Elbrus Erudun “ Azərbaycanlıların yersiz türkçülüyü ...” adlı yazısına oxucu cavabı

13-08-2015, 20:46           
Elbrus Erudun “ Azərbaycanlıların yersiz türkçülüyü ...” adlı yazısına oxucu cavabı

Bu gün xəbər saytlarını gözdən keçirərkən qafqaz.info-da Elbrus Erudun “ Azərbaycanlıların yersiz türkçülüyü ...” adlı yazısını oxudum.Əvvəl qeyri-ciddi qəbul etdim,amma sonra cavab yazmaq qərarına gəldim.Elbrus bəy iddia edir ki,Türkiyə ilə qardaş olsaq da bayraq və doğmalıq məsələsində hər zaman özlərini bir pillə üstün sayıblar türkiyəlilər.Fərdlər səviyyəsində götürsək bu belə deyil,ən azından Türkiyədə Azərbaycana və onun bayrağına özününkü kimi sayğı duyanlar yetəri qədərdir.Məsələyə ümumi yanaşdıqda mən Elbrus bəyə haqq qazandırıram hardasa.Amma gərəkdir ki,hər kəs ilk olaraq öz gözündəki tiri görsün.Çalışacam Elbrus bəyin iradlarına uyğun sıralama ilə yazımı davam etdirim.
  Elbrus bəy deyir ki,Cavidin Türkiyə bayrağına bürünməsi(halbuki Cavid ilk Azərbaycan bayrağını qaldırmışdı və kənardan verilən qardaş ölkənin bayrağını da qaldırdı) qardaş ölkənin mediasında yalnış məlumat kimi yazılıb və rəhmətlik Rasim Əliyevin bu bayraq üstündə döyülərək öldürüldüyü iddiası irəli sürülüb.Elbrus bəy,unutmayın ki,Azərbaycanda mətbuat sahəsində yetəri qədər peşəsinə sahiblənməyi bacarmayan jurnalistlər(bu hər sahədə mövcuddur demək olar ki) istədiyiniz qədərdir.Ölüm hadisəsi araşdırılmamış və rəsmilərin qərarı olmadan İP,reklam və oxunuş xatirinə qaraguruh yaradan Azərbaycan mətbuatından türkiyə mətbuatının hansı məlumatı almalarını gözləyirdiniz ki?Sərgən olayına isə peşəkar kimi yanaşmanızı xahiş edirəm və bir futbolçu üçün qarşı komandanın hansı ölkəyə aid olması heç bir halda əhəmiyyət kəsb etmir.
  İddia edirsiniz ki,Avropa Oyunları zamanı Türkiyə komandasının zala daxil olmasını camaat ayaqda alqışladı və heç vaxt Türkiyədən bu cür addım görülməyib.Siz Türkiyədə keçirilən bütün beynəlxalq tədbirləri izləmisinizmi ki,bu cür qənaətə gəlmisiniz.Bir nümunə deyəcəm-”Türkcü Olimpiyatlar” betnəlxalq türkdilli ölkələrin musiqi yarışmasını izləyin və Azərbaycana olan sevgini görün.
  Orada bu günə qədər hamının dilində əzbər olan ”2009-cu ildə Bursaya Türkiyə-Ermənistan oyununa Azərbaycan bayrağı ilə gedən soydaşlarımızın əlindən alınıb zibil qutularına atılan bayraqları da xatırlamaq yerinə düşər.”Bu hadisə sırf hökumət tərəfindən atılan addım idi və inanıram ki,siz hökumətlə dövlət və ya camaat arasındakı fərqi bilirsiniz.
  Amerikadakı azərbaycanlının Türkiyə bayrağının sahiblənməsini Türkiyə vətəndaşları tərəfindən eyni addımın olmamasını fakt kimi göstərirsiniz,amma düşünürəm ki,istənilən ölkədə hər zaman Azərbaycan diasporuna,ictimaiyyətinə və dövlətinə sahib çıxan yalnız Türkiyə vətəndaşlarının olduğunu(bəzən heç öz vətəndaşlarımız bunu etmir) və Ermənistana qarşı və ya Xocalıya Ədalət kampaniyası çərçivəsində istənilən halda Azərbaycan bayrağının yanında hər zaman türkiyə bayrağını dalğalandıran türkiyəlinin olduğundan xəbəriniz var.
  Gələk Elnur Hüseynov məsələsinə.Siz Elnura görə niyə bu qədər narahatsınız ki? Bu həmin Elnurdu ki,Eurovision mahnı müsabiqəsində Azərbaycanı layiqincə təmsil etdiyi halda heç bir mətbuatda,televiziyada haqqında veriliş hazırlanmadı,heç yerə dəvət almadı(müsabiqənin nəticələri və haqqındakı veriliş və yazıları çıxmaq şərtiylə).Həmin vaxt o sosial şəbəkələrdə “homoseksualdı,gaydi” kimi sözlərlə aşağılanırdı deyə cəmiyyətdən dışlandı,uzaqlaşdırıldı və soyuduldu.Niyə o vaxt dəstək olmadınız?
  Fikrimi son bir neçə cümlə ilə yekunlaşdırmaq istəyirəm.Bir ölkənin qazisi sosial imkansızlıqdan özünü yandırırsa,bayraq üçün düşmənini həyatdan məhrum edənə cinayətkar deyilirsə,23 ildir ki,torpaqları işğal altındadırsa və dövlətin ərazisində düşməninin bayrağı dalğalanırsa,o bayraq üçün canından keçən şəhidimin valideynləri pulsuzluqdan,imkansızlıqdan əziyyət çəkirsə,bir ölkənin ziyalı sayıldığı adam bayrağa “əski parçası” deyirsə yazınızın sonunda qeyd etdiyiniz “dünyanın ən böyük bayrağı” nəyi dəyişir.Bəli,doğrusunuz,mənimçün də Azərbaycan bayrağı dünyanın ən böyük və ən gözəl bayrağıdır,amma Qazaxda ekskavatora yığılıb daşınan,Avropa Oyunları könüllülərinin qürur yürüşündə ayaqlar altında əzilən də,mitinqlərdə cırılan da,”Qəbələ-”Apollo” oyununda kiprli azarkeşlər tərəfindən cırılıb,yandırılmaq istənilən də Azərbaycan bayrağı idi.
  Deyəcəyim o ki,dövlət,vətən,rəsmi ilk olaraq özü öz dəyərlərinə sahib çıxmalı,ona hörmətlə yanaşmalıdır ki,qardaşından da,ətrafdan da eynisini görsün.
  Sadaladıqlarıma əlavə olaraq bu yaxınlarda PKK-çılara qarşı əməliyyatlara dəstək olaraq evlərdən asılan Türkiyə bayrağına olan sevgiylə,xüsusi günlərdə bizim bayrağımıza olan sevgimizi(ümumi olaraq) müqayisə edin istəyirəm.

Qeyd: Bu sadəcə məqaləyə olan şəxsi münasibətimdir.
Elmin Həmzə
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.