hansı sakinin adı olan qapının zəngini basırlar. Kameradan hamilə qadını görən ev sahibləri dərhal qapını açırlar. Cinayətkarlar isə binaya daxil olduqdan sonra əvvəlcədən planlaşdırdıqları mənzili qarət edirlər.

Onların hər ikisi saxlanılıb. E.B. körpəsini dünyaya gətirməyə çox az vaxt qaldığından məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Onun iki uşağı olduğu və üçüncü uşağı bu ay dünyaya gətirəcəyi öyrənilib.
Polis sakinlərə müraciət edərək, qapıları tanımadıqları adamlara açmamağa çağırış edib.

Mənbə: IHA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.