Gürcüstan parlamentindəki azərbaycanlı deputatdan ilginc açıqlamalar

24-11-2016, 11:37           
Gürcüstan parlamentindəki azərbaycanlı deputatdan ilginc açıqlamalar
Azər Süleymanov: “Bir təyyarənin sükanı arxasına ”KamAZ" sürücüsü oturdulanda hansı vəziyyət yaranarsa, Gürcüstanda bu gün həmin vəziyyət yaranıb"
Gürcüstan səfərimiz çərçivəsində növbəti müsahibimiz son parlament seçkilərində mandat qazanan 4 azərbaycanlıdan biri - Azər Süleymanovdur. O, ölkənin əsas müxalifət partiyası - “Vahid Milli Hərəkat”ın üzvü, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin yaxın silahdaşıdır. Digər azərbaycanlı deputatlar isə hakim “Gürcü Arzusu” Partiyasının üzvləri Mahir Dərziyev, Savalan Mirzəyev və Ruslan Hacıyevdir.

A.Süleymanova ilk sualımız da seçkilərin necə keçirilməsi ilə bağlı oldu. Cavabı isə belə oldu:

- Seçkilərdə səs qazandıq, amma səslərimizi qoruya bilmədik. İnsanlara təzyiqlər oldu.

- Azərbaycandakı seçkilərdə təzyiqlərin olması bəllidir. Bu Gürcüstanda da baş verir?

- Təzyiq burada olur. Azərbaycanda təzyiq görməmişəm. Gürcüstanda təzyiq bir başqadır. Biz bu dövlətin vətəndaşlarıyıq. Ana kimi onu qucaqlayıb sinəmizə basmaq istəyirik. O isə bizi var gücü ilə kənara itələyir. Bəzi qüvvələr var ki, bizi doğmalaşmağa qoymur. Nə qədər desələr ki, milli məsələ yoxdur, bu belə deyil. 87 faiz azərbaycanlı yaşayan bir bölgədə bizə cəmi bircə dəfə öz istədiyimizi seçməyə şərait yaradıldı. Bu 2014-cü ildə oldu. Həmin vaxt bir neçə namizəd vardı. Xalq bir şəxsi seçdi, qutudan tam başqa bir şəxsi çıxardılar. Bu gün də burada icra başçısı saxtadır. Bizim namizəd böyük səs çoxluğu ilə qalib gəlmişdi. Amma qutudan Merab Topçişvilinin adını çıxardılar.

- Mixail Saakaşvilinin prezidentliyi dövründə necə, seçkilər hansı qaydada keçirilirdi?

- Hər şey göz qabağında idi. Qanunsuzluqlara yol verilmirdi.

- Saakaşvili ilə tanışlığınız nə vaxtdan idi?

- 1999-cu ildən parlament üzvüyəm. Elə o vaxtdan da onunla münasibətlərimiz var. 3-4 dəfə evimdə qonaq olub, prezident olarkən evimə Novruz bayramında qonaq gəlib.

- Ölkədən gedəndən sonra da əlaqələriniz qalır?

- Əlbəttə. Tez-tez telefonla danışırıq. Sonuncu dəfə bir gün əvvəl danışdıq.

- Söhbətin mövzusu parlament seçkiləri idi?

- Seçkilərdən də, baş verən saxtakarlıqlardan da danışdıq. Dedi ki, möhkəm dayanın. Onun Gürcüstan haqda böyük fikirləri var, hər bir zaman geri dönmək istəyir. Gürcüstanda barəsində 3 cinayət işi var, axtarışdadır. Sərhədi keçsə, həbs olunacaq.

- Sizə də təzyiqlər var?

- 4 bir tərəfimdə “təmizlik” işi aparıblar, bütün yaxınlarımı, dost-tanışımı işdən çıxarıblar.

- Ciblərə silahdan-narkotikdən qoyulması praktikası da varmı?

- Yox, daha Gürcüstanda belə məsələlər yoxdur. Narkomaniyaya, narkoticarətə qarşı mübarizə var. Mən 100-dən artıq narkoman həbs etdirmişəm. “Barıqa”ları, narkotik daşıyanları rayondan təmizləmişəm. 2007-ci ildə bu işlərə başladıq, 2010-cu ilə qədər rayonda 1 narkoman, narkotik satan da qalmadı.



- Hazırda bu sahədə vəziyyət necədir?

- Yavaş-yavaş gündəmə qayıdırlar. Dərman satanlar da, dərman vuranlar da, narkotik də ortaya çıxır. Məndən olsa, narkotik satanlara ömürlük cəza verərəm.

- ABŞ-da prezident seçkiləri ilə yanaşı 9 ştatda narkotikin leqallaşması ilə bağlı da referendum oldu. Gürcüstanda narkotiklərin leqallaşması üçün də ara-sıra təkliflər eşidilir. Sizcə, bu təkliflərə Gürcüstanın hazırkı parlamenti “yaşıl işıq” yandıra bilər?

- Burada “belaya bolezen” (ağ xəstəlik)deyilən bir hərəkat var. Keçmiş millət vəkili Zurab Çaparidze və onun dəstəsi, “Qoza” Partiyası 2017-ci ildə parlamentin qarşısında böyük bir çətənə kolu əkməyə qərar veriblər. Artıq bəyan ediblər ki, həmin kolu dibçəkdə əkiblər, sulayıb yekələndirirlər. Deyirlər ki, bizi tutsalar belə, dibçəyi parlamentin qarşısına gətirib yüngül narkotiklərin leqallaşdırılmasını tələb edəcəyik. Gürcüstanda bəzi gənclər hərəkatları Qərbdə olduğu kimi yüngül narkotiklərin leqal olmasını istəyirlər. Deyirlər ki, bu qanunun qəbulu Gürcüstanda turizm üçün də bir təkan olacaq. Allah bizi belə səhv qərarların qəbulundan qorusun.

- Gürcüstanda sahibkarlıq, media sahəsində azadlıq varmı?

- İvanaşvili hakimiyyətə gələndən sonra azad mediaya qarşı addımlar atılıb. “Rustavi-2" telekanalının qapadılması üçün məhkəməyə müraciət olunub. İl yarımdır ki, telekanalın bağlanması üçün mübarizə gedir. Digər media qurumları İvanaşvilinin nəzarətindədir.

- Saakaşvilinin hakimiyyətə gəldiyi dövrdə “İmedi” kanalı bağlanmışdı...

- Hə, bu da olub. O kanalı bağladılar. Hər zaman belə hadisələr olub.

-Azərbaycanda səs-küyə səbəb olan hadisələrdən biri də Gürcüstandakı erməni kilsələrinə qaz verilməsi idi. Bu haqda nə deyə bilərsiz?

- Azərbaycan qazı Gürcüstan patriarxlığına pulsuz verib. Patriarxat isə həmin qazı özü bildiyi kimi paylayıb. Yəni orada ayrı-seçkilik salmaq mümkün deyildi. Gürcüstan tolerant dövlətdir və burada dini zəmində ayrı-seçkilik yersizdir. SOCAR-ın da bu məsələyə qarışması doğru olmazdı, Azərbaycana da yaraşmazdı. Bu məsələ müzakirə mövzusu deyil.

- Gürcüstana kənardan baxanda belə görünür ki, media azadlığı var, insanların tibbi sığortası, sahibkarlar üçün uyğun şərait yaradılıb, vətəndaşın normal yaşamı üçün şərait yaradılıb. Bu belədirmi?

- Gürcüstanın ən önəmli dövrü 2012-ci ilə qədər oldu. Bundan sonra başlanan durğunluq hər gün daha da dərinləsir. 100-lərlə zavod bağlanıb, lari davamlı olaraq qiymətdən düşür. Bu gün Gürcüstanda əhalinin yarısından çoxu, 85-90 faizi banklara işləyir, kreditlər altında çabalayırlar. İşsizlikdən insanlar Gürcüstandan qaçırlar. Rusiyaya, Türkiyəyə üz tuturlar. Son 4 ildə 2003-cü ildən 2012-ci ilə qədər görülən 1 faizi həcmində iş görülməyib. 2003-cü ildən 2007-ci ilə qədər demək olar ki, hər bir sahədə köklü islahatlar həyata keçirildi. Polis, prokurorluq, səhiyyə, təhsil, kənd təsərrüfatı sahələrində başlanan proses rüşvətin kökünü kəsdi. İndi isə əks proses başlayıb, Gürcüstan 2000-ci ilə qaytarılıb.



- Bu nə ilə əlaqədardır?

- Xaricdə təhsil alan savadlı, bacarıqlı kadrları işdən çıxarıb əvəzinə qohum-qardaşı işə qoydular. Bu gün Gürcüstanda rəhbər vəzifələrə futbolçular təyin olunur. Biznesmenlər öz dostlarını vəzifəyə qoydurdular.

- Gürcüstan parlamentinin yeni sədri də futbolçudur?

- Hüquqşünasdır, savadlı kadrdır. İvanaşvilinin sevimli kadrlarındandır. Amma çox savadlı, qabiliyyətli, bir qədər emosiyası olan insandır. Bu seçim düzgündür.

- Parlamentdə müxalifət fraksiyasının qərarların qəbuluna təsir imkanları varmı?

- Demək olar ki, yoxdur. 150 deputatdan 115-i hakim partiyanın üzvləridir. 113 səs kifayət edir ki, konstitusiyaya dəyişikliklər etsinlər. Əvvəlki parlamentdə qərarların qəbulu müxalifətsiz mümkün deyildi. Bu gün isə saxta parlamentdə istədikləri qərarı keçirə bilirlər. Bu gün rusiyameylli qüvvələr Gürcüstanda hakimiyyətdədir.

- Həmin qüvvələri xalq seçməyib?

- Xalq seçimində yanılıb, aldanıb. Xalq gözləyirdi ki, İvanaşvili onun rifahını yaxşılaşdıracaq. Amma ötən 4 il onu göstərdi ki, xalq yanılıb.

- Bəlkə Saakaşvili hakimiyyətdə qalmalı, başladığı islahatları davam etdirməli idi?

- Yox, bu halda Gürcüstan demokratik ənənələrdən kənarlaşmış olardı. Gürcüstan inqilab yolundan demokratik seçim yoluna qədəm qoydu. Amma İvanaşvilinin seçimi göstərdi ki, Gürcüstan bu addımı atmaqla bir qədər tələsib. Seçkilərin saxtalaşdırılması bunu ortaya qoydu ki, hələ Gürcüstan dövləti belə addımları atmaq üçün gəncdir. İvanaşvili hakimiyyəti 4 il hakimiyyətdə oldu, verdiyi vədlərin heç 1 faizini yerinə yetirmədi. Artıq növbəti və sonuncu 4 illik dövrə baş vurublar. Heç olmasa verdikləri vədlərin 50 faizini yerinə yetirib adlarını tarixə yazdırmaq şansları var. Yerinə yetirməsələr, insanlar onları çox xoş olmayan tərzdə yola salacaqlar.



- Vədləri nə idi?

- Ucuz kredit verəcəklərini demişdilər.

- Vermədilər?

- Verdilər, amma bahalı kreditlər oldu. Demişdilər ki, yüzlərlə zavod açacaqlar, amma yüzlərlə zavodu bağladılar. Benzinin qiymətinin 50 faiz endiriləcəyini vəd etmişdilər, olmadı. Pensiyaların qaldırılacağını vəd etmişdilər. Bir təyyarənin sükanı arxasına “KamAZ” sürücüsü oturdulanda hansı vəziyyət yaranarsa, Gürcüstanda bu gün həmin vəziyyət yaranıb. Parlamentin, prokurorluğun, polisin sədri də bir nəfərdir. Bunu hamı bilir. Bu gün Gürcüstanda dövləti quran insanları həbsə atır, ömürlük həbsdə yatmalı olan cinayətkarları isə azad edib vəzifəyə təyin edirlər.

- Gürcüstan dövlətindən hansı gözləntiləriniz var?

- Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanı gürcülərdən az sevmirlər. Bura bizim vətənimizdir. Biz David Qurucunun dövründən burada varıq. Gürcüstanı qoruyan Ulu Borçalı, Xudu Borçalının dəstəsi olub. Biz bu dövlətin var olmasında əlimizdən gələni etmişik, heç vaxt bu dövlətə arxadan zərbə vurmamışıq. Bu gün müxalifətdə olmağımız da Gürcüstanın daha da güclənməsinə xidmət edir. Üzərimizdəki 4 cinayət işi də sözümüzü deməkdən bizi dayandıra bilməz. İstəyirik ki, Gürcüstan dövləti ayılsın ki, burada layiqli vətəndaşları var, bizə eyni gözlə baxsınlar.

Seçki vaxtı yada düşməyimizi heç istəmirik. Gürcülərə göstərilən münasibət vətəndaş olaraq bizə də göstərilməlidir. İstəmirik ki, cavanlarımız Rusiya bazarlarında ölsün, Türkiyədə kimya zavodlarında zəhərlənib xəstəlik tapsınlar. Bu gün Gürcüstanda azərbaycanlı gənclər var ki, nazir, nazir müavini ola bilər. ABŞ-da keniyalı prezident ola bilirsə, nəyə görə Gürcüstanda azərbaycanlı nazir olmasın? Biz parlamentdə azərbaycanlılara kvota qoyulmasının əleyhinəyik.

- Gürcüstanla Rusiya münasibətləri bu gün hansı vəziyyətdədir?

- İvanaşvili hakimiyyətə Rusiya bazarlarının qapısını Gürcüstan biznesinin üzünə açacağı vədləri üzərindən gəldi. Vəd etmişdi ki, Gürcüstan vətəndaşları Rusiyaya vizasız gedib-gələ biləcəklər. Amma bu da baş vermədi. Saakaşvilinin dövründə biz Rusiya vətəndaşlarının Gürcüstana vizasız gəlməsini təmin etmişik. Rusiya isə Gücüstan vətəndaşlarını vizasız ölkəyə buraxmır. Buraxsa belə, bu da o qədər də önəmli deyil. Gürcüstan Osetiya ilə Abxaziyanı bazarlarda meyvə-tərəvəz alverinə icazə verilməsinə dəyişə bilməz. Biz 20 faiz Gürcüstan torpağının işğalda qalmasına razı ola bilmərik. Biz Rusiyanın böyük qardaşlığına razıyıq, bir şərtlə ki, torpaqlarımızı geri qaytarsınlar.



- Necə düşünürsünüz, qərbmeylli siyasət torpaqların qaytarılmasına mane olmur ki?

- Həmin torpaqlar Saakaşvilinin dövründə itirilməyib. Yəni qərbmeylli siyasətdən əvvəl işğal baş verib. 25 ildir ki, torpaqlarımızın geri qaytarılması üçün çalışırıq. Bu problemin həlli abxazlarla osetinlərin əlində deyil. Yeganə həll yolu Kremldədir. Yəni problemin həlli mümkün olmursa, qərbmeylli siyasət ölkəni dirçəldirsə, nəyə görə həyata keçirilməməlidir? Bu gün Gürcüstanda rüşvətin kökünün kəsilməsi, bütün sahələrdə islahatların həyata keçirilməsi həmin siyasətin nəticəsidir. Gürcüstan 2003-cü ilə qədər dünyada rüşvət üzrə siyahılarda fəxri 1-ci yeri tuturdu. 2011-ci ildə isə artıq Gürcüstanda rüşvət yox edilmişdi. Gürcüstan ən kriminallaşmış. korrupsioner dövlətlərdən biri idi. Bu gün Gürcüstanda kriminal yoxdur. Kimsənin ağlına gəlmir ki, evdən gedəndə qapını bağlasın. Dünyadakı 600 “qanuni oğru”nun az qala yarısı - 275 nəfəri Gürücstandan idi. Bu gün isə Gürcüstanda 1 nəfər olsun belə “qanuni oğru” yoxdur. Qanun qəbul olundu ki, “qanuni oğru” ömürlük həbsə alınmalıdır. Gedənlər getdi, qalanlar ömürlük həbsə alındılar.

- Deyəsən, “Ded Xasan”ın Gürcüstanda dəfninə də icazə verilmədi...

- Hə, onun burada dəfninə icazə verilmədi. Gürcüstanda “qanuni oğru”lara yer yoxdur.

- Yaxın perspektivdə Gürcüstanı nə gözləyir?

- Əgər indiki hakimiyyət verdiyi vədləri yerinə yetirməyə başlasa, vəziyyət dəyişə bilər. Amma buna inanmıram. 2020-ci ildə “Gürcü Arzusu” Partiyası tarixdən silinəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.