Babək Bəxtavər: Tehranda türk kimliyinin güclənməsinə yol açan hər olay təhdid olaraq dəyərləndirilir
3-01-2025, 17:44
Suriyada Əsəd rejiminin devrilməsindən sonra İran mediası və farsdilli siyasi mühitdə Türkiyəyə qarşı yazılar və açıqlamalar olduqca çoxalıb.
Amerikanın Səsinə danışan siyasi fəal Babək Bəxtavər deyi ki, bölgədə türk kimliyinin güclənməsinə səbəb olan hər hansı olay Tehran tərəfindən təhdid kimi dəyərləndirilir.
“Ümumiyyətlə anti-türk siyasət İranın müasir dövlətləri, yəni Qacarlar məğlub olduqdan sonra Pəhləvi və İslam Cümhuriyyətinin əsas siyasətinin tərkib hissəsi olmuşdur. İslam Cümhuriyyətindən sonra o Şiə ümmətçilik ideologiyası ilə bunun dozası biraz azalmışdı. Lakin sonralar Soveylərin çöküşü və Azərbaycanın istiqlalı ilə yenidən artmışdır”, Babək Bəxtavər deyib.
Siyasi fəal ikinci Qarabağ müharibəsindən sonra Tehranın anti-Azərbaycan siyasətinin artıq tamamilə aşkara çıxdığını deyib.
Onun sözlərinə görə, “birinci Qarabağ savaşı dönəmində İran biraz ehtiyatla çalışırdı ki, [anti-Azərbaycan siyasətini] neytral siyasət altında gizlətsin. Lakin bu ikinci Qarabağ savaşında Azərbaycanın zəfər qazanması və ərazi bütövlüyünü bərpa etməsindən sonra bu, artıq gizli olmaqdan çıxıb aşkara çevirildi. İranın açıqcasına Ermənistanı dəstəkləməsi anti-Azərbaycan siyasətini çılpaqcasına ortaya qoydu”.
Babək Bəxtavər hesab edir ki, son dönəmdə xüsusilə Qəzzada müharibə başladıqdan sonra İran hakimiyyəti daxilindəki “neopan-İranist” qüvvələrin anti-türk ritorikası güclənib:
“Bu neopan-İranist və İranşəhri kəsimlər dövlətin strukturuna sızıblar. Baxırıq ki, bunlar hətta bəzi türk siyasətçiləri ki bəzi yerlərdə məsələn Zəngəzur məsələsində və ya Türkiyə ilə münasibətlər məsələsində çalışırlar neytral davransınlar, onları belə pan-türkist adlandırırlar. Yəni, onları da təhəmmül etmirlər. Hətta Pezeşkianı ki, özü hakimiyyətin öz içində çıxmış adamdır, pan-türkist adlandırırlar”.
Siyasi fəal bölgədə türk kimliyinin güclənməsinə yol açan siyasi olayların Tehranda təhdid olaraq göründüyünü önə çəkir.
“Bir məsələ də budur ki, İranda bilirik ki, fars kimliyinə malik olan əhali əksəriyyətdə deyil. Hətta bunların öz statistikasına görə 50 faiz zor olurlar. Yəni, əksəriyyət qeyri-farsdır və o qeyri-farsların içində də türklər ən çox əhaliyə malikdir. Odur ki, bölgədə hərhansı bir olay ki, türk kimliyinin güclənməsinə səbəb olur, bunları qorxudur. Bu [qorxu] da Türkiyə və Azərbaycanın güclənməsindən deyil, daha çox İranda türklərin milli oyanışından irəli gəlir” - deyə, Babək Bəxtavər əlavə edib.