Alparslan Türkeşin qızı referendumda “xeyr” deyəcək
25-03-2017, 21:39
Türkiyədə referendumla bağlı kampaniya davam edərkən, MHP-dən ixrac edilən keçmiş millət vəkili Sinan Oğan növbəti görüşünü Eskişeherdə Alparslan Türkeşin qızı Çağrı Türkeş ilə birlikdə keçirib.
Çağrı Türkeş burada etdiyi çıxışında referendumda “xeyr” deyəcəyini bildirib. O seçiminə aydınlıq gətirərək bunları deyib: “Keçən 15 illik zaman ərzində ölkəmizə bir çox tələlər qurulduğuna şahid olduq. Hörmətli Prezidentimiz də özünün bir çox məsələlərdə aldadıldığını söylədi, etiraf etdi. Bu son dəyişiklik təklifi də son bir aldanışa qapı açacaq təklifdir. Mən bu şəkildə ifadə edirəm. Ölkəmizin bölünməz bütünlüyünü, Türk millətinin birliyini təhlükəyə soxacaq bir təklif olduğunu gördüyüm üçün “xeyr” deyirəm. Rəhmətlik atam Alparslan Türkeşin də prinsiplərinə tamamilə əks təklifdir bu. O həyatda olsaydı, belə bir təklifi Milliyyətçi Hərəkat Partiyası rəhbərlərinin qəbul etməsi mümkün olmazdı. Milliyyətçi Hərəkat Partiyası rəhbərlərinin belə bir təklifə liderlik etməsi bundan əvvəlki bütün iddialarını çürüdən bir davranışdır və hamımızı çox üzməkdədir. Biz ölkəmizin salamatlığı üçün, partiyamızın ayaqda qala bilməsi üçün könüldən “xeyr” deyirik.”