İlqar Ulusoy: “Traktor” tərəfdarlarının sivil təşkilatlanmada böyük rolu var

Bu gün, 15:24           
İlqar Ulusoy: “Traktor” tərəfdarlarının sivil təşkilatlanmada böyük rolu var
Siyasi fəal İlqar Ulusoy Amerikanın Səsi ilə söhbətində yanvarın 26-da keçirilən “Traktor Azərbaycan” - “Perspolis” matçında türklərə irqçi şüarlar səsləndirilməsindən sonra ortaya çıxan mübahisələr haqqında danışıb.

İran Futbol Federasiyasının intizam komitəsi həmin matçla bağlı açıqladığı ilkin qərarında hər iki kluba cərimə, tərəfdarlarına isə məhrumiyyət cəzası verilib. Qərarda həmçinin Persepolis tərəfdarlarının irqçi şüarları səbəbindən bir və ya iki ev matçını kişi tamaşaçısız və yalnız qadın tamaşaçı ilə keçirməyə məhkum edilib. Traktor klubu qərara etiraz bildirib, ancaq irqçi şüarlar və davranışlara işarə olunmasını müsbət dəyərləndirib.

Traktor klubu daha əvvəlki bir bəyanatında isə oyun zamanı baş verən “pozuntuların Perspolis tərəfdarlarının səsləndirdiyi şüarlara məhdud olmadığını önə çəkmişdi.
İlqar Ulusoy da müsahibədə deyib ki, “bu sadəcə bir tərəfdar rəftarı deyil. Başqa yerlərdə də buna bənzər təhqirlər olur. Ancaq, bu, gözlər önündə, kameralar önündə olduğu üçün önə çıxıb.”

Ulusoy Traktor klubu və onun azarkeşlərinin “sivil təşkilatlanmada” oynadıqları rol səbəbindən basqılara məruz qaldığını deyir.

“Türklərə qarşı təhqirlərə öncədən də təpki verilirdi. Ancaq, öncədən belə mütəşəkkil olmamış və sosial hərəkata çevirilməmişdi. Bu gün Traktor komandası və tərəfdarlarının həm türklüyün güclənməsində, həm də xalqın sivil təşkilatlanmasında böyük rolu var. Daha öncə, bir şey olurdu, bir olay olurdu, xalq üç gün, beş gün eşiyə çıxırdı və geri dönürdü. Amma, indi Traktor sayəsində böyük bir sosial hərəkətlilik və bir xalq təşkilatlanması var və bunun qarşısını ala bilmirlər. Onun üçün daha da aqressivləşirlər,” siyasi fəal söyləyib.
Traktor klubundan verilən açıqlamada İran Futbol Federasiyasının “irqi təhqirlərə” tolerantlıq göstərdiyi vurğulanıb. “Bu tolerantlıq həm də irqi təhqirlərə son qoymaq ümidini azaldır,” deyə, açıqlamada yazılıb.

İlqar Ulusoyun sözlərinə görə, “hər iki tərəfdə bir qaynaşma var. Yəni, həm türklərdə, həm də onlara qarşı olan İranşəhri və rasist düşüncə sahiblərində qaynaşma var. Bunu bu şəkildə dəyərləndirmək olar ki, Azərbaycan və digər bölgələrdə türklər bu gün anlayıblar ki, bu zülmlər və təhqirlər türk olduqları üçün olur. Onun üçün daha çox türklüyə sarılırlar. Bu gün rasism nə qədər aqressivləşir, türklər də bir o qədər daha çox öz kimliklərinə sarılırlar.”
Siyasi fəal əlavə edib ki, “hakimiyyət də edə bildiyi qədər çalışır ki, bu dirənişin qarşısını alsın. Həm tərəfdarları bu şəkildə təhqir edərək, dövərək, həm Traktor oyunçularını məhkum edərək, tərəfdarlarını sevdikləri komandanı tamaşa etməkdən məhrum edərək və başqa planlar həyata keçirərək. Traktora qarşı əlindən gələni edir ki, Azərbaycanın və türklərin dirəniş simvolu olmuş bu hərəkatı susdursun.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.