Ankara istəyinə çatdı: Suriyaya 12 minlik qüvvə yeridilir
13-08-2015, 16:11
BŞ ilə Türkiyə arasında davam edən uzunmüddətli danışıqlardan sonra “təmiz bölgə” üçün ilk addım atılıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azad Suriya Ordusunun 9800 nəfərlik gücü bölgəyə yerləşdiriləcək.
Türkiyə ABŞ-ın dəstəyi ilə Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılmasını istəsə də, Birləşmiş Millətlər Təşkilatında (BMT) Rusiya və Çin vetosu bu barədə qərarın qəbuluna əngəl olmuşdu. Bundan sonra isə “təmiz bölgə” formulu ortaya çıxıb. Aparılan danışıqlarda koalisiya güclərinin dəstəyi ilə Suriyada belə bir bölgənin yaradılması barədə razılıq əldə edilib.
Suriyanın 45 kilometr dərinliyinə daxil olacaq “təmiz bölgə” 110 kilometr uzunluğunda olacaq. ABŞ isə PYD-yə (PKK terror təşkilatının Suriya qolu) bölgənin şərq sərhədi olan Firat çayının qərb tərəfinə keçməməsi barədə xəbərdarlıq edib.
Türkiyə “təmiz bölgə”nin izlənilməsi üçün 9 müşahidə mərkəzini yaratmağı planlaşdırır. Cənubi Livan modeli olaraq tanınan bölgəyə Türkiyə Hərbi Hava Qüvvələri də nəzarət edəcək. Sərhəd xəttindən Türkiyəyə mümkün təhdidlərin artacağı halda hazır vəziyyətdə dayanacaq 12 minlik hərbi qüvvə Suriyaya daxil olacaq.
“Təmiz bölgə” ilə bağlı nəzərdə tutulanlar planlaşdırıldığı kimi həyata keçirilsə, 2016-cı il fevral, yaxud da mart ayından etibarən Suriya vətəndaşlarının bölgəyə girişi təmin ediləcək.