Yusuf Kari məhkəməyə qatılmadığı üçün girovu müsadirə olunmaqla hədələnir
Bu gün, 17:14
Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 10 saylı İstintaq Şöbəsi son günlərdə Yusuf Karinin girov təminatçısı Vüdud Səadətiyə zəng edərək xəbərdarlıq edib ki, əgər Yusuf Kari istintaq iclasında iştirak etməsə, onun müvəqqəti azadlığa buraxılması üçün qoyulmuş mülki zəmanət müsadirə ediləcək.
Günaz TV-nin məlumatına görə, Yusuf Kari ona qarşı irəli sürülən ittihamları ədalətsiz adlandıraraq, "şou məhkəməsi" adını verdiyi bu proseslərdə iştirak etməyəcəyini bildirib. O, bu işlərin təhlükəsizlik qüvvələrinin göstərişi ilə qurulduğunu və ədalətli məhkəmə prinsiplərinə zidd olduğunu vurğulayıb. Digər siyasi fəal Tövhid Əmir Əmini də məhkəmə iclaslarında iştirakdan imtina edəcəyini açıqlayıb.
Ərdəbil sakini olan bu türk fəala qarşı “ictimai rəyi çaşdırmaq” ittihamı irəli sürülüb.
Məhkəmə orqanları Cinayət Məcəlləsinin 230-cu maddəsinə əsasən bəyan edib ki, əgər Yusuf Kari məhkəməyə gəlməzsə və girov təminatçısı onu təqdim edə bilməzsə, girov müsadirə olunacaq.
Yusuf Kari 2024-cü il oktyabrın 28-də Ərdəbil şəhərində polis qüvvələri tərəfindən həbs edilmişdi.
Sosial mediada yayımlanan videoya əsasən, Kari şəhərdə səyyar meyvə satarkən polis tərəfindən saxlanılmışdı. O, əvvəlcə Ərdəbilin 14 saylı polis bölməsinə, daha sonra isə şəhərin Ümumi və İnqilab Prokurorluğuna aparılmışdı.
Sonradan yayılan məlumatlara görə, Kari Ərdəbilin 14 saylı polis bölməsində çavuş Rza Hüseynzadə və bir neçə polis əməkdaşı tərəfindən döyülmüşdü. Noyabrın 21-də isə o, 24 gün nəzarət altında saxlandıqdan sonra Ərdəbil həbsxanasından 3 milyard rial dəyərində mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Yusuf Kari daha əvvəl də dinc və mədəni fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələrinin təzyiqlərinə məruz qalıb. O, 2019-cu il sentyabrın 3-də həbs edilib və Ərdəbil İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizliyi pozmaq məqsədilə qanunsuz qruplaşmada iştirak etmək” ittihamı ilə 5 il həbs cəzasına məhkum edilmişdi. Lakin bu cəza apellyasiya məhkəməsi tərəfindən 2 ilə azaldılıb. Nəticədə, cəzasını çəkən Yusuf Kari 2021-ci ilin iyununda Ərdəbil zindanından azadlığa buraxılmıdı.