QACARLAR VƏ AZƏRBAYCANLILAR
3-11-2017, 18:08
Farsların Qacarları etnik baxımdan, yeni azərbaycanlıların sosial baxımdan inkar etmələri sülalənin hakimiyyətdən kənarlaşmasına gətirib çıxardı.
Qacar tayfası Azərbaycan (türk) tayfalarından biri olaraq özünəməxsus yol keçmiş, tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqının həyatında mühüm rol oynamışdır. Qacarların etnogenezi və ana yurdu məsələsi mübahisəli olsa da, monqolların, xüsusən də Elxanilərin hakimiyyəti illərində (1256-1336) hakimiyyət sistemində mühüm yer tutmaları bütün Qacar tarixşünasları tərəfindən vurğulanan faktdır. Qacar tayfası və xüsusən Qacar sülaləsinin tarixindən bəhs edən bütün tarixçilər tayfanın tarixinin məhz monqolların hakimiyyəti illərində başlandığını qeyd edirlər.
Tayfa tarixinə xas olan personallaşdırma - tayfa tarixinin başlanğıcını hər hansı bir nüfuz və ya real tarixi şəxsiyyətin nəsli və həmin nəslin tərəfdarları kimi nəzərdən keçirilməsi - Qacar tarixi üçün də səciyyəvidir. Belə ki, Qacar tayfasının meydana gəlməsi və ya başlanması Elxanilərin hakimiyyət strukturunda Atabəy funksiyasını yerinə yetirən Sartaq-noyanın, ondan sonra həmin funksiyanı yerinə yetirmiş oğlu Qacar-noyanın adı ilə bağlanır. Tayfanın Sartaq deyil, Qacar adlanması da türk hakim sülalələrinin şəcərə tarixi ənənəsinə uyğundur. Belə ki, Səlcuq sülaləsi Səlcuqun atası Dokakın, Osmanlı sülaləsi Osmanın atası Ərtoğrulun adı deyil, oğulların adı ilə adlandırılmışdır.
Monqolların süqutundan sonra Qacar tayfası müxtəlif tayfa ittifaqlarının tərkibində müxtəlif ərazilərdə qeyd olunur. Qacarlardan sonuncu dəfə ayrıca bir tayfa kimi onların I Şah Abbas (1587-1629) tərəfindən Azərbaycandan - İrəvan və Gəncə vilayətlərindən Xəzər dənizinin cənub şərqinə - Astrabad (Qorqan) bölgəsinə, zahirən türkmən basqın və yürüşlərinə qarşı durmaq üçün köçürülməsindən sonra daha geniş və intensiv şəkildə danışılır. Həmin vaxtdan Qacar tayfasının tarixinin yeni mərhələsi başlanır. Şah Abbas Qacar tayfasını parçalasa da, obyektiv olaraq onların yenidən daha intensiv şəkildə tayfa kimi konsolidasiya olmasına şərait yaratmışdır. Belə ki, Azərbaycandan fərqli, daha məhdud məkanda və yad mühitdə (həm fiziki-təbii, həm də sosial-mədəni) tayfa daha sıx birləşməyə və tayfa strukturunu bərpa etməyə məcbur idi. Məhz həmin dövrdən başlayaraq, Qacar tayfasının tarixi taleyi ümumazərbaycan tarixi taleyindən ayrılmağa və özünəməxsus keyfiyyətlər kəsb etməyə başlayır. Qacarların məhz şimal-şərqi İranda (indiki Mazandaran və Gülüstan ostanları) məskunlaşmasından sonra onların tayfa-qəbilə strukturu haqqında daha ətraflı məlumat qeyd edilir. Qacarların yenidən vahid tayfa (və ya tayfa ittifaqı) kimi fəaliyyət göstərməyə məcbur olmaları (bizə belə gəlir ki, Azərbaycanda məskunlaşdıqları zaman Qacarların nizamlı tayfa quruluşu artıq dağılmaq üzrə idi) onların konsolidasiya səviyyəsini yüksəltmiş və hakimiyyət uğrunda müstəqil şəkildə mübarizə aparmağa əsas vermişdir.
Qacarlar müstəqil şəkildə hakimiyyət uğrunda mübarizəyə Səfəvilərin faktiki süqutundan (1722) sonra başlasalar da, Nadir xan tərəfindən qısa müddətdən sonra mübarizədən kənarlaşdırılmışlar. Nadir şahın (1736-1747) ölümündən sonra Qacarlar daha mütəşəkkil şəkildə hakimiyyət uğrunda mübarizəyə başlayıb İranın xeyli hissəsini öz hakimiyyətləri altında birləşdirsələr də, irandilli Zənd sülaləsinə məğlub olmuş və mübarizədən çəkilmişlər. Kərim xan Zəndin (1750-1779) ölümündən sonra Ağa Məhəmməd şah Qacarın başçılığı ilə yenidən mərkəzi hakimiyyət uğrunda mübarizəyə başlayan Qacar tayfası 15 ildən (1794) sonra bütün İranı öz hakimiyyəti altında birləşdirməyə nail oldu. Qacar tayfası hakimiyyət uğrunda mübarizəyə Cənubi Azərbaycanın dəstəyi olmadan, tayfanın öz gücü ilə başlamışdır. Qacarlar həm öz aralarında, həm də əsas rəqibləri Zənd sülaləsinə qarşı mübarizə aparırdılar. Həmin mübarizədə Ağa Məhəmməd şahı qardaşlarının (6 nəfər) və buna uyğun olaraq Qacarların bir hissəsi müdafiə etsə də, onun mövqeyi möhkəmləndikcə ilk vaxtlar konyunktur və müvəqqəti xarakter daşısa da, tərəfdarlarının sayı artırdı. Mazandaranı özünə tabe edəndən sonra bir çox mazandaranlı feodallar Ağa Məhəmməd şahı müdafiə etməyə başladılar. Ağa Məhəmməd şah Mərkəzi İrana və ya İraqi-Əcəmə doğru hərəkət edərkən burada məskunlaşmış azərbaycanlılar - bayatlar, şahsevənlər, xələclər və b. bəzən müvəqqəti də olsa, onu müdafiə etmiş, bununla da yeni hakimiyyətin silahlı qüvvələrinin sayı və coğrafiyası böyüməyə başlamışdır. İraqı-Əcəmin xeyli hissəsində möhkəmlənmiş Ağa Məhəmməd şah Azərbaycana hərəkət etmiş, burada mövcud olan yerli hakimlərin bəziləri yeni hakimiyyəti tanıdıqlarını (Qaracadağ, Xoy) izhar etmiş, digərləri müqavimət göstərmişlər (Urmiya, Sarab). Ağa Məhəmməd şah yerli hakimlərin bəzilərini öz vəzifəsində saxlamış, digərlərinin hakimiyyət səlahiyyətlərini məhdudlaşdırmış və ya onları yeni hakimiyyətə sədaqət izhar edən nəslin digər nümayəndələri ilə əvəz etmişdir. Bütövlükdə Ağa Məhəmməd şahın Cənubi Azərbaycanda hakimiyyəti illərində (1791-1797) ölkə dağınıq halda yerli hakim sülalələr tərəfindən idarə olunurdu. Ağa Məhəmməd şah daha çox yerli əhali hesabına öz ordusunun sayını çoxaltmağa əhəmiyyət verirdi. Ağa Məhəmməd şahın hakimiyyət uğrunda mübarizəsində Cənubi azərbaycanlıların iştirakının dərəcəsini müəyyən etmək üçün həmin mübarizədə fəal iştirak etmiş hərbi və mülki şəxslərin etnik mənsubiyyətinə diqqət yetirmək maraqlı nəticəyə gəlməyə imkan verir.
Qacar dövrünün rəsmi tarixçi-salnaməçisi Məhəmməd Tağı Lisan əl-mülk Sepehr özünün «Nasix ət-təvarix» (Tarixi-Qacariyyə) (Tehran, 1377, I-II c.) əsərinin 29-100-cu səhifələrində Ağa Məhəmməd şahın hakimiyyət uğrunda mübarizəsində ona bu və ya digər dərəcədə yardım etmiş 42 şəxsin adını qeyd edir. Bunlardan 21-i Qacar tayfasının üzvü, 7-si qeyri-qacar azərbaycanlı, 12 nəfəri şərti olaraq fars, 2 nəfəri kürd idi.
Qacarların 5 nəfəri şahın qardaşları, bir nəfəri şahın qardaşı oğlu, 5 nəfəri şahın mənsub olduğu Qəvanlu tayfasının, 5 nəfəri şahın əsas müttəfiqi Qacar Dəvəli tayfasının, 3 nəfəri Qacar İzzəddinli tayfasının, 2 nəfəri digər Qacar tayfalarının üzvləri idilər. Qardaşlardan yalnız Cəfərqulu xan axıra qədər Ağa Məhəmməd şahın yanında olmuş, ən mühüm hərbi əməliyyatlara başçılıq etmişdir. Demək olar ki, yeni hakimiyyəti iki qardaş birlikdə təsis etmişlər.
Qeyri-qacar azərbaycanlılardan 5 nəfəri Mərkəzi İranı (Cənubi Azərbaycanın cənub-şərq qurtaracağı və ondan şərqə) təmsil edirdilər, 2 nəfər Cənubi Azərbaycanda yeni hakimiyyəti tanımış yerli hakimlər idi. Farslar ilk vaxtlar mazandaranlılarla təmsil olunurdular. Ağa Məhəmməd şahın ilk vəziri, hərb-əsgəriyyə (ləşgəriyyə) vəziri mazandaranlı idi. İsfahan və xüsusən Şirazın tabe edilməsindən sonra bu bölgələrin nüfuzlu və vəziyyəti «düzgün» qiymətləndirən şəxsləri yeni hakimiyyətin müdafiəçilərinə çevrildilər.
Ağa Məhəmməd şah öz vəliəhdi Fətəli xanı Zənd sülaləsinin dayağı olan Farsa vali təyin etdi (1794). Amma Ağa Məhəmməd şahın öldürülməsindən sonra sülalə üçün ən böyük təhlükə Azərbaycanda meydana gəldi. Ona görə ərazini daha ciddi nəzarətdə saxlamaq tələb olunurdu. Bunu təmin etmək üçün Fətəli şah (1797-1834) oğlu Abbas Mirzəni vəliəhdi elan edib Azərbaycana vali təyin etdi, onu qacar sərkərdələrin başçılığı ilə böyük bir ordu və fars mülki məmurların müşayiəti ilə Təbrizə göndərdi (1798). O, vəliəhdi statusuna uyğun olaraq Azərbaycan vilayətlərindən birinə deyil, bütün məmləkətə vali idi. Bu təyinatın obyektiv nəticəsi Cənubi Azərbaycanın uzun illərdən (ən azı 50 ildən) sonra vahid inzibati-ərazi vahidində birləşdirilməsi oldu. Həmin məsələdə çoxlarının iddia etdikləri kimi, etnik birlik amili deyil, siyasi, hərbi amil aparıcı rol oynadı. Bundan sonra ölkədə faktiki iki mərkəz formalaşmağa başladı. İranın mərkəzi Tehran, Azərbaycanın mərkəzi Təbriz. İran şah, Azərbaycan isə vəliəhd (onun cavanlığı dövründə qacar hərbi, fars mülki məmurlar) tərəfindən idarə olunurdu. Həm şah, həm də vəliəhd idarə etdikləri ərazini demək olar ki, qeyri-qacar azərbaycanlıların iştirakı olmadan idarə edirdilər. Çünki Fətəli şahın və vəliəhd Abbas Mirzənin hakimiyyətdə olduğu illərdə nüfuzlu qeyri-qacar, xüsusən Cənubi azərbaycanlıya rast gəlinmir. Fətəli şahın mərkəzdə mülki məmurları farslar, hərbi məmurları qacarlar, mazandaranlılar və başqaları, yerli hakimləri isə əsasən oğullarından idarət idi. Vəziyyət Təbrizdə böyüyüb başa çatmış Məhəmməd şahın hakimiyyətə gəlişindən 8 ay sonra onun hərəkətlərinə nəzarət edən, bəzən rəyi ilə hesablaşmayan fars sədr-əzəmi kənar edərək, onun yerinə keçmiş müəllimi və mürşidi Cənubi azərbaycanlı Mirzə Abbası - Hacı Ağasını sədr-əzəm təyin etdikdən sonra dəyişməyə başladı. Hacı Ağası Şimali Azərbaycandan İrana mühacirət etmiş nüfuzlu ailələrin nümayəndələrinin, öz vilayətindən - Xoydan (Makıdan) olanların hərbi və mülki vəzifələrə təyin edilməsinə yardım etməklə, Cənubi azərbaycanlıların mərkəzi və xüsusən yerli hakimiyyətdə mövqeyinin möhkəmlənməsinə şərait yaratmışdır. Məhəmməd şahın (1834-1848) ölümündən sonra İranın müxtəlif məntəqələrində Cənubi azərbaycanlı hakimlərə qarşı üsyanların baş verməsi, eyni zamanda gənc Nasirəddin şahın təcrübəli sədr-əzəmi Mirzə Tağı xanın apardığı islahatlar nəticəsində nüfuzunun artması sulalə üçün təhlükə kimi qiymətləndirilərək hakimiyyətdən kənar edilməsi ilə farslarla azərbaycanlılar arasında müəyyən balanslaşdırma siyasəti yürüdülməyə başlandı. Həmin siyasət Müzəffərəddin şahın hakimiyyəti illərində (1896-1907) Cənubi azərbaycanlıların xeyrinə zəif də olsa, dəyişdi. Bu da farslar arasında anti-qacar, anti-azərbaycanlı (türk) əhval-ruhiyyəsinin güclənməsinə səbəb oldu. Cənubi azərbaycanlıların rəhbərliyi ilə baş verən, onların aparıcı qüvvə olduqları Konstitusiya (Məşrutə) inqilabı (1905-1911) qacarların və azərbaycanlıların mərkəzi və xüsusən yerli hakimiyyətdə mövqelərini əhəmiyyətli dərəcədə zəiflətdi və müvafiq olaraq farsların mövqeyini gücləndirdi.
Güclü, lakin azsaylı Qacar tayfası İranda hakim siyasi qüvvəyə çevrildikdən sonra sürətlə cəmiyyətə inteqrasiya olunmağa və mövcud dəyərlər sistemini mənimsəməyə başlayır. Qacar tayfası və sonralar Qacar sülaləsi siyasi, sosial baxımdan hakim dairələri təmsil etsə də, etnik baxımdan heç bir etnik birliyi təmsil etmirdi. Onlar feodal cəmiyyətində mövcud olan siyasi, mədəni və digər ənənələrə əməl edir və onların davam etdirilməsinə, təkamülünə şərait yaradırdılar.
Qacarlar etno-mədəni baxımdan azərbaycanlıları təmsil edə bilmədiklərindən, Cənubi azərbaycanlılara münasibətdə ardıcıl siyasət yeridə bilmədiyindən, ən əsası, mühafizəkar qüvvələri təmsil etdiklərindən azərbaycanlılar, xüsusən formalaşmaqda olan yeni, modernist meylli azərbaycanlı qüvvələr onlara Azərbaycan etnik birliyinin tərkib hissəsi kimi baxa bilmirdilər. Çox güman ki, Qacarların asanlıqla hakimiyyətdən uzaqlaşdırılmasında həmin amilin də mühüm rolu oldu. Milli şüuru güclənməkdə olan farslar Qacarları təbii olaraq yad ünsür hesab edir, etno-milli şüuru zəif olan yeni, mütərəqqi azərbaycanlı qüvvələr də təbii olaraq Qacarları özgə sosial ünsür hesab edirdilər. Farsların Qacarları etnik baxımdan, yeni azərbaycanlıların sosial baxımdan inkar etmələri sülalənin hakimiyyətdən kənarlaşmasına gətirib çıxardı.
Qacarlar etno-mədəni baxımdan Azərbaycan xalqını təmsil etməsə də, sülalə öz hakimiyyətini qorumaq üçün farslar və Cənubi azərbaycanlılar arasında balanslaşdırma siyasəti yeritsə də, Azərbaycan xalqının etno-mədəni inkişafı qarşısında heç bir rəsmi maneə də yaratmamışdı. Sadəcə olaraq, yeni azərbaycanlı qüvvələr siyasi, dövlətçilik, sosial məsələlərə aludə olduqlarından öz etno-mədəni varlığına, onun yeni şəraitdə inkişaf etdirilməsinə biganə qalmışdılar. Məhz buna görə azərbaycanlıların fəal iştirakı ilə Qacar sülaləsini əvəz edən fars Pəhləvi rejimi (1925-1978) geniş və hərtərəfli assimilyasiya siyasəti həyata keçirə bildi.
İslam inqilabından (1978-1979) sonra İranda milli münasibətlər sahəsində Qacarların hakimiyyəti illərində mövcud olmuş vəziyyətə oxşar bir situasiya yarandı. Belə ki, yeni rejim bir tərəfdən vahid icma (millət), vahid yazı və dil prinsipini elan etdi, digər tərəfdən etnik dillərin və mədəniyyətlərin məhdud miqyasda olsa da, inkişafı üçün hüquqi baza və müəyyən real şərait yaratdı. Yəni, yeni rejim də etno-mədəni baxımdan Azərbaycan xalqını təmsil etmir, eyni zamanda onun etno-mədəni inkişafı üçün məhdud da olsa şərait yaradır. Qacarların hakimiyyəti illərində olduğu kimi islam inqilabından sonra da Cənubi azərbaycanlılar müxtəlif intensivliklə mərkəzi və məhdud miqyasda yerli hakimiyyətdə təmsil olunmuşlar.
Təkcə onu demək kifayətdir ki, Müvəqqəti hökumətin (1979-1980) başçısı M.Bazərgan, İranın ilk prezidenti (1980-1981) Ə.Bənisədr, İslam İnqilabı Şurasının bir sıra üzvləri, inqilabın qələbəsindən sonra Ali Məhkəmənin sədri Ayətulla Musəvi Ərdəbili, Baş prokuror Musəvi Xoiniha, 1981-ci ildən 1989-cu ilə qədər həm prezident S.Ə.Xomneyi, həm də baş nazir M.H.Musəvi, 1989-cu ildən 2007-ci ilə qədər «Rəhbər»i seçən Xübrəqan Məclisinin sədri Əli Mişkini, 1989-cu ildən indiyə kimi İran İslam Respublikasının rəhbəri S.Ə.Xamneyi və bir çox nazirlər azərbaycanlı olmuşlar. Amma Qacarlar kimi onlar da Azərbaycan xalqını təmsil etməmişlər, xalqın etno-milli problemlərinin həll edilməsi üçün heç bir təşəbbüs göstərməmişlər. Bu baxımdan Azərbaycan xalqının nüfuzlu şəxsləri, yuxarı dairələri həm Qacar sülaləsinin nümayəndələrindən, həm də həmin dövrdəki qabaqcıl azərbaycanlı qüvvələrdən heç nə ilə fərqlənmirlər. Həm onda, həm də indi hakim dairələrdə təmsil olunan azərbaycanlılar öz milli varlığına, etno-milli problemlərinə tamamilə biganə olmuşlar. Əgər Qacarların hakimiyyətinin ikinci yarısından başlayaraq, Azərbaycan xalqının etno-mədəni inkişafının ləng getməsi yeni ziyalıların öz milli varlığına biganəliyi ilə bağlı idisə, indi, son 30 ildə milli ruhlu ziyalıların, tələbələrin milli şüurunun ən yüksək səviyyəyə çatdığı, geniş dairələrin milli varlığa geniş əhəmiyyət verdiyi bir şəraitdə Azərbaycan xalqının hüquqsuz millət vəziyyətində qalması, hakim fars millətçiliyinin güclənməsi yuxarı dairələrdə təmsil olunmuş azərbaycanlıların öz milli problemlərinə etinasızlığı ilə bağlıdır. Cəmiyyətdə müəyyən, bəzən çox güclü iqtisadi, siyasi, sosial mövqeyi olan azərbaycanlıların himayəsi, yardımı olmadan milli ziyalıların, tələbələrin Azərbaycan xalqının milli bərabərliyi, bərabərhüquqluluğu, Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması uğrunda çox gərgin mübarizəsi bir nəticə verə bilməz. Bizə belə gəlir ki, Cənubi azərbaycanlı milli ruhlu qüvvələr qarşısında duran əsas problemlərdən biri yuxarı dairələrdə təmsil olunan azərbaycanlıların etno-milli birliyə qaytarılmasıdır. Xalq, millət bütöv bir varlıq olduğundan onun problemləri ilə bütün xalq, onun ayrı-ayrı təbəqələri öz status və roluna uyğun olaraq məşğul olmalıdır. Bunun üçün bütün azərbaycanlıları birləşdirə biləcək yeganə və əsas məsələ düzgün müəyyən edilməli, bütün digər məsələlər kənara qoyulmalıdır. Həmin birləşdirici amil düzgün müəyyən edilsə, hakim dairələrdə təmsil olunan azərbaycanlılar onu müdafiə etsə, onda Azərbaycan məsələsini həll etmək o qədər də çətin olmaz. Bunun üçün, məncə, farslardan nümunə götürülməlidir. Əgər sosial, demokratik, dövlətçilik dəyərləri naminə fars milli dəyərlərindən imtina etməyə, nəinki öz milli varlığından, hətta hakim millət mövqeyindən imtina etməyə hazır olan bir fars ruhanisinə, sahibkarına, siyasətçisinə, mədəniyyət xadiminə, ziyalısına, tələbəsinə, hətta bazar əhlinə rast gəlinsə, onda azərbaycanlıların eyni sferada məlum milli indifferent davranışları üzürlü sayıla bilər. Amma belə nümunə mövcud olmadığından, azərbaycanlıların öz davranışlarını təshih etmək üçün uzağa getməsinə ehtiyac yoxdur. Azərbaycanlıların indiyə kimi milli varlığa, milli-mədəni inkişafa münasibətdə farslardan nümunə götürməmələri böyük təəccüb doğurur.
Ədalət naminə onu da əlavə etmək lazımdır ki, milli şüuru yüksək səviyyəyə çatmış, milli-siyasi təşkilatlar yaratmağa başlamış Cənubi azərbaycanlıların etno-milli, etno-mədəni inkişafı, demək olar ki, özünün son mərhələsinə qədəm qoymuşdur. Həmin mərhələnin mahiyyəti İran cəmiyyətinin bütün sferalarının yuxarı dairələrində təmsil olunan azərbaycanlıların azərbaycanlılaşması mərhələsidir. Həmin mərhələ başa çatdıqdan sonra milli məsələnin həlli yolunda heç bir daxili maneə qalmayacaq, İnşallah!