Qacar şahı: “Atatürkə deyin ki…”

5-08-2018, 21:08           
Qacar şahı: “Atatürkə deyin ki…”
“İranın sonuncu türk hökmdarı Əhməd şah Qacarın (1898-1930) öz taxt-tacını saxlamaq şansı var idi, lakin o, bu şansı əldən verdi. Mustafa Kamal Atatürk İranda hakimiyyətin türkmənşəli Qacar sülaləsinin əlində qalmasını istəyirdi və bu məqsədlə Əhməd şaha hər cürə yardım göstərməyə, o cümlədən 1921-ci ildə şaha qarşı üsyan qaldırmış Rza xan Pəhləvinin üsyanını yatırmaq üçün İrana hərbi qüvvə göndərməyə hazır idi”.

Faktaz.com-un xəbərinə görə, bunu professor Fərid Ələkbərli bildirib.

F.Ələkbərli qeyd edib ki, 11 yaşlı Əhməd şah 1909-cu ildə atası Məhəmmədəli şah кönüllü surətdə şаhlıqdаn əl çəкəndən sоnrа tахtа əyləşsə də, real hakimiyyətə malik deyildi: “Onun adından ölkəni regentlər və bəxtiyarı tayfalarının başçıları idarə edirdi. 1921-ci ildə İranda yerləşən rus kazak briqadasının zabiti Rza xan Pəhləvi ölkədə çevriliş edib, özünü baş nazir elan etdi. 1923-cü ildə Əhməd şah ölkədən qovularaq, Avropada sığınacaq tapdı. Lakin Rza xanın 1925-ci ildə özünü şah elan etmesinə qədər, Əhməd şah formal olaraq İran şahənşahı sayılırdı. Əhməd şaha göndərdiyi məktubda Atatürk şaha təcili Avropadan İrana dönməsini və hakimiyyəti yenidən ələ almasını məsləhət gördü. Atatürk şaha İrana Türkiyə ərazisindən keçməklə, türk hərbi qüvvələrinin mühafizəsi altında qayıtmasını tövsiyə etdi. Bu təklifləri Əhməd şaha çatdırmaq üçün Lozanna şəhərində qalan şahın yanına Türkiyə Xarici İşlər Naziri Tofiq Rüşdü bəy göndərildi. Vəd edilmiş gün Lozannaya gəlmiş iranlı məmurlar Ərfəüddövlə və İranın Parisdəki vəzir-i muxtarı Əmu Kohən də görüşdə iştirak etdilər. Bütün müzakirələr türk dilində gedirdi (Əhməd şah öz ana dili Azərbaycan türkcəsini, fars, rus, fransız dillərini və azacıq ərəb dilini bilirdi).

Türkiyə naziri şaha bildirdi ki: “Atatürk, Tehrana qədər Əlahəzrətin müşayiət edilməsi və oradakı səltənətə qarşı çıxanları işdən uzaqlaşdırılması istiqamətində bir qoşun korpusunu da göndərməyə hazırdır və vəziyyət normallaşdıqdan sonra, Əlahəzrət onu müşayiət edən qoşunun vəzifəsinə xitam versin”. Yəni, Atatürk hakimiyyəti Rza xanın əlindən alıb Əhməd şaha qaytarmağı təklif edirdi. Bu təklifi eşidən Əhməd şahın sifəti dəyişdi və o “sizin türkcənizi başa düşmürəm” dedi. İndiyə qədər türk dilini çox gözəl anlayan şah üçün bu sözlər fransız dilinə çevrildi. Əhməd şah hirslənib dedi: “Atatürkə deyin ki, İran şahı heç vaxt əcnəbi qoşunu ilə öz ölkəsinə qayıtmayacaqdır!”. Bunu deyib, otaqdan çıxdı. Bundan sonra Atatürk Rza xanın (az sonra Rza şah Pəhləvinin) hökumətini tanımaq məcburiyyətində qaldı. Beləliklə də Qacar sülaləsinə və İranda türklərin 1000 hakimiyyətinə son qoyuldu”.

Aşağıdakı fotoda: Əhməd şah Qacar (birinci cərgədə, sağdan birinci) Britaniya Xarici İşlər Naziri lord Kerzonla (birinci cərgədə, ortada).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.