Ərdoğan-Baykal görüşünün gizli məqamları üzə çıxdı

12-06-2015, 01:01           
Ərdoğan-Baykal görüşünün gizli məqamları üzə çıxdı
«Fikrindən keçən Türkiyəni erkən seçkiyə aparmaqdır»

7 iyun parlament seçkilərindən bu yana ictimaiyyət qarşısına çıxmayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkinin nəticələrini də yazılı açıqlama ilə dəyərləndirmişdi. Yerli mətbuat Ərdoğanın əhval-ruhiyyəsinin pis olduğunu, hazırda seçkinin sürpriz nəticəsini lehinə çevirmək üzərində işlədiyini yazır. Seçkinin nəticələrinə görə, AKP yeni parlamentdə 258, CHP 132, MHP və HDP isə hərəyə 80 millət vəkili ilə təmsil olunacaq. Hökuməti qurmaq üçün azı 276 səs tələb olunduğundan AKP 13 ildən sonra ilk dəfə təkbaşına hökumət qurmaq imkanından məhrum olub. Və ölkədə koalisiya hökuməti yaratmaq zərurəti ortaya çıxıb. Konstitusiyaya əsasən prezident hökuməti formalaşdırmaq vəzifəsini seçkidə birinci olmuş partiyanın liderinə - hazırkı baş nazir Əhməd Davudoğluna verəcək. Ə.Davudoğlu növbə ilə CHP, MHP və HDP liderləri ilə görüşlər keçirəcək. 45 gün ərzində ortaq məxrəcə gəlinərək yeni hökumət qurulmazsa, yenidən seçki keçiriləcək.

Qeyd edək ki, Davudoğlu başda olmaqla Türkiyə hökuməti bir neçə gün əvvəl istefaya gedib və Ərdoğan bu qərara qarşı çıxmayıb. Lakin Türkiyə prezidenti Davudoğludan yeni hökumət qurulana qədər vəzifəsinin başında olmağı xahiş edib. Bu səbəbdən Davudoğlu hələ baş nazir postunda qalmış sayılır.

«Dənizdə boğulan Baykaldan yapışar»

Ərdoğanın ötən gün CHP-nin keçmiş sədri və partiyanın Antalyadan olan deputatı Dəniz Baykalla görüşməsi hazırda Türkiyə mediasının bir nömrəli mövzusuna çevrilib. Məlum olur ki, Ərdoğan-Baykal görüşündə keçmiş CHP başqanının açıqlamadığı bir çox maraqlı məqamlar yaşanıb. Baykal iki saatdan artıq davam edən görüşün ardından yalnız onu bildirmişdi ki, Ərdoğan müxalifət partiyalarının öz aralarında

anlaşmasına və koalisiya qurmasına qarşı deyil. Və AKP-siz hökumət qurulacağı təqdirdə, buna etiraz etməyəcək. Lakin mətbuatın görüşlə bağlı üzə çıxardığı yeni məlumatlar göstərir ki, tərəflər arasında Baykalın dilə gətirmədiyi maraqlı dialoq olub.

Bəlli olur ki, Ərdoğandan təklif gələndə Baykal görüşün gizli olmaması, bu barədə ictimaiyyətə əvvəlcədən məlumat verilməsi barədə şərt qoyub. İkinci şərt CHP sədri Kamal Kılıçdaroğludan gəlib. Kılıçdaroğlu görüşə razılıq versə də, onun qalmaqallı prezident sarayında keçirilməməsini istəyib. Yəqin elə bu səbəbdəndir ki, Ərdoğan Baykalı Ankaradakı dövlət iqamətgahlarının birində qarşıladı. İkinci əsas və açıqlanmayan məsələ odur ki, görüşdə Ərdoğan açıq şəkildə erkən seçki tərəfdarı olduğunu bəyan edib. İddialara görə, Baykal yaxın ətrafına bunları deyib: «Tayyib bəyin fikrində keçən erkən seçkidir. Kaş ki, imkan olsa və 7 iyun seçkilərində ortaya çıxan tablonu yeni bir seçki ilə lehimə çevirsəm» düşüncəsindədir. Ona zorla erkən seçimə sürükləməməyi tövsiyə etdim. Ərdoğan koalisiya prosesinin çox çətin olduğunu düşünür. Arzusu erkən seçkidir».

Əslində Ərdoğanın koalisiya ideyasına isti yanaşmadığı, təkbaşına iqtidar istəyində olduğu Davudoğlunun son açıqlamasından da bəlli idi. Davudoğlu TRT-yə müsahibəsində açıq şəkildə mesaj verdi ki, AKP-nin hədəfi təkbaşına hökumət qurmaqdır. Koalisyon hökumət qurulacağı təqdirdə isə onu yalnız AKP idarə edə bilər.

Türkiyə mətbuatı Ərdoğanın Baykalla görüşünü şərh edərkən maraqlı xatırlatma edib. Mətbuat yazır ki, məlum intim kaset qalmaqalı çıxanda Ərdoğan Baykalı «Bax, Hacı Bektaşi Vəli deyir ki, əlinə, belinə, dilinə hakim olmalısan. Bundan əvvəlki belinə sahib ola bilmədi, getdi...» deyərək ağır sözlərlə tənqid etmişdi. İndi isə hökuməti qurmaq üçün ondan dəstək gözləyir. Mətbuat bu duruma «Dənizdə boğulan Baykaldan yapışar» bənzətməsi edib.

MHP şərtlərini açıqladı

7 iyun seçkisinin üçüncüsü olan MHP dünən koalisiya ilə bağlı şərtlərini açıqlayıb. Partiyanın sədri Dövlət Baxçalı bildirib ki, əvvəlcədən elan etdikləri prinsiplərin üzərində dayanırlar və yalnız onların qəbul ediləcəyi təqdirdə koalisiyaya razılıq verəcəklər.

MHP-nin ölkəni hökumətsiz qoymayacağını deyən Baxçalı «Partiyamızın «qırmızı xətlər» var. Bu şərtləri qəbul etsələr, hökumətin qurulmasında iştirakdan əsla imtina etməyəcəyik» deyə bildirib. Baxçalı «qırmızı xətlərin» nələr olduğunu da xatırladıb. Şərtlərdən biri belədir ki, çözüm mərhələsi adlanan, əslində isə MHP-nin xəyanət mərhələsi kimi dəyərləndirdiyi qərar ləğv etməlidir. Söhbət, hökumətin PKK ilə apardığı danışıqlardan gedir. İkinci şərtə görə, Ərdoğan hazırkı Konstitusiyada ona verilmiş səlahiyyətlərlə kifayətlənməli və tərəfsiz qalmalıdır. Üçüncüsü, məlum «böyük rüşvət əməliyyatı» da daxil olmaqla 13 illik AKP dönəmində üstü qapadılan bütün rüşvət dosyeləri yenidən açılmalıdır. MHP bəyan edir ki, işin ucunun kimlərə gedib çıxmasından asılı olmayaraq bu istiqamətdə sonadək araşdırma aparılacaq. Baxçalının bu şərtlərinə partiyadakı müavinləri tərəfindən də tam dəstək gəlib.

D.Baxçalı AKP və CHP ilə aparılacaq koalisiya müzakirələri ilə bağlı MHP İdarə Heyətinin və partiyadan yeni deputat seçilmiş 80 nəfərin də fikirlərini öyrənəcəyini bəyan edib. MHP-nin koalisyon hökumətlə bağlı «yol xəritəsi»nin son variantının isə bu həftənin sonunda tam hazır olacağı açıqlanıb.

Ərdoğan MHP ilə koalisiyada niyə maraqlı deyil?

Baş nazir Əhməd Davudoğlu son açıqlamasında Baxçalının «qırmızı xətt» yanaşmasını tənqid etmişdi. Bu cür yanaşmanın siyasətin təbiətinə uyğun gəlmədiyini deyən Davudoğlu «mən heç diplomatiyada da bu

sözü işlətməmişəm» deyə bildirmişdi. Əslində Ərdoğanın ilk olaraq Dəniz Baykalla görüşməsi də AKP-nin MHP ilə koalisiyada maraqlı olmadığını göstərir. Bunun da əsas səbəbi Baxçalının qoyduğu şərtlərin Ərdoğan üçün qəbuledilməz olmasıdır. Əvvəla Ərdoğan hazırkı Konstitusiyanın verdiyi prezident səlahiyyətləri ilə kifayətlənmək istəmir, ikincisi də MHP başqanının israrla tələb etdiyi «rüşvət dosyelərinin açılması» ona qətiyyən sərfəli deyil. Ən azı ona görə ki, bu dosyelərin birində Ərdoğanın keçmiş 4 nazirinin adı hallandırılır. Üstəlik həmin işin ilkin araşdırılması zamanı istintaqa çağırılanlardan biri də oğlu Bilal Ərdoğan olmuşdu. MHP onu da bəyan edib ki, hökumətə gələcəkləri təqdirdə, ilk işləri sözügedən nazirlər – Müəmmər Gülər, Egemen Bağış, Zəfər Çağlayan və Ərdoğan Bayrakdarla yanaşı, Rəcəb Tayyib Ərdoğanın da vətənə xəyanət və korrupsiya ittihamları üzrə istintaqa cəlb edilməsini təmin etmək olacaq. Baxçalı «əvvəlcə hesablaşaq, sonra halallaşarıq» deyərək araşdırmadan sonra bəraət alacaqları təqdirdə həmin şəxslərlə halallaşmağa hazır olduqlarını bildirib.

AKP ilə koalisiyaya isti baxmayan, lakin təklifə qapılarını tam qapatmayan CHP-nin də koalisiya ilə bağlı şərtləri var. CHP bəyan edib ki, Davudoğlu Ərdoğandan qurtulmağa razılıq verməli, ikincisi 17-25 dekabr «böyük rüşvət əməliyyatı»nın araşdırılmasına yardım etməlidir. Bu halda CHP koalisiyaya razılıq verə bilər.

Avropa Birliyindən Kılıçdaroğluna zəng

Bu arada, Avropa Birliyinin Xarici əlaqələr və Təhlükəsizlik üzrə təmsilçisi Federika Mogherni dünən CHP sədri Kamal Kılıçdaroğluna zəng edib. CHP-dən verilən məlumata görə, söhbət zamanı Kılıçdaroğlu AB yetkilisinə 7 iyun seçkisinin nəticələri və yeni hökumətin qurulması istiqamətində fikirlərini çatdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.