Təbrizdə 9 il əvvəl ‘Türk Dil Qurumu’ yerinə təsis edildiyi açıqlanan ‘Azərbaycan Fondu’ hələ fəaliyyətə başlamayıb

28-04-2024, 09:24           
Təbrizdə 9 il əvvəl ‘Türk Dil Qurumu’ yerinə təsis edildiyi açıqlanan ‘Azərbaycan Fondu’ hələ fəaliyyətə başlamayıb
Prezident Həsən Ruhaninin Təbrizdə vəd etdiyi Türk Dil Qurumu yerinə rəsmilər tərəfindən 2015-ci ilin ilk aylarında təsis edildiyi açıqlanan “Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Fondu”-nun 9 il keçdikdən sonra hələ fəaliyyətə başlamadığı bildirilir.

Təbrizə fəaliyyət göstərən Nasr News internet portalının yazdığına görə, “Azərbaycan Fondu etinasızlıq və laqeydlik səbəbilə həm fəaliyyətsiz qalıb, həm də fond üçün nazirlikdən gözlənilən 32 milyon tümənlik büdcənin ayrılıb-ayrılmayacağı bəlli deyil.”

İran prezidenti Həsən Ruhani 2013-cü il seçki kampaniyalarında Təbrizdə Türk Dil Qurumu təsis ediləcəyinə dair söz vermişdi. Bu və digər vədlərini yerinə yetirməyən Ruhani daha sonra Təbriz və Urmiyə kimi şəhərlərə səfərlərində “Ruhani Ruhani, vədlərin bəs hanı?” kimi şüarlar ilə qarşılaşmışdı.

2014-cü ilin son aylarında etnik qruplar və dini azlıqlar üzrə prezident yardımçısı Əli Yunesi Türk Dil Qurumu vədinin gündəmə çıxmasının başdan yanlış olduğunu, Şərqi Azərbaycan valisi isə dil qurumu yerinə Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Fondunun gündəmə alındığını ifadə etmişdilər.

Nasr News saytı “Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Fondunun qeyri-müəyyən taleyi” başlığı altında yayımladığı reportajda keçən il fondun müdiri olaraq təyin edilib fəqət sonra istefa edən Ruhullah Rəşidinin açıqlamalarına yer verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.