Ermənistana qaçmış eks-prokurorları Azərbaycanla nə bağlayır? - İDDİA

13-08-2015, 12:38           
Ermənistana qaçmış eks-prokurorları Azərbaycanla nə bağlayır? - İDDİA
Türkiyədə bir sıra ordu generallarının həbs olunmasına səbəb olan məşhur “Ergenekon” işinin prokuroru Zəkəriyyə Özün və 2013-cü ilin dekabrında başladılan böyük rüşvət, qaçaqmalçılıq, korrupsiya əməliyyatlarının prokuroru Cəlal Karanın Ermənistana qaçdığı haqda məlumatlar var.

Nurçu camaatın lideri Fətullah Gülən şəbəkəsinə məxsus olduğu deyilən dövlət içərisindəki paralel hökumətin nümayəndələri hesab edilən sabiq prokurorlar haqqında Ermənistan rəsmi açıqlama verib. Ermənistan Milli Təhükəsizlik Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, Zəkəriyyə Öz və Cəlal Karanın bu ölkədə olması ilə bağlı onlarda heç bir məlumat yoxdur.

Xatırladaq ki, iş adamlarını, bir sıra nazirləri hədəfə alan böyük rüşvət və korrupsiya əməliyyatları zamanı İstanbul baş prokurorunun müavini işləmiş Zəkəriyyə Öz tanınmış biznesmenlərin həbsinə sanksiya verib.

Həmin rüşvət və korrupsiya əməliyyatlarının uzantıları isə Azərbaycana qədər gəlib çıxmışdı. Bu əməliyyat çərçivəsində çirkli pulları yumaqda ittiham olunan Sədərək gömrüyünün rəisi Mirməhəmməd Seyidov Qarsda həbs edilmişdi.

Görünən isə odur ki, 2013-cü ilin dekabrında dünya siyasi gündəminə bomba kimi düşən istintaqın başında dayanan prokurorlar Azərbaycanla bağlı məxfi bilgilərə də sahib olublar.

Fərz edək ki, Zəkəriyyə Öz və Cəlal Kara həqiqətən də Ermənistana qaçıb. Bəs bu Azərbaycanın maraqlarına hansısa xələl gətirə bilərmi?

Mövzu barədə Modern.az saytına danışan keçmiş dövlət müşaviri, politolooq Qabil Hüseynli bildirib ki, hələlik keçmiş prokurorların Ermənistana qaçdığı rəsmi şəkildə öz təsdiqini tapmayıb.

Ekspertin sözlərinə görə, Zəkəriyyə Öz və Cəlal Karada Azərbaycanla bağlı gizli məlumatlar ola bilməsi ehtimalı çox azdır.

“Onlarda Azərbaycanla bağlı hər hansı məxfi məlumatlar ola biləcəyinə inanmıram. Onlarda olan məlumatlar Ermənistan üçün heç bir strateji əhəmiyyət kəsb edə bilməz”,-deyə politoloq qeyd edib.

Qabil Hüseynlinin fikrincə, eks-prokurorlarda olan bilgilər aşınmaya məruz qalmış və öz əhəmiyyətini xeyli dərəcədə itirmiş bilgilərdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.